İbn Xalaveyh (; ) — Kufə qrammatika məktəbinə mənsub dilçi və qiraət sahəsi üzrə alim.

Bioqrafiyası Tam adı Əbu Abdillah əl-Hüseyn ibn Əhməd ibn Xalaveyh ibn Həmdan əl-Həmədani ən-Nəhvi əl-Lüğəvi olan İbn Xalaveyh, Həmədan şəhərində anadan olmuşdur. Onun doğum tarixinin 903-cü il olduğu güman edilir.

İbn Xalaveyh 926-cı ildə Bağdad şəhərinə yollanmış və burada İbn Mücahid, İbn Düreyd, Niftəveyh, İbn əl-Ənbari, Əbu Ömər əz-Zahid (Qulamu Sələb) və başqa şəxslərə tələbəlik etmişdir.

İbn Xalaveyh Yəmən, Dəməşq, Məyyafəriqin (indiki Silvan), Hüms və Hələbə səfərlər etdi və müəllimliklə məşğul oldu. Çoxlu tələbə yetişdirən İbn Xalaveyhin, yetirmələri arasında Əbüt-Təyyib ibn Qəlbun, Əbu Bəkr əl-Xarəzmi, Səid ibn Səid əl-Fəriqi və başqa şəxslər vardır.

İbn Xalaveyh 980-ci və ya 981-ci ildə Hələb şəhərində vəfat etmişdir.

Onun hansı məzhəbə mənsub olması haqqında mənbələrdə müxtəlif məlumatlar qeyd edilmişdir. O, Zəhəbiyə görə sünni, İbn Həcər əl-Əsqəlaniyə görə də şiə olmuşdur. Bəzi mənbələrdə isə onun hənəfi və ya şafii məzhəbinə mənsub olduğu qeyd edilidir.

İbn Xalaveyh "İrəbül-qiraətis-səb və iləlühə", "əl-Höccə fil-qiraətis-səb", "İrəbu səlasinə surə" (və ya "İrəbu ayət minəl-Quran") və başqa əsərlərin müəllifidir.

İstinadlar Kateqoriya:İran dilçiləri