Hacıyev Dəmir Vahid oğlu () — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, zoologiya, paleontologiya, stratiqrafiya, tibbi biologiya sahəsində tanınmış alim.
Həyatı Dəmir Vahid oğlu Hacıyev 29 yanvar 1929-cu ildə Qax rayonunun İlisu kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun atası alim-paleontoloq Hacıyev Vahid Hüseynəli oğlu respublikanın müxtəlif ali təhsil müəssisələrində, eləcə də elmi sovet və partiya idarələrində çalışmışdır. Anası – N. Nərimanovun qardaşı qızı Xanım Salman qızı Nərimanova müəllimə olmuşdur. Dəmir Hacıyev 1946-cı ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1952-ci ildə İnstitutu bitirib uşaq cərrahı ixtisasına yiyələnmişdir.
Elmi fəaliyyəti Dəmir Hacıyev 1961-ci ildə "Eldar bozqırımın üst sarmat hipparion faunası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və bu işinə görə o, biologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Onurğalılar zoologiyası kafedrasında professor vəzifəsinə seçilmiş, 1964-cü ildə professor elmi adını almışdır.
Dəmir Hacıyev 1964-cü ildən əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş və "Ümumi biologiya və genetikanın əsasları" kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1965-ci ildən 1969-cu ilədək kafedraya rəhbərliklə yanaşı, ADTİ-nin elmi işlər üzrə prorektoru olaraq da çalışmışdır. 1967–1968-ci illərdə D. Hacıyev Səhiyyə Nazirliyinin Elmi Şurasının sədri, 1968–1970-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunun Paleobiologiya şöbəsinin müdiri olmuşdur.
Azıx mağarasında tapılan alt çənə sümüyünün insan təkamülündə yerini Dəmir Hacıyev müəyyən edib. O çənə sümüyünün 350–400 min il əvvəl yaşamış 18–22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirmişdir.
Qeyri-adi tədqiqat və təşkilati keyfiyyətlərə malik olan Dəmir Hacıyev Azərbaycan EA Geologiya İnstitutunun təkamül paleontologiyası laboratoriyasının rəhbərliyi ona həvalə olunmuş, eyni zamanda Azərbaycan EA-nın Biologiya şöbəsinin akademik-katibinin müavini, həmçinin biologiya üzrə Ali Attestasiya Komissiyasının ekspert komitəsinin sədri vəzifələrində çalışmışdı. 1971–1974-cü illərdə isə Azərbaycan Dövlət Tibb İnstitutunun təhsil və elmi işlər üzrə prorektoru olmuşdur. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdirAzərbaycan tibbinin korifeyləri. Bakı, "Elm və təhsil", 2020. s.602 .
Dəmir Hacıyevin elmi nailiyyətləri beynəlxalq səviyyədə tanınmışdır. 12 monoqrafiya və 120 elmi məqalənin müəllifidir, xaricdə peşəkar dairələrdə tanınmışdı. 1958-ci ildən o, İllinois Elmlər Akademiyasının (ABŞ), 1996-cı ildən isə Nyu-York Elmlər Akademiyasının (ABŞ) üzvü olmuşdur.
Əsərləri Qazıntı halında tapılan kərgədanların qabırğalarının travmatik zədələnməsi. Qazıntı halında tapılan Binəqədi canavarlarının sümüklərində raxit zədələnmələrin əlamətləri. Qazıntı halında tapılan dördüncü dövr canavarında spondilozun deformasiyası fenomeni. Binəqədi ibtidai öküzünün üst çənəsinin osteomeliti. Biologiya (Praktiki məşğələlər üçün dərslik), Bakı, 1991. Tibbi biologiya (Dərslik), Bakı, 1993. Biologiya üzrə 1000 test, Bakı, 1993. Molekulyar biologiya və tibbi genetikaya aid məsələlər kitabı, Bakı, 1994. Hüceyrə səviyyəsində genetik hadisələr, Bakı, 1996. İnsanın xromosom və molekulyar xəstəlikləri, Bakı, 1996. Hüceyrə biologiyasının molekulyar aspektləri, Bakı, 1996. Molekulyar səviyyədə genetik hadisələr, Bakı, 1996. Qədim Azərbaycanda kəllə trepanasiyası. Yerüstü yırtıcıların beyninlərin xarici relyef strukturunun bəzi xüsusiyyətləri. Nadir hallarda yarasalarda çoxdöllülük. Forestye xəstəliyinin paleontologiyası və müqayisəli patologiyası. Binəqədi asfalt gölündə qazıntı halında tapılan heyvan qalıqlarında amin turşuları. İnsan ekologiyası və biosferin mahiyyəti, Bakı, 1994.
Mükafatları 25px — "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (1970) 25px — "Qırmızı əmək bayrağı" ordeni (1971) 25px — Azərbaycan Respublikasının əməkdar elm xadimi (1981) Vavilov ad. Qırmızı medal (1983) Ekologiya sahəsində nailiyyətlərinə görə diplom və Həsən Əliyev ad. mükafat (1996)
Ölümü Hacıyev Dəmir Vahid oğlu 20 iyun 1999-cu ildə vəfat etmişdirATU-nun arxivi.
İstinadlar
Xarici keçid Azərbaycanlı paleontoloq Dəmir Hacıyev Hacıyev Dəmir Vahid oğlu
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:İlisuda doğulanlar Kateqoriya:Paleontoloqlar Kateqoriya:Azərbaycan paleontoloqları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Zoologiya taksonlarının müəllifləri Kateqoriya:Azərbaycan professorları Kateqoriya:SSRİ paleontoloqları