Yəhya ibn Səid əl-Ənsari (; ) — Tabiin nəslinə mənsub hədis alimi və qazı.
Bioqrafiyası 689-cu ildən əvvəl Mədinədə doğulmuşdur. Babası Qeys ibn Əmr ibn Səhl Məhəmmədin tərəfdarlarından idi.
Yəhya ibn Səid əl-Ənsari mədinəli yeddi fəqihdən fiqh, Ənəs ibn Malik, Əli ibn Hüseyn, Əmrə bint Əbdürrəhman, Əbu Sələmə ibn Əbdürrəhman ibn Əvf, Zöhri və başqalarından hədis öyrənmişdir.
Yəhya ibn Səid əl-Ənsaridən Hişam ibn Urvə, Əyyub əs-Sixtiyani, Malik ibn Ənəs, İbn İshaq, Süfyan əs-Səvri, Həmmad ibn Sələmə, Əvzai, Həmmad ibn Zeyd, Abdullah ibn Mübarək, Əbu Yusif, Süfyan ibn Uyeynə, Yəhya əl-Qəttan, İbn Cüreyc və başqa şəxslər hədis rəvayət etmişlər.
O, Mədinə və Haşimiyyədə qazı, Tunisdə isə zəkat amili vəzifələrini icra etmişdir. Onun Bağdad şəhərində qazı işlədiyi də rəvayət olunmuşdur.
Yəhya ibn Səid əl-Ənsari hədis tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmiş və onun rəvayət etdiyi hədislər "Mə rəvahül-əkəbir ən Malik ibn Ənəs və Yəhya əl-Ənsari və İbn Cüreyc" adlı əsərə daxil edilmişdir. Bu əsərin bir nüsxəsi Zahiriyyə kitabxanasında saxlanılır. Onun rəvayət etdiyi hədislərə "Kütubi-sittə"də də rast gəlinir.
Yəhya ibn Səid əl-Ənsari qazı işlədiyi Haşimiyyədə (Kufə yaxınlığı) vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Əzd qəbilələri