Amasya sülh müqaviləsi — Səfəvilər ilə Osmanlılar arasında imzalanmış ilk sülh müqaviləsi. 29 may 1555-ci ildə imzalanmışdır. Müqavilə iki dövlət arasında Çaldıran döyüşü (1514) ilə başlayan uzunmüddətli müharibələri yekunlaşdırıb. Müqavilə 1578-ci ilə qədər davam edib və Osmanlıların növbəti dəfə Azərbaycana hücum etməsi ilə pozulmuşdur. Beləki 1578-ci ildə Osmanlı ordusu Amasya müqaviləsinin şərtlərini pozub Səfəvi sərhədlərini keçdi. Bununla da Osmanlı-Səfəvi müharibələrinin 1578–1590 mərhələsi başladı.
Müqavilə ilə Ərəb İraqı Bağdad da daxil olmaqla, Osmanlılara verilmiş, beləliklə Osmanlı dövləti İran körfəzinə daxil olma imkanı əldə etmişdir, Gürcüstan isə iki dövlət arasında bölünmüşdür. Səfəvi dövləti Təbriz də daxil olmaqla, şimal-qərb sərhədlərini qorumağı bacarmışdır.
Arxa planı Osmanlı-Səfəvi rəqabəti XVI əsrin birinci yarısında müharibələrə və sülh dövrünə şahidlik etmişdir. 1501-ci ildə yaradılmış Səfəvi dövləti rəhbərlərinin dini və şəxsi hakimiyyət kultu Anadoludakı bir çox türk tayfalarını özünə cəlb edirdi. Belə bir şəraitdə Osmanlı dövləti buna müharibə və Səfəvilərin ideologiyasının cəfəngliyini sübut etməyə çalışan intelektual əsərlərin yazılması ilə cavab verdi. Osmanlılarla Səfəvilər arasındakı ilk hərbi toqquşma 1514-cü ildə baş vermiş Çaldıran döyüşü oldu. Döyüşdə Osmanlı ordusu qələbə qazandı. Bundan sonra da 4 dəfə Osmanlıların Səfəvi dövlətinə olan hücumları baş verdi. Bu yürüşlər zamanı yandırılmış torpaq taktikasından istifadə edən Şah Təhmasib əsas diqqətini Osmanlı ordusunu ərzaqsız və ləvazimatsız buraxmağa yönəltmişdi. Bundan sonra Səfəvi ordusu əks hücuma keçdi və Osmanlı şəhərlərini, qalalarını yağmaladı. Osmanlı dövlətini narahat edən əsas məqam isə, Səfəvi şahının Anadoludakı türk tayfaları arasındakı nüfuzu idi. Bu səbəbdəndir ki, Osmanlı dövləti Səfəvilərə qarşı aramsız hücumlar təşkil edirdilər. Sonda Sultan Süleymanın yürüşlərindən Bağdad istisna olmaqla, heç biri uğurlu olmadı. 1553-cü ildə Sultan Süleyman Amasya müqaviləsinə yol açacaq sonuncu yürüşünə başladı.
Osmanlı dövlətinin Transilvaniya üstündə Habsburq kralı Ferdinandla yaşadıqları problemdən xəbərdar olan Şah Təhmasib Azərbaycanda və Şərqi Anadoluda itirmiş olduqları torpaqları geri qaytarmaq üçün şans yarandığını düşünməyə başladı. Şah Təhmasib Van gölü hövzəsindəki Ərciş, Əxlat və Adilcəvazı ələ keçirdi. Bu dövrdə Osmanlı ordusu Avropadakı müharibəylə məşğul idi. Bölgədəki Osmanlı ordusunu ruhdan salan digər xəbər isə Ərzurumdan gəldi. Oradakı Osmanlı komandanı İsgəndər Paşa, Təhmasibin oğlu İsmayıl Mirzə ilə döyüşdə gözlənilmədən məğlub olmuşdu. Beləki həm Səfəvi tarixi əsərlərində, həm də Şah Təhmasibin bioqrafiyasında mənfi mənada tez-tez xatırlanan İsgəndər paşanın üzərinə İsmayıl Mirzənin komandanlığı altında ordu göndərilmişdi. Ordunun təminat yükünü azaltmaq üçün ordusunun bir hissəsini tərxis edən və öz hərbi bacarıqlarına güvənərək İsmayıl Mirzə ilə açıq döyüşə girən İsgəndər paşa ağır məğlubiyyətə uğradı və Ərzurum qalasına geri çəkildi.
