Mədət Qəzənfər oğlu Quliyev () — Azərbaycan hərbi xadimi, Azərbaycanın Milli Qəhrəmanı (1995), general-polkovnik (2018), Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini (2023-cü ildən), Azərbaycan Respublikasının müdafiə sənayesi naziri (2019–2023), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən (oktyabr–dekabr 2015), Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Penitensiar Xidmətin rəisi (2011–2015), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin (2006–2011), Baş Narkotiklə Mübarizə İdarəsinin (2002–2004) və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002).

Həyatı Mədət Quliyev 1958-ci il sentyabrın 27-də hazırkı Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olmuşdur. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.

Sambo üzrə idman ustasıdır. Triatlon idman növü ilə məşğuldur.

Rus, ingilis, alman və türk dillərini bilir.

Ailəli olub. 4 övladı var.

Fəaliyyəti Mədət Quliyev 1982-ci ildə Gəncə şəhərinin "Dinamo" İdman Cəmiyyətində təlimatçı olaraq çalışmışdır. 1983-cü ildən Azərbaycanın daxili işlər orqanlarında xidmətə başlamış, 1993–1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışmışdır. 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası aldığına baxmayaraq, geri çəkilməmiş və cinayətkarların zərərsizləşdirilməsinə nail olmuşdur.

1994–1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsini rəisi vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında keçirilən əməliyyatlar nəticəsində ölkədə formalaşmış bir sıra cinayətkar dəstələr və reket qruplaşmalar məhv edilmişdir. Həmçinin 1994-cü ilin oktyabr ayında Azərbaycanda dövlət çevrilişinə cəhd zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etmişdir.

Mədət Quliyev 1995–1996-cı illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi olmuşdur. 1996–2001-ci illərdə həmin idarənin rəis müavini, 2001–2002-ci illərdə isə rəisi vəzifəsində çalışmışdır. 2002–2004-cü illərdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004–2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi və 2006–2011-ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.

14 fevral 2011-ci ildə Mədət Quliyev ədliyyə nazirinin müavini — Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2015-ci ilin oktyabr ayınadək çalışmışdır. Bu vəzifədə Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli 2552 nömrəli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

20 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və nazir vəzifəsini müvəqqəti icra etmişdir. 14 dekabr 2015-ci ildə yeni yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir. 20 iyun 2019-cu il tarixindən isə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsində çalışmışdır. 18 noyabr 2023-cü ildən Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavinidir.

Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, 26 noyabr 2021-ci il tarixindən 24 aprel 2025-ci ilədək Azərbaycan Velosiped Federasiyasının prezidenti.

Rütbələri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Mədət Quliyevə aşağıdakı rütbələr verilmişdir: Polis general-mayoru ali xüsusi rütbəsi — 30 iyun 2005 Ədliyyə general-leytenantı ali xüsusi rütbəsi — 20 noyabr 2012 General-leytenant ali hərbi rütbəsi — 21 oktyabr 2015 General-polkovnik ali hərbi rütbəsi — 26 sentyabr 2018

Təltif və mükafatları "Azərbaycanın Milli Qəhrəmanı" adı — 26 dekabr 1995 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20 noyabr 2014 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 26 mart 2018 "Avropa xidməti" ordeni (BMT-nin İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) — 13 iyul 2022 "Türk dünyasına və dövlətçiliyinə üstün xidmətlərinə görə" Atatürk beynəlxalq mükafatı — 2022 Xorvatiya Respublikasının Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin medalı

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan ədliyyə general-leytenantları Kateqoriya:Azərbaycan polis general-mayorları Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan Velosiped Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycanın müdafiə sənayesi nazirləri Kateqoriya:Dövlət Təhlükəsizliyi Xidmətinin (Azərbaycan) rəhbərləri Kateqoriya:Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisləri Kateqoriya:Azərbaycan DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisləri Kateqoriya:Azərbaycan DİN Baş Mühafizə İdarəsinin rəisləri