Nemətullah Naxçıvani (tam adı: Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani; ) — mənşəcə Azərbaycan türklərindən olan sufi alimi. Xacə Məhəmməd Parsanın məşhur tələbələrindəndir. Nemətullah Naxçıvani nəqşibəndilik təriqətinin Azərbaycanda ilk təmsilçilərindən olmuş, məşhur mütəfəkkir, ilahiyyatçı, hüquqşünas kimi tanınmışdır.
Həyatı Naxçıvanda anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik almışdır.
1498-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə qalaraq, orada Dədə Ömər Rövşəni ilə görüşmüşdür.
Sultan Bəyazidin zamanında (1481-1512) Anadoluya getmiş, Karaman vilayətinin Akşehir şəhərində yaşamış, şöhrət tapmışdır. Akşehirlilər arasında Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Akşehirdə uzun illər elmə xidmət etmiş və çox sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.
Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə" adlı məşhur əsərində onun haqqında "ülumi-rəbbaniyə mütəbahhir əsrari-ilahiyyə dəryalarına qəriq" () – dediyi Nemətullah Naxçıvani təfsir elmində təsəvvüfi təfsirlər arasında mühüm bir yerə sahib olan "əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə" adlı əsərin müəllifidir. O, bu təfsiri daha öncə yazılmış təfsirlərə müraciət etmədən, öz biliyi əsasında yazması ilə məşhur olmuşdur. Bunlardan başqa, Hidayət-ül-İxvan və Risalət-ül-Vücud adında təsəvvüflə əlaqədar iki risaləsi vardır. "Fəvatih-ul-İlahiyyə" adlı təfsirinin öz əlyazısıyla olan nüsxəsi Topqapı sarayında III Əhməd Xan kitabxanasında saxlanılır. Həmin təfsir 1908-ci ildə, Mətbey-i Osmaniyyədə iki cild halında çap olunmuşdur. Naxçıvani bu əsərini, 1498-ci ildə, Ramazani Şərif ayının ortalarında tamamlamışdır.
Nemətullah Naxçıvaninin bu əsəri o qədər diqqəti cəlb etmişdir ki, XIX əsrdə İstanbul üləması aralarında pul toplayaraq bu əsəri (əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə) nəşr etdirmişdir.
Nemətullah Naxçıvani Qazı Beyzavinin "Ənvarüt-tənzil" adlı təfsirinə və Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərlərinə də şərhlər yazmışdır. "Hədiqətül-ixvan" adında təsəvvüfi bir əsəri də olan Nemətullah Naxçıvani 1514-cü ildə Akşehirdə vəfat etmişdir. Türbəsi bir neçə dəfə təmir olunmuşdur. Məhəmmədəli Tərbiyət isə onun ölüm tarixini 1497 olaraq qeyd etmişdir.
Türbəsi Nemətullah Naxçıvaninin qəbri akşehirlilərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Əsasən də ziyarətçilər hər il may ayının 4-5-ində – Xıdırəlləz bayramı günlərində məzarın ətrafında toplaşaraq, dualar, diləklər edirlər.
Qəbrin olduğu türbə Türkiyədəki Akşehirdə – vaxtilə Köycəcəyiz məhəlləsində, hazırda isə Çimənli məhəlləsi adlanan ərazidə – Təkkə kəndinə gedən yolun sağında, Akşehir çayının solunda yerləşir. Bir neçə dəfə təmir edilmiş bu türbənin önündə bir hovuz olmuşdur. Lakin sonradan türbə inşaatı ləğv olunaraq, sərdabə normal məzar şəklinə salınmışdır.
Onun məzar sənduqəsində böyüklü-kiçikli 5 ayrı daş kitabə vardır. İkinci daşın kitabəsində belə yazılmışdır:
"Ey dost. Kibari-əhlullahdan və müfəssirini-izamdan xacə Nimətullah kuddisə həzrətlərinin mübarək, nurlu qəbirləridir”.
Üçüncü daşın kitabəsində isə 5 beytdən ibarət şeir yazılmışdır. Bu şeirin ilk misrası belədir:
"Həqiqət(ən) sərəfraz övliyadır Həzrət Nemət baba”
Xatirəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 29 oktyabr 2018-ci ildə "Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında" Sərəncam imzalamış və onunla əlaqədar Tədbirlər planını təsdiq etmişdir"Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 29 oktyabr 2018-ci il tarixli Sərəncamı . Həmin Tədbirlər planına uyğun olaraq, 5-7 iyul 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Naxçıvanda "Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani" mövzusunda beynəlxalq konfrans keçirilmişdir"Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani" mövzusunda beynəlxalq konfrans keçiriləcək . edumap.az . Müasirləri və sonrakı müəllifləri Baba Nemətullah Naxçıvaninin həm Quranın təfsirinə, həm də təsəvvüfə dair əsərlərini yüksək qiymətləndirmişlər. Əhməd Daşköprüzadə (1495-1599) onu "Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri" kimi yad etmişdi, "İlahi açmalar və qeybi açarlar" traktatı haqqında demişdir: "O, Quranın digər təfsirlərinə müraciət etmədən ona təfsir yazmış, orada bir çox şəxslərin dərk etmədiyi incəlikləri və həqiqətləri fəsahətli ibarələrlə və bəlağətli tədbirlərlə aydınlaşdırmışdır". Quranın təfsirinə dair tarktatlarında hüquq və ilahiyyat məsələlərini araşdıran Baba Nemətullah Naxçıvani sufi-fəlsəfi əsərlərində İbn Ərəbi və Mahmud Şəbüstərinin panteist mövqeyindən çıxış etmişdir. Hazırda Türkiyənin Konya ilindəki Akşehir şəhərində bir küçəyə onun adı verilib; şəhər mərkəzində isə Nemətullah Naxçıvani adını daşıyan məscid və orta məktəb fəaliyyət göstərirƏbülfəz Quliyev. Nemətullah Naxçıvani və Anadolu elləri . 525.az, 15.12.2018 .
2003-cü ildə Konya valiliyinin təşəbbüsü ilə Akşehirdə onun adına məktəb tikilmişdirBaba Nemətullah Naxçıvaniyə həsr olunan elmi konfrans keçirilib . science.az, 19.09.2018 .
Əsərləri Hidayətül-ixvan Şərhi-əsrarin-nöqtə Təhqiqat Vücudiyyə Məcmuai-lətaif Hidayə Nikat Mükaşəfə Əsilə vəl əcibə
İstinadlar
Xarici keçidlər
Nemətullah Naxçıvani və Azərbaycan elləri Nemətullah Naxçıvani və orta əsrlər İslam mədəniyyəti” Baba Nemətullah Naxçıvani kimdir? –Araşdırma Böyük nüfuza malik olan elm xadimi - Baba Nemətullah Naxçıvani
Həmçinin bax Azərbaycanda təsəvvüf Nəqşibəndilik Quran
Kateqoriya:Azərbaycanlı din adamları Kateqoriya:Türk din adamları Kateqoriya:Sufilər Kateqoriya:XV əsr filosofları Kateqoriya:XVI əsr filosofları Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Türkiyədə vəfat edənlər