Bu məğlubiyyətin xəbəri İstanbula çatan kimi Osmanlı hökuməti Səfəvilər üzərinə yeni bir hücuma keçmək və bu problemi tamamilə həll etmək qərarına gəldi. Transilvaniyada Habsburqlar və Macarıstanla döyüşmək üçün göndərilmiş Rüstəm paşa Eger qalasının mühasirəsini yarımcıq dayandıraraq Səfəvilər üzərinə yürüş hazırlıqlarına başladı. Səfəvilərə qarşı yürüşə çıxacaq ordunun başçısı Rüstəm paşa təyin edildi və o, 50 min qapıqulu, yeniçəri və süvaridən ibarət ordu ilə şərqə göndərildi. Ona Rumelidəki və Anadoludakı orduları müharibə üçün təşkil etmək tapşırığı verilmişdi. İlkin plana görə, ehtiyac yaranacağı halda sultan 1553-cü ilin yazında ordu ilə Şərqi Anadoluda birləşməli idi. Lakin sultanın sağlamlığı yaxşı deyildi və Rüstəm paşa Amasya canişini və vəliəhd şahzadə Mustafanın atasının halı pisləşəcəyi halda yeniçərilərə arxalanaraq taxtı ələ keçirə biləcəyindən qorxurdu. Buna görə də, Rüstəm paşa ilkin plana uymayaraq paytaxta daha yaxın ərazilərdə qalmağı üstün tutdu. Bundan sonra Kayseriyə getməyərək, Konyaya doğru yola çıxdı. Konya yolunda ikən yeniçərilər sevimli şahzadələri olan Mustafaya görə ordudan qaçmağa başladılar. Bu barədə sultana xəbər verildikdən sonra, Süleyman ordunu paytaxta geri çağırdı və gələcək yaz yürüşə şəxsən özünün rəhbərlik edəcəyini elan etdi.
Osmanlının yeni yürüşə başlayacağı barədə xəbər Şah Təhmasibə çatdıqdan sonra şah 1552-ci ildə İsgəndər paşa ilə İsmayıl Mirzə arasındakı döyüşdə əsir düşmüş Biqa canişini Mahmud bəyi əsirlikdən azad edərək sultanın yanına sülh danışıqları üçün göndərdi. Ordunun yürüşə hazırlanmasına baxmayaraq, sultan danışıqlar üçün şahın bir səlahiyyətli şəxsi Osmanlıya göndərməsini istədi. Buna cavab olaraq, Şah Təhmasib Seyid Şəmsəddin Dilicaniyə səlahiyyət verərək, sülh danışıqları üçün İstanbula göndərdi. Bu zaman artıq Osmanlı ordusunun yürüş öncəsi hazırlıqları demək olar ki, tamamlanmışdı. Dilicani Osmanlı paytaxtına 19 avqust 1553-cü ildə çatdı və bu zaman yürüş hazırlıqları tamamilə bitmişdi. Sultan və ordusu 28 avqustda paytaxtı tərk etdi və səfirə yolda sultanın ona cavab verəcəyi bildirildi. Yolda olarkən sultan Mustafaya xəbər göndərərək Ereğlidə onunla birləşməsini əmr etdi. Ereğlidə ordunun düşərgə salacağı planlaşdırılmışdı. 1553-cü ilin 5 oktyabr tarixində Mustafa ordusu ilə birlikdə Ereğlinin bir bölgəsi olan Ağtəpəyə çatdı və sultanı salamlamaq üçün onun düşərgəsinə yollandı. Mustafanın qiyam qaldırması iddialarından qəzəblənən Süleyman onun səltənət çadırına girərkən qətlə yetirilməsini əmr etdi. Mustafa ilə birlikdə bayraqdarı və köməkçisi də edam edildi. Sultanı gələcəkdə əvəz edəcəyi gözlənilən, onun oğlanları içində ən sevimlisi və ən bacarıqlısı kimi qəbul edilən Mustafanın edamı bütün ordunun şok olmasına səbəb olmuşdu. Yeniçərilər bunda Rüstəm paşanı ittiham edərək, ona xüsusilə qəzəbli idilər. Gümanki elə buna görə də, sultan ordunun ölmüş döyüş ruhunu yüksəltmək üçün Rüstəm paşanı komandanlıq vəzifəsindən qovdu və yerinə Əhməd paşanı təyin etdi. Bundan sonra ordu Ereğlini tərk etdi və Hələbdə qışlamaq üçün yola düşdü. Buradan gələcək yazda Səfəvi dövlətinə hücum ediləcəyi planlanmışdı. Hələp yolunda olarkən Səfəvi elçisi Dilicani azad edildi və öz dövlətinə yola düşdü. Lakin onun azad edilmə yerinin və vaxtının dəqiq tarixi bilinmir, həmçinin ona şaha çatdırması üçün nə deyildiyi və ya yazdıldığı da dəqiq bilinməməkdədir. Osmanlı qaynaqlarına görə, Dilicani osmanlı düşərgəsini Osmanlının gələcək yaz Səfəvilərə müharibə elan edəcəyi xəbəri ilə tərk etmişdir:
