Avropa inteqrasiyası və ya Avrointeqrasiya — Avropada yerləşən dövlətlərin tamamilə və ya qismən siyasi, hüquqi, iqtisadi, mədəni inteqrasiyası prosesi. Avrointeqrasiya əsasən Avropa İttifaqı və Avropa Şurası vasitəsilə həyata keçirilir.
Siyasi elmdə Avrointeqrasiya anlayışının müəyyənləşdirilməsinə dair bir neçə yanaşma mövcuddur: hökumətlərarası, institusional və kommunikativ yanaşmalar. Hökumətlərarası yanaşmanın tərəfdarları inteqrasiya prosesində milli dövlətlərə üstün rol verirlər. Dövlətlərin hökumətlərarası səviyyədə qarşılıqlı fəaliyyəti nəticəsində ümumi institutların yaranmasına təsir göstərən xüsusi mühit formalaşır. İnstitusional yanaşma çərçivəsində (Ernst Haas) Avropa inteqrasiyası institutların qarşılıqlı fəaliyyətinə dair milli təcrübələrin transformasiyası prosesi kimi nəzərdən keçirilir. Bu proses çoxsaylı qərar qəbuletmə mərkəzlərinə malik xüsusi çoxsəviyyəli idarəetmə sisteminin (governance) yaradılmasına gətirib çıxarır. Kommunikativ yanaşma Avropa inteqrasiyasını müxtəlif sahələrdə üzvlər arasında səmərəli qarşılıqlı fəaliyyət vasitəsilə sosial birliklərin yaradılması prosesi kimi izah edir. Nəticədə, siyasi amillərin yeni siyasi mərkəzin yaradılmasına yönəldiyi təhlükəsizlik icması formalaşır. Məhz bu siyasi mərkəz iştirakçıların fəaliyyətini əlaqələndirməlidir.
Tarix thumb|345x345px|AİB-in qurucuları
Avropa xalqlarının birliyinin yaradılması haqqında düşünən ilk şəxslərdən biri 1923-cü ildə «Pan-Avropa» manifestini yazmış Rixard Nikolaus Kudenhove-Kalergi olmuşdur. Onun ideyaları Aristid Briana təsir göstərmişdir. Brian 1929-cu il sentyabrın 8-də Millətlər Liqasında Avropa İttifaqının yaradılmasını müdafiə edən nitq söyləmiş, 1930-cu ildə isə Avropa Federal İttifaqının təşkili haqqında memorandum hazırlamışdır.
İkinci Dünya müharibəsinin sonlarına doğru qitədəki siyasi şərait Avropa dövlətlərinin birliyinin yaradılması üçün əlverişli olmuşdur. Bir çoxları bu birliyi qitəni sıxışdıran millətçiliyin ifrat formalarından xilas olmağın yolu hesab edirdilər.
Uinston Çörçill 1946-cı il sentyabrın 19-da Sürixdə söylədiyi məşhur nitqində ABŞ nümunəsində Avropa federasiyasının yaradılmasına çağırmış və Avropanın birləşdirilməsi istiqamətində ilk addımın Fransa ilə Almaniya arasında barışığın və tərəfdaşlığın qurulması olduğunu bildirmişdir. Çörçill belə hesab edirdi ki, keçmişdə baş vermiş hadisələrə görə qisas almaq cəhdlərindən əl çəkmək, keçmişin dəhşətlərinə arxa çevirmək və gələcəyə yönəlmək lazımdır. Onun fikrincə, Avropa xalqları ailəsinin yenidən qurulması Fransa ilə Almaniya arasında tərəfdaşlığın yaradılmasından başlamalı idi.
1948-ci ildə Qərbi Avropa İttifaqı, 1949-cu ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa Şurası kimi təşkilatlar yaradıldı.
