Azərbaycan Velosiped Federasiyası (AzVİF) — Azərbaycanda velosiped idmanının inkişafını və idarə olunmasını həyata keçirən milli idman federasiyasıdır. Federasiya 1997-ci ildə yaradılmışdır.

Federasiya Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) və Avropa Velosipedçilər İttifaqının (UEC) üzvüdür.

Federasiya Azərbaycan Yol Velosipedi üzrə Milli Çempionatını və Tour d'Azerbaïdjan veloyarışını təşkil edir. Bundan əlavə, 2018-ci ildə 2018 UCI BMX Dünya Çempionatına ev sahibliyi etmişdir. Azərbaycan velosipedçiləri 2012–2020-ci illərdə keçirilən UCI Yol üzrə Dünya Çempionatında müntəzəm olaraq iştirak etmişlər. İnfrastrukturu

Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə velosiped idmanı üçün müasir infrastrukturun yaradılması və beynəlxalq yarışların keçirilməsidir. Federasiyanın yenidən təşkilindən sonra 2012-ci ildə Bakıdakı Respublika Velotrekində geniş yenidənqurma işlərinə başlanılmışdır. Trekin beton örtüyü yenilənmiş, inzibati bina, mini-futbol meydançası, BMX velosipedçilərinin hazırlığı üçün Pump Park, su anbarları və digər yardımçı obyektlər inşa edilmişdir.

Federasiyanın beynəlxalq fəaliyyətində mühüm mərhələlərdən biri 2012-ci ildə Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqviminə daxil edilmiş ilk beynəlxalq velosiped yarışının keçirilməsi olmuşdur. 23 yaşadək velosipedçilər arasında təşkil edilən yarışdan bir il sonra Tour d'Azerbaijan çoxmərhələli veloyarışı keçirilməyə başlanılmışdır. Yarış 2013-cü ildə UCI-nin 2.2 kateqoriyasını almış, 2014-cü ildə isə 2.1 kateqoriyasına yüksəldilmişdir. Bundan sonra yarışda kontinental komandalarla yanaşı pro-kontinental səviyyəli peşəkar komandaların da iştirakı mümkün olmuşdur.

Bakı şəhərində yaradılmış BMX Veloparkı da federasiyanın beynəlxalq yarışların təşkili istiqamətində fəaliyyətinin mühüm hissəsini təşkil etmişdir. Velopark 2015-ci il Avropa Oyunları zamanı BMX yarışlarının keçirildiyi məkanlardan biri olmuşdur. 2018-ci ildə isə Bakı həmin idman növü üzrə UCI BMX Dünya Çempionatına ev sahibliyi etmişdir. UCI-nin məlumatına görə, yarışın keçirildiyi BMX infrastrukturu beynəlxalq standartlara uyğunlaşdırılmış və çempionatın təşkili üçün yenilənmişdir.

2018-ci il dünya çempionatında dünyanın 100-dən çox ölkəsindən 1500-dən artıq idmançı iştirak etmişdir. Bu yarış Azərbaycanın BMX üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarını nümayiş etdirməklə yanaşı, ölkədə bu velosiped növünün inkişafı baxımından da əhəmiyyətli hadisə olmuşdur.

Federasiya uşaqların və gənclərin velosiped idmanına cəlb edilməsini də fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirir. Bu məqsədlə idmançıların Olimpiya Oyunlarına və digər beynəlxalq yarışlara hazırlanması, eləcə də velosiped idmanının ölkə ərazisində daha geniş yayılması istiqamətində proqramlar həyata keçirilir. İstinadlar

Kateqoriya:Azərbaycanda velosiped idmanı