Spartak İttifaqı () — Birinci Dünya müharibəsi illərində Almaniya İmperiyasında fəaliyyət göstərmiş inqilabi, marksist və antimilitarist siyasi təşkilat. Təşkilat Karl Libknext, Roza Lüksemburq, Klara Setkin, Frans Merinq Leo Yoxiqes və Vilhelm Pik kimi solçu sosial-demokratlar tərəfindən təsis edilmişdir.
İttifaq adını eramızdan əvvəl 73–71-ci illərdə Qədim Romada iri qul üsyanına rəhbərlik etmiş Spartakın adından götürmüşdür. Təşkilat 1918-ci il Noyabr inqilabında fəal iştirak etmiş və 1 yanvar 1919-cu ildə Almaniya Kommunist Partiyasının (KPD) əsasını qoymuşdur.
Tarixi
Yaranması və "Beynəlxalq Qrup"
4 avqust 1914-cü ildə Birinci Dünya müharibəsi başladığı zaman Almaniya Sosial-Demokrat Partiyasının (SPD) Reyxstaqdakı fraksiyası müharibə kreditlərinin lehinə səs vermiş və Almaniya İmperatorluğu hökuməti ilə "mülki sülh" () sazişi bağlamışdır. Bu addım partiyanın sol qanadında böyük narazılığa və parçalanmaya səbəb olmuşdur.
Həmin gün Roza Lüksemburq, Karl Libknext, Klara Setkin və Frants Merinq kimi xadimlər müharibəyə və SPD rəhbərliyinin "xəyanətinə" etiraz olaraq gizli "Beynəlxalq Qrup"u () təsis etmişdirlər. 2 dekabr 1914-cü ildə Karl Libknext Reyxstaqda hərbi kreditlərin əleyhinə səs verən yeganə deputat olmuşdur.
"Spartak məktubları" və təşkilatlanma
1916-cı ilin yanvar ayından etibarən qrup gizli şəkildə "Spartak məktubları" () adlı qeyri-qanuni bülletenlər dərc etməyə başlamışdır. Bu nəşrlərə görə hərəkat xalq arasında "Spartakçılar" () kimi tanınmağa başlamışdır. 27 yanvar 1916-cı ildə təşkilat rəsmən "Spartak Qrupu" adını almışdır.
1 may 1916-cı ildə Karl Libknext tərəfindən Berlində keçirilən anti-militarist nümayişdə "Müharibəyə ar olsun! Hökumətə ar olsun!" şüarları səsləndirilmişdi. Bu çıxışdan sonra Libknext həbs olunmuş və 4 il azadlıqdan məhrum edilmişdi. Tezliklə Roza Lüksemburq və Leo Yoxiqes də daxil olmaqla təşkilatın əsas liderləri həbsə atılmışdırlar.
1917-ci ildə SPD-nin müharibə əleyhinə olan mərkəzçi və sol qanadı ayrılaraq Almaniya Müstəqil Sosial Demokrat Partiyasını (USPD) yaratdıqda, Spartak Qrupu muxtar inqilabi qanad kimi USPD-yə daxil olmuşdur.
Noyabr inqilabı və Almaniya Kommunist Partiyasının yaranması
1918-ci il Noyabr inqilabının başlanması ilə bütün siyasi məhbuslar, o cümlədən Spartak liderləri azadlığa buraxılmışdır. 11 noyabr 1918-ci ildə təşkilat özünü ümumalman "Spartak İttifaqı" () kimi elan etmiş və 9 noyabrdan etibarən rəsmi mətbuat orqanı olan "Die Rote Fahne" ("Qırmızı bayraq") qəzetini nəşr etməyə başlamışdır.
9 noyabr 1918-ci ildə Karl Libknext Berlin Kral Sarayının balkonundan "Azad Sosialist Almaniya Respublikası"nı () elan etmişdir. Lakin imperialist ordu rəhbərliyi ilə ittifaq yaradan Fridrix Ebert rəhbərliyindəki SPD hökuməti parlamentar respublika modelini üstün tutmuşdur.
Spartak İttifaqı kapitalizmin tamamilə ləğv edilməsini, fəhlə və əsgər şuralarının hakimiyyətə gəlməsini və Almaniyada Şura Respublikasının yaradılmasını tələb edirdi. 30 dekabr 1918 – 1 yanvar 1919-cu il tarixlərində Berlində keçirilən assambleyada Spartak İttifaqı Bremen Sol Radikalları ilə birləşərək Almaniya Kommunist Partiyasını (KPD) təsis etmişdir.
Spartakçılar üsyanı və liderlərin qətli
1919-cu ilin yanvar ayında Berlində SPD hökumətinin polismeyster Emil Eyxhornu vəzifəsindən kənarlaşdırmasına etiraz olaraq kütləvi fəhlə tətilləri başlanmışdı. Bu hadisələr "Spartakçılar üsyanı" () kimi tarixə düşmüşdür. KPD və USPD-nin bəzi nümayəndələri silahlı üsyan komitəsi təşkil etmişdirlər.
Lakin Daxili İşlər Naziri Qustav Noskenin əmri ilə sağçı militarist hərbi dəstələr — Fraykor () üsyanı qanla yatırtmışdır. 15 yanvar 1919-cu ildə KPD və Spartak İttifaqının ideoloji liderləri Karl Libknext və Roza Lüksemburq Fraykor zabitləri tərəfindən tutularaq işgəncələrlə qətlə yetirilmişdirlər.
Məşhur üzvləri
Karl Libknext Roza Lüksemburq Klara Setkin Frans Merinq Leo Yoxiqes Vilhelm Pik Paul Levi Herman Dunker
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Ottokar Luban, The Role of the Spartacist Group after 9 November 1918 and the Formation of the KPD, in: Ralf Hoffrogge and Norman LaPorte (eds.), Weimar Communism as Mass Movement 1918–1933, London: Lawrence & Wishart, 2017, pp. 45–65. William A. Pelz, The Spartakusbund and the German Working Class Movement, 1914–1919, Lewiston [N.Y.]: E. Mellen Press, 1988. Eric D. Weitz, "'Rosa Luxemburg Belongs to Us!'" German Communism and the Luxemburg Legacy, Central European History, Vol. 27, No. 1 (1994), pp. 27–64 Eric D. Weitz, Creating German Communism, 1890–1990: From Popular Protests to Socialist State. Princeton, NJ: Princeton University Press, 1997 David Priestand, Red Flag: A History of Communism, New York: Grove Press, 2009
Xarici keçidlər
On the Spartacus Programme by Rosa Luxemburg Manifesto of the German Spartacists by Rosa Luxemburg What Does the Spartacus League Want? by Rosa Luxemburg
Kateqoriya:1919-cu ildə ləğv olunan siyasi partiyalar Kateqoriya:1919-cu ildə ləğv olunanlar Kateqoriya:Sosialist təşkilatlar Kateqoriya:Veymar Respublikası Kateqoriya:1916-cı ildə yaradılmış təşkilatlar Kateqoriya:Almaniya imperiyası Kateqoriya:Almaniyada kommunizm Kateqoriya:Almaniyada sosializm Kateqoriya:Almaniyanın siyasi təşkilatları Kateqoriya:II minillikdə Almaniyada yarananlar Kateqoriya:Kommunist partiyaları Kateqoriya:Kommunist təşkilatlar Kateqoriya:Sosializm tarixi