1950-ci il mayın 9-da qəbul edilmiş Şuman bəyannaməsi Paris Müqaviləsinin imzalanmasına və Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılmasına yol açdı. Birliyə Belçika, İtaliya, Lüksemburq, Niderland, Almaniya və Fransa daxil oldu. Sonralar «Avropa altılığı» adlandırılan bu dövlətlər Avropa inteqrasiyasının əsas hərəkətverici qüvvəsinə çevrildilər. Həmin il ABŞ-ın vasitəçiliyi ilə Avropa Ödəniş İttifaqı yaradıldı.
1952-ci il mayın 27-də həmin altı dövlət Avropa Müdafiə Birliyinin yaradılması haqqında müqavilə imzaladı. Həmin il sentyabrın 10-da isə Avropa Siyasi Birliyinin yaradılmasını nəzərdə tutan müqavilənin hazırlanmasına başlanıldı. Lakin 1954-cü ildə Fransa Milli Assambleyası Avropa Müdafiə Birliyinin yaradılması haqqında müqaviləni rədd etdi. Bundan sonra Avropa Siyasi Birliyinə dair müqavilənin hazırlanması da dayandırıldı. Beləliklə, 1950-ci illərin əvvəllərində «Avropa altılığı»na daxil olan dövlətlər müdafiə və siyasi sahələrdə inteqrasiyaya başlaya bilmədilər. Bununla belə, inteqrasiya digər sahələrdə, ilk növbədə, iqtisadi sahədə inkişaf etməyə davam etdi.
1957-ci il martın 25-də həmin altı dövlət Avropa İqtisadi Birliyinin (AİB) və Avropa Atom Enerjisi Birliyinin (Euratom) yaradılması haqqında müddətsiz iki müqavilə imzaladı. Bu müqavilələr 1958-ci il yanvarın 1-də qüvvəyə mindi. AİB-in məqsədi «altılıq» ölkələri arasında gömrük ittifaqı yaratmaq, sonradan isə ümumi bazara keçidi təmin etmək idi. Bu, malların, fiziki şəxslərin, xidmətlərin və kapitalın sərbəst hərəkətinə şərait yaratmalı idi.
1965-ci il aprelin 8-də Avropa birliklərinin vahid Şurasını və Komissiyasını təsis edən Birləşmə Müqaviləsi — Brüssel Müqaviləsi imzalandı. Bununla Avropa Kömür və Polad Birliyi, Euratom və Avropa İqtisadi Birliyi vahid təşkilati strukturda birləşdirildi. Müqavilə 1967-ci il iyulun 1-də qüvvəyə mindi. Müqaviləyə əsasən, gömrük rüsumlarının tədricən azaldılmasına başlanıldı. 1968-ci ildə birlik daxilində ticarət gömrük rüsumlarından azad edildi. Daha iki il sonra ticarət siyasəti AİB-in səlahiyyətlərinə verildi və bununla da regionda gömrük ittifaqının yaradılması başa çatdı. Ümumilikdə, 1950–1960-cı illərdə Avropa inteqrasiyası sürətlənirdi.
1973-cü ildə Böyük Britaniya, Danimarka və İrlandiya birliyə qoşuldular. Bunun nəticəsində Avropa İttifaqının ümumi daxili məhsulu (ÜDM) 30 faizdən çox artdı. 1970-ci illərin ikinci yarısında həmin ölkələrdə baş verən siyasi dəyişikliklər fonunda Yunanıstan, Portuqaliya və İspaniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlara başlanıldı. Yunanıstan 1981-ci ildə Avropa İttifaqının onuncu üzvü oldu, İspaniya və Portuqaliya isə 1986-cı ildə birliyə qoşuldular. 1986-cı ilin fevralında Avropa İttifaqına üzv dövlətlər 1992-ci ilədək vahid daxili bazarın yaradılmasını nəzərdə tutan Vahid Avropa Aktını imzaladılar.
1992-ci il fevralın 7-də isə Avropa İttifaqı haqqında Müqavilə imzalandı. Bu müqavilə Avropa İttifaqının institutlarının səlahiyyətlərini genişləndirdi.
Həmçinin bax
Avropa İttifaqının genişlənməsi Avropa skeptisizmi
İstinadlar
Kateqoriya:Avrointeqrasiya Kateqoriya:Avropa İttifaqında siyasət