Ağaoğlu Səməd Əhməd bəy oğlu () — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur.
Həyatı və siyasi fəaliyyəti Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur.
1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Yaradıcılığı Səməd Ağaoğlunun bədii irsi əsasən 1944–1965-ci illər arasında nəşr olunmuş "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü" adlı məcmuələrdə toplanmışdır. Bundan əlavə, onun on beşə qədər kitabi çap olunmuşdur ki, ("Tanış izlər", "Dostum Menderes", "Sovet Rusiya Imperatorluğu", "İki partiya arasında fərqlər", "Demokrat partiyasını doğuluş və yüksəliş səbəbləri", "Qüvveyi-milliyyə ruhu" və s.) bunlar başlıca olaraq ədəbi-tənqid, siyasi-hüquqi araşdırmalar, xatirələr və səyahətnamələrdən ibarətdir.
Səməd Ağaoğlu dəmir pərdənin hökm sürdüyü ən çətin dövrdə — 1967-ci ildə Azərbaycana gəlmiş, "Sovet Rusiya İmperatorluğu" kitabının fəsillərindən birini doğma vətəninə həsr etmişdir.
Səməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan və bu gün Azərbaycan ədəbi-nəzəri fikri üçün aktuallıq kəsb edən əsərləri atası Əhməd bəy Ağaoğlu haqqında xatirələridir. "Atamı xatırlarkən" və "Atamın dostları" adlı iki kitabdan ibarət bu xatirələr Türkiyədə nəşr olunmuşdur.
Ölümü Səməd Ağaoğlu 1982-ci ilin avqust ayının 6-da, 73 yaşında vəfat etmişdir.
Ailəsi Əhməd bəy Ağaoğlunun oğludur.
İstinadlar
Kateqoriya:Ağaoğlular Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türk siyasətçilər Kateqoriya:Türk yazıçılar Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə nazirləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan mühacirət ədəbiyyatı Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:TBMM X çağırış deputatları Kateqoriya:TBMM XI çağırış deputatları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Bakı yazıçıları Kateqoriya:XX əsr Türkiyə yazıçıları