"Münafiqun" (, , təkcə ) — islam dinində, "Qurani-Kərim"də xaricən özlərini müsəlman kimi göstərən, daxilən isə küfrü gizlədərək fəal şəkildə müsəlman icmasını zəiflətməyə çalışan qrup. Münafiq cəmiyyət arasında və ictimaiyyət qarşısında müsəlman olduğunu nümayiş etdirən, lakin qəlbində və ya İslamın düşmənləri arasında İslamı rədd edən və ya onun əleyhinə çıxış edən şəxsdir. Münafiqliyin özü isə "nifaq" () adlandırılmışdır.

Növləri İslamda münafiqliyin müxtəlif təzahür formaları fərqləndirilmişdir. Həqiqi imana münasibətdə Allaha qarşı münafiqlik "Qurani-Kərim"in Bəqərə surəsinin 8-ci və 14-cü ayələrində öz əksini tapmışdır. İmanın əsaslarına qarşı münafiqlik hallarında isə şəxs Allaha, Qiyamət gününə, haqq-hesaba, əməllərin tərəzidə çəkilməsinə və cəhənnəm əzabına inandığını bəyan etməsinə, hətta Allahdan qorxduğunu iddia etməsinə baxmayaraq, əməli müstəvidə bu qorxunu nümayiş etdirmir və günah işləməkdən çəkinmir. Əməllərdə münafiqlik dini baxımdan vacib sayılan vəzifələrin və əməllərin lazımi qaydada yerinə yetirilməməsində təzahür edir. Başqalarına qarşı münafiqlik isə şəxsin ikiüzlü və ikidilli davranması ilə səciyyələnir; belə ki, o, bir kəsi üzünə qarşı təriflədiyi halda, arxasında onu pisləyir, ona əzab və zərər vurmağa çalışır. Müqəddəs anlayışlara münasibətdə münafiqlik hallarına gəldikdə, münafiqin en böyük əlamətlərindən biri "Vallah" ("Allaha and olsun"), "Tallah" ("Allah haqqı") və "Billah" ("Allah ilə/haqqı") kimi dini andlardan məsuliyyətsizcəsinə istifadə etməsidir.

Hədis Abdullah ibn Əmirdən rəvayət olunmuşdur ki, Allahın Rəsulu (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: "Dörd əlamət vardır ki, kimdə onlar olarsa, tam bir münafiq olar və kimdə bunlardan biri olarsa, onu tərk edənədək özündə münafiqlikdən bir xüsusiyyət daşıyar: (1) danışdıqda yalan söyləyər; (2) əhd bağladıqda xəyanət edər; (3) vəd verdikdə vədinə xilaf çıxar; (4) mübahisə etdikdə isə həddi aşaraq haqsızlıq edər".

"Quran"da "Qurani-Kərim"də münafiqlər haqqında bəhs edən çoxlu ayələr mövcuddur və onlar müsəlmanlar üçün islamın ən pis qeyri-müsəlman düşmənlərindən də daha təhlükəli hesab olunurlar. "Quran"da münafiqlər müsəlmanlara qarşı sədaqətsizliklərinə görə şiddətlə qınanmışlar. Onlar saxta bir bağlılıq nümayiş etdirərək islamı daxildən sarsıtmağa çalışan şəxslər kimi təsvir edilmişlər. Tövbə surəsinin 107–108-ci ayələrinə əsasən, hətta onların tikdiyi bir nifaq məscidi də var idi. Bu məscid Məhəmməd peyğəmbər tərəfindən yandırılmışdır. "Quran"ın 63-cü surəsi "əl-Münafiqun" adlanır. Bu surə münafiqlik təzahüründən bəhs edir, ikiüzlülüyü tənqid edir və münafiqləri məkum edir. Mədinə münafiqlərinin xəyanəti ifşa olunaraq məzəmmət edilir. Məhəmməd peyğəmbərə münafiqlərə etibar etməmək barədə xəbərdarlıq edilir. Münafiqlər lənətlənir və rədd edilmiş elan olunurlar. Həmçinin, münafiqlər Mədinədən qovulmaqla hədələnirlər.

İstinadlar

Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam inam və təlimləri Kateqoriya:İslam və digər dinlər Kateqoriya:İslam terminləri Kateqoriya:İslamda günah