Baba (İbrahim) bəy Abdulla Əfəndi oğlu Qəbulov və ya Baba bəy Qəbulzadə () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar Partiyasının üzvü.

Həyatı Baba bəy Qəbulzadə ilk təhsilini atası Abdulla Qəbulzadədən almışdır. 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirmiş, burada və Şəkidə dərs demişdir.

Sovet dövründə də əsasən, Zaqatalada və Kənd Təsərrüfatı Texnikumunda müəllimliklə məşğul olmuş, 1923–1927-ci illərdə Şəki oğlan müəllim seminariyasında tarixdən dərs demişdir.

Repressiya 1920-ci il mayın 24-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş, lakin 16 gün sonra buraxılmışdır.

Baba bəy Şəkidə müəllim işləyərkən Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi "Yeni Qafqaziya" jurnalını tələbələr arasında ucadan oxutduğuna görə 1927-ci ildə işdən çıxarılıb və müsavatçı kimi həbs edilmişdir. 1928-ci ilin iyun ayının 11-də 3 il iş alaraq Bakıya sürgün edilib. Üç ildən sonra Zaqatalaya qayıdaraq, yenidən müəllimlik etmiş, ancaq bir müddət sonra onu məktəbdən uzaqlaşdırıb Şəkidə İttifaq Meyvə-Tərəvəz Birliyinin tədarükçüsü vəzifəsinə göndəriblər.

Abdulla bəy daha sonra Gəncəyə gəlmiş, Moskva Yeməkxanalar Birliyinin şöbəsində tədarük üzrə müvəkkil işləmişdir.

Ölümü Təqiblər üzündən yaşayış yerini tez-tez dəyişməyə məcbur olan Baba bəyin həyatının son iki ili Şəki və Bakıda keçmişdir. Baba bəy 1932-ci ildən Bakıda indiki Dilarə Əliyeva küçəsi 6-cı döngədəki 4-cü evin sahibi olmuşdur. Həbsindən qabaq Kamenisti – indiki Bəşir Səfəroğlu küçəsindəki 107-ci evdə qalmışdır.

1938-ci il 18 sentyabrda Bakıda həbs olunmuş, 29 oktyabrda güllələnmişdir.

1959-cu ildə qohumları ona bəraət verilməsi barədə müraciət etsələr də, nəticəsiz olmuşdur. Baba bəy yalnız 1989-cu ildə bəraət almışdır.

Siyasi fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 16 oktyabr 1919 tarixli səksən dördüncü iclasında Abdulla Qəbulzadənin uzun müddətdir xəstə olduğundan istefa etməsi ilə bağlı Zaqataladan göndərilmiş teleqram oxundu. 25 dekabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü İslam bəy Qəbulzadənin tövsiyəsi ilə onun yerinə oğlu Baba bəy Qəbulzadə parlamentin üzvü seçilmişdir. O, əvvəllər heç bir fraksiyaya daxil olmamışdır. Parlamentin 11 mart 1920 tarixli sayca yüz otuz üçüncü iclasında isə heç bir fraksiyanın üzvü olmayan Baba bəy Qəbulzadənin və Məşədi Səməd Həsənoğlunun Əhrar fraksiyasına daxil olduğu elan olunmuşdur.

Baba bəy parlamentinin işində fəal iştirak etmişdir. O, 1920-ci il martın 9-da parlamentin sayca yüz otuz ikinci iclasında Qars məsələsinin müzakirəsindəki belə çıxış etmişdir:

Partiya fəaliyyəti Baba bəy gənc yaşlarında Müsavat ideyalarına rəğbət bəsləmişdir. 1918-ci ildə Müsavat Partiyasının Şəki təşkilatının yaradılmasında aktiv fəaliyyət göstərsə də, bu partiyanın üzvü olmamışdır. 1920-ci ilin mart ayında Baba bəy Əhrar Partiyasına üzv olmuşdur.

Ailəsi Baba bəy evli olmuşdur. 1930-cu ildə Naimə, 1932-ci ildə isə Minirə adlı qız övladı doğulmuşdur.

Mənbə

İstinadlar

Ədəbiyyat

Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri (səkkizinci buraxılış), Bakı, 2011, səh. 222–224;

Həmçinin bax

İslam bəy Qəbulzadə Həmzət bəy Qəbulov

Kateqoriya:Qəbulzadələr Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri