Əbdülsəməd Məmmədyarov və ya Səməd Məmmədyarov (tam adı: Əbdülsəməd Əbdülbağı oğlu Məmmədyarov; ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri.
Həyatı Əbdülsəməd Məmmədyarov 1890-cı ildə yanvarın 12-də Quba şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Təhsili 1901-ci ildə Quba şəhər məktəbinə daxil olmuş, 1908-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Bakı Orta Mexaniki və İnşaat-Texniki Məktəbinin hazırlıq bölməsinə qəbul olunmuş və 1913-cü ildə texniki təhsilini başa vurmuşdur. Səməd Məmmədyarov əvvəlcə Moskva və ya Kiyev Kommersiya İnstitutuna daxil olmuş və 1913–1914-cü tədris ilində burada təhsil almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Xarkov Texnologiya İnstitutuna qəbul olunmuş, mühəndislik ixtisası üzrə ali təhsilini həmin institutda başa vurmuşdur.
Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində təhsil aldığı dövrdə bir müddət Hacı Zeynalabdin Tağıyevin təqaüdünü almasına baxmayaraq, maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmış, 1918-ci ildə vətənə qayıtmışdır. 1919-cu ildə müraciətinə əsasən, təhsilini davam etdirmək üçün Parlament tərəfindən yenidən Rusiyaya (Xarkov) göndərilməsi nəzərdə tutulmuşdu. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır.''
Əmək fəaliyyəti Məmmədyarov əmək fəaliyyətinə tələbəlik illərində başlamışdır. 1918-ci ildən 1920-ci ilin aprelinədək Xarkov Parovoz İnşası Zavodunda konstruktor vəzifəsində çalışmışdır.
1920-ci ilin aprelində Bakıya qayıdaraq Fəhlə-Kəndli Müfəttişliyi Xalq Komissarlığının yol şöbəsində təlimatçı olmuşdur. Həmin il xalq komissarının əmri ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığı nəzdində Peşə Təhsili Baş Komitəsində texniki ali məktəblər və texnikumlar üzrə müfəttiş təyin edilmiş və bu vəzifədə 1923-cü ilə qədər fəaliyyət göstərmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulan tələbələrdən biri olub.
1923-cü ildən 1930-cu ilin may ayınadək Nərimanov adına Sənaye Texnikumunda direktor müavini, daha sonra isə direktor olmuşdur.
1930-cu ilin iyunundan sentyabrınadək Energetika Texnikumunun direktor müavini kimi fəaliyyət göstərmiş, texnikumun nəzdindəki emalatxanalara da rəhbərlik etmişdir. 1930-cu ilin sentyabrından 1932-ci ilədək Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığının Təhsil Müəssisələri İdarəsində müfəttiş vəzifəsində çalışmışdır. 1932-ci ilin iyulundan 1934-cü ilədək yenidən Energetika Texnikumunda xüsusi fənlər müəllimi olmuşdur. 1934-cü ilin iyulundan 1935-ci ilin sentyabrınadək Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının kadrlar şöbəsində metodist-müfəttiş işləmişdir.
1935-ci ilin sentyabrından 21 fevral 1945-ci ilədək Azərbaycan Kommunal-İnşaat Texnikumunda tədris hissə müdiri və müəllim vəzifələrini icra etmişdir. 21 fevral 1945-ci ildə həmin texnikuma direktor təyin edilmiş və sonrakı fəaliyyətini bu vəzifədə davam etdirmişdir.
Vəfatı Uzun illərini maarif və texniki kadrların hazırlanması işinə həsr edən Səməd Məmmədyarov 1968-ci ildə vəfat etmişdir.
Ailəsi Səməd Məmmədyarov iki oğul və iki qız atası idi. Böyük qızı Ayna Məmmədyarova (1922–1992) həkim olmuşdur. Oğlu Orxan Məmmədyarov (1925–?) energetika sahəsində fəaliyyət göstərmiş, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda şöbə müdiri vəzifəsində çalışmış, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki olmuşdur. Kiçik oğlu Əliəkbər Məmmədyarov (1928–2003) farmasevt və hərbçi kimi fəaliyyət göstərmişdir. Kiçik qızı Solmaz Məmmədyarova (1945–?) isə farmasevt ixtisasına yiyələnmişdir.
Həmçinin bax Cümhuriyyət tələbələri Azərbaycan Xalq Cümhuriyyəti
Xarici keçidlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən tələbələr və onların taleyi barədə qeydlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən tələbələr və onların taleyi barədə qeydlər
Mənbə
İstinad siyahısı
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri