Əli Mələkuti (; ) — Azərbaycan əsilli İran dini və siyasi xadimi, 2016-cı ildən Ekspertlər Şurasının üzvü, Təbriz imamı Müslüm Mələkutinin oğlu.
Həyatı 1948-ci ildə İranın Qum əyalətinin Qum şəhərində əslən Təbrizdən olan cümə namazı imam-xatib və moizəçi kimi fəaliyyət göstərən müsəlman Müslim Məkəkutinin ailəsində doğulub.
Onun atası görkəmli fəqihlərdən olan Müslüm Məlakuti, anası isə Sərab şəhristanı sakinlərindən olan dindar bir ailədən idi. Atasının Nəcəf şəhərinə köçməsi ilə əlaqədar yeddi yaşında ailəsi ilə birlikdə Nəcəfə köçüb və təhsilinə iranlıların Ələvi mədrəsəsində başlayıb. Sonra təhsilini davam etdirmək üçün o, Nəcəf elmi hövzəsinə daxil olub və hövzə dərslərinin ibtidai mərhələlərini — nəhv, sərf, məntiq və məani-bəyan kimi fənləri — Camiətül-Nəcəf əl-Əşrəf elmi mədrəsəsində o dövrün tanınmış müəllimlərindən öyrənib.
Bundan sonra ədəbiyyat, məntiq, fiqh və üsul-i fiqhin ali səviyyələri, habelə fəlsəfə dərslərini Nəcəf elmi hövzəsinin həmin dövrün müəllim, böyük şəxsiyyət və alimlərindən — Məhəmmədəli Müdərris Əfqani, Qulamrza Baqeri, Şeyx Məhəmmədtəqi Cəvahiri, Şeyx Qulamrza Rəhmani Həmədani, Məhəmmədhadi Mərifət, Seyid Məhəmməd Kalantər və bir sıra digərlərindən — öyrənib. Nəcəfin böyük mərcələrindən olan Ayətullah Möhsün Həkimin əli ilə ruhani libası geyinib.
1968-ci ildə (1347) ailəsi ilə birlikdə İrana qayıdıb və Sərab sakinlərinin təkidi ilə bir müddət atası ilə birlikdə həmin şəhərdə təbliğ və irşad məqsədilə fəaliyyət göstərib. Ancaq Nəcəfə qayıtmaq istəyəndə İraq Bəəs rejimi onun və ailəsinin İraqa səfərinə mane olub, buna görə də doğma şəhəri Qumda məskunlaşıb və elmi-təbliğ fəaliyyətini Qum elmi hövzəsində davam etdirib.
Əli Məlakuti fiqh və üsulun xarici (ali) dərslərində Ayətullahül-üzma Müslüm Məlakuti, Məhəmmədəli Əraki, Seyid Məhəmmədrza Gülpayqani, Mirzə Haşim Amuli, Seyid Kazım Şəriətmədari kimi müəllim və digərlərinin dərslərində iştirak edib.
Elmi hövzələrdə yayılmış ənənəyə uyğun olaraq, təhsil almaqla yanaşı əvvəllər özü keçmiş olduğu dərsləri tələbələrə tədris etməyə başlayıb. 1971-ci ildə (1350) Feyziyyə mədrəsəsində və Höccətiyyə mədrəsəsində Şərhi-Ləmə, Müxtəsər, Rəsail, Məkasib və Kifayəteyn kimi dərsləri tədris edib. Fiqh və üsul mövzuları ilə yanaşı fəlsəfə, kəlam və təfsir tədris etməsi onun müxtəlif hövzə elmlərində geniş elmi əhatəliliyini göstərir.
Hazırda otuz ildən artıq bir müddətdə İslam elmlərini öyrənmək istəyən tələbələr üçün fiqh və üsul-i fiqhin xarici (ali) dərslərini tədris etməsi Əli Məlakutinin elmi keçmişinə aiddir. Dünya miqyaslı elmi mərkəz olan, dünyanın müxtəlif yerlərindən dini elm tələbələrinin təhsili üçün nəzərdə tutulmuş Camiətül-Mustafa əl-Aləmiyyə mərkəzində də elmi fəaliyyət və tədris işi onun proqramlarına daxildir. Fiqh və üsul-i fiqhin xarici dərslərini ərəb dilində tədris etməsi qeyri-iranlı tələbələrin də bu hövzə müəlliminin yüksək elmi bacarığından faydalanmasına səbəb olub.
Bununla yanaşı, Əli Mələkuti hövzələrdə tədrislə bərabər, Azad İslam Universitetlərində elmi heyət üzvü kimi çalışma təcrübəsinə malikdir və altmışıncı illərin əvvəllərində Tehranın Şəhid Beheşti Universitetində, habelə digər universitetlərdə dəvət olunmuş müəllim qismində magistratura və doktorantura səviyyələrində dərs deyib.
İslam İnqilabının qələbəsindən əvvəl atası ilə birlikdə Sərab şəhristanı sakinlərinin və inqilabçı gənclərin bu şəhərdə keçirilən xalq yığıncaqları və nümayişlərində təşkilatlanma və rəhbərlik məsuliyyətini öz üzərinə götürüb, atəşli çıxışları ilə Pəhləvi rejiminin fəsadlarını ifşa və işıqlandırmaqla məşğul olub və dəfələrlə rejimin kəşfiyyat və təhlükəsizlik təşkilatının təqib və hədəsi ilə üzləşib.
Qum Həvzəsini bitirdikdən sonra din xadimi kimi karyerasına başlayıb.
O İslam İnqilabının qələbəsindən sonra elmi və təbliğ fəaliyyətini davam etdirmək üçün Quma qayıdıb, ancaq Seyid Ruhullah Xomeyninin tövsiyəsi və təkidi ilə, onun birbaşa göstərişi ilə Sərab şəhərinə qayıdıb və Sərab şəhristanı İslam İnqilabı Komitəsinin məsuliyyətini öz üzərinə götürüb. İnqilabçı qruplar və gənclərlə əməkdaşlıq edərək həmin şəhərdə digər inqilabi qurumların da yaradılmasına nail olub.
Əli Məlakuti, baş katibi Seyid Məhəmmədhüseyn Beheşti olan İslam Respublikası Partiyasının yaradılması ilə həmin partiyanın üzvü olub və İslam Şurası Məclisinin birinci və ikinci çağırışlarında Sərab xalqının nümayəndəliyini İslam Şurası Məclisində həyata keçirib. Bundan sonra şəhərin ağsaqqal və böyüklərinin xahişi ilə dağılmaq üzrə olan həmin şəhərin Azad İslam Universitetinin yenidən qurulması məsuliyyətini öz üzərinə götürüb və Sərab Vahid Azad İslam Universitetinin tikilib qurulması istiqamətində tədbirlər görüb.
Azad Universitetdəki məsuliyyət dövründən sonra Qum şəhərinə qayıdaraq elmi fəaliyyətini davam etdirib. Hazırda İranlı və qeyri-iranlı, elm öyrənməyə maraqlı tələbələrə fiqh və üsul-i fiqhin xarici dərslərini tədris edən müəllim kimi çalışır, həmçinin Şurayi-Nigəhban fiqhi məşvərət məclisinin üzvü və Şərqi Azərbaycan əyalətindən Rəhbərlik Ekspertləri Məclisinin nümayəndəsi qismində fəaliyyət göstərir.
24 may 2016-cı ildə Mələkuti səsvermənin nəticələrində səslərin 38,46%-ni toplayaraq Şərqi Azərbaycan əyalətindən İran Ekspertlər Şurasının üzvü seçilib. O, ümumilikdə 1.790.789 səsdən 688.700 səs toplayaraq Təbriz şəhristanından birinci, Şərqi Azərbaycan əyalətindən isə Möhsün Müctəhid Şəbüstəridən sonra ikinci nəfər olaraq, Ekspertləri Məclisinə daxil olmağa nail olub. O, həmçinin Nəzarətçilər Şurasının fiqhi məşvərət məclisinin üzvüdür.
İstinadlar
Kateqoriya:Vikipediya:Vikiverilənlərdə Azərbaycan dilinə tərcümə olunmamış elementlər olan məqalələr Kateqoriya:Qumda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1948-ci ildə doğulanlar Kateqoriya:İran azərbaycanlıları