Lakin "Relazione Anonima"nın yazdığına görə, elçi hələ Kayseridə azad edilmiş və ona verilmiş olan məktubda sülh üçün şərtlər yazılmışdır. Şərtlərə isə, Şirvan əyalətinin bölünməsi və xəlifələrin lənətlənməsinə son qoyulması daxil olmuşdur:
Bu baxışa görə, Süleyman sülh yaradılmasını istəmiş və ya ən azından buna cəhd etmiş, ilkin sülh şərtləri ilə müzakirələr başlatmaq üçün elçini şahın yanına yollamışdır. Hadisələrin bu cür təsviri o dövrki fransız elçisinin hesabatları tərəfindən də təstiqlənir. Ona görə, sultan Səfəvi elçisinə Rüstəm paşa ilə ilkin şərtləri müzakirə etməyi tapşırmışdır. Bununla məqsədi bitmək bilməyən və iki tərəfə də xeyir gətirməyən müharibəni bitirmək olmuşdur. 1553-cü ilin 1 noyabr tarixində Osmanlı dövlətində elçi olan Habsburq məmurunun bildirdiynə görə də, İstanbulu ordu ilə tərk etməkdə məqsəd Səfəvilərlə müharibə etmək yox, üsyançı və xaos mənbəyi kimi dəyərləndirilən Şahzadə Mustafanın edamını həyata keçirmək olmuşdur. Venesiyalı Domeniko Trevizanonun da bildirdikləri yuxarıda yazılanları təstiqləyir. Səfəvilər kimi Osmanlı sultanı da sülh imzalamaq istəmişdir. Səfəvi elçisinin birbaşa sülh şərtləri ilə İstanbuldan geri qaytarılmamasının səbəbi isə Süleymanın Mustafa ilə bağlı planlarının təhlükəyə düşə bilmə ehtimalı olmuşdur. Bu yürüş əsnasında Mustafa Süleymanın itirdiyi yeganə övladı olmadı. 29 noyabr tarixində Süleymanın kiçik oğlu Cahangir xəstəlik nəticəsində vəfat etdi. Bundan sonra Süleyman Maraşda ordusu ilə birlikdə qışlayan və sağ qalmış yeganə oğlu Səlimi öz yanına çağırdı. Sultan və onun yeni vəziri yaxın zamanda sülhün imzalanacağından əmin idilər və buna görə də Süleyman oğlu ilə birlikdə Qüdsü ziyarət etməyi planlayırdı. Lakin gözlənilmədən Vandan gələn çapar Qızılbaş şahzadəsi İsmayıl Mirzənin qızılbaş ordusu ilə birlikdə Van qalasına hücum etdiyini, ətraf əraziləri isə çapıb-taladığı xəbərini çatdırdı. Həmçinin çapar Səfəvi elçisinin öz sarayını Mustafanın edamı barədə məlumatlandırdığını və Səfəvi sarayının Osmanlı şahzadələri içində ən cəsur və ağıllı şahzadə kimi qəbul edilən şahzadənin ölümünü bayram kimi qeyd etdiyini bildirdi. Həmçinin, Şah Təhmasib sülh şərtlərini rədd etmiş və sülh üçün Osmanlıların Vandan geri çəkilməsi şərtini irəli sürmüşdü. Bu xəbərlərdən sonra sultan Qüds ziyarətini ertələdi və qışı müharibəyə hazırlaşaraq, oğlu Səlim ilə ov mərasimlərində keçirdi. Təhmasib isə, Van və Vostan istiqamətində irəliləyən İsmayıl Mirzəyə və Sultan Hüseyn Mirzəyə əlavə qızılbaş dəstək bölmələri göndərməyə davam etməkdə idi. Hər iki birləşməyə bütün ərzaqları yandırmaq, Osmanlı ordusunun yararlana biləcəyi hər şeyi məhv etmək tapşırılmışdı. Süleymanın Hələbdə olmasından istifadə edən Təhmasib "yandırılmış torpaq" taktikasını daha da sistemli hala gətirmişdi. İki ayda iki oğlunu itirən və ordusunun döyüş əhval-ruhiyyəsi aşağı düşmüş olan sultan sülh və ya müharibə barədə qərar verməli idi. Qışı bu vəziyyətdə keçirdikdən sonra Diyarbəkirin Çilək bölgəsinə Osmanlı ordusu daxil oldu. Burada sultan adətinin əksinə olaraq, ordu mənsublarından xeyli sayda insanı qəbul etdi və onların problemlərini dinlədi. Sonda çıxışı zaman yaxınlaşan müharibənin əhəmiyyətindən bəhs etdi və ordu üzvlərinə hədiyyələr dağıtdı. Yalnız bunlardan sonra, ordu Səfəvilərlə savaşmaq üçün yola çıxdı.
Sülh üçün ilk təmaslar |thumb|right|I Şah Təhmasib və Moğol hökmdarı Humayun şahın 1543-cü ildə Qəzvindəki görüşü zamanı olan rəsmdən bir görüntü (İsfahandakı "Çəhəl Sütun Sarayı"-nın divarına çəkilmiş rəsm əsəri)