Akif Qədir oğlu İslamzadə () — Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Mahnı Teatrının, Azərbaycan Televiziyası və Radiosunun Estrada Simfonik Orkestrinin və Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin keçmiş solisti.

Həyatı Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır. 1956-1966-cı illərdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 44 nömrəli tam orta məktəbdə təhsil alıb. 1966–1968-ci illərdə Moskvada hərbi xidmətdə olmuşdur. 1974-1979-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. İxtisasca istehlakçı mühasibdir. 1982-ci ildə ailə həyatı qurub və bu nigahdan Ayxan adlı bir oğlu dünyaya gəlib.

1972-ci ildə Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşovun bədii rəhbəri olduğu "Xatirə" xalq çalğı alətləri ansamblının müşayiəti ilə "Durnalar" və "Girdim yarın bağçasına" mahnıları ilə böyük səhnə fəaliyyətində ilk addımlarını atıb. Elə həmin ildə ifaçılığa Rəşid Behbudovun bədii rəhbəri olduğu Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. İfalarından xalq mahnıları "Girdim yarın bağçasına", "Ay Laçın", "Qaragilə", "Sarı gəlin", "Aman ovçu", "Qara qaşın vəsməsi" və bəstəkar mahnıları "Qurban verərdim", "Fəridəm", "Neyləyim", "Təkcə səndən xoşum gəlir", "Aya baxdım", "Gəl bizim dağlara", "Bura vətəndir", "Hardasan", "Bu gecə", "Sənsən həyatım", "Hər şey gözəldir həyatda" diqqətləri cəlb edib.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

6 may 2016, 1 may 2017 və 9 may 2018-ci ildə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib

120-dən çox mahnının ifaçısıdır.

Bakının Binəqədi rayonu və Badamdar qəsəbəsində Akif İslamzadə adına küçələr var.

Siyasi fəaliyyəti Akif İslamzadə 2005-ci il parlament seçkilərində Azadlıq Blokundan, Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq 57 saylı Kürdəmir seçki dairəsi üzrə deputatlığa vahid namizəd olmuşdur. 2009-cu ildə o partiyasından istefa vermişdir.

Akif İslamzadə ideoloji baxımdan monarxist olduğunu bildirmişdir. O, bəzi Qərbi Avropa ölkələrində olan konstitusiyalı monarxiya sistemini dəstəklədiyini bildirmiş, referendum vasitəsilə ikipalatı sistemin seçilməsi və nəticədə sadəcə parlament seçkilərinin keçirilməsinin uyğun olduğunu qeyd etmişdir. İslamzadənin fikrinə görə, bununla "daxili çəkişmələrə" ayrılan vaxt "təhsilə, mədəniyyətə, səhiyyəyə" yönələcək. O, monarxiyanı "ən düzgün, özünü doğruldan bir sistem" adlandırmışdır. 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

İslamzadə təklif alacağı təqdirdə deputatlığa namizəd olmağı dəyərləndirəcəyini açıqlamışdır.

Filmoqrafiya Qərib cinlər diyarında (film, 1977) Qayınana (film, 1978) Nəğməkar torpaq (film, 1981) Üzeyir ömrü (film, 1981) Evləri köndələn yar (film, 1982) Tənha narın nağılı (film, 1984) Xüsusi vəziyyət (film, 1986) Pəncərədə işıq (film, 1987)

İstinadlar

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Azərbaycanın pop müğənniləri