Tariyel Həsənov () – şərqşünas alim, tarixçi, ilahiyyatçı.

Həyatı Tariyel Bilal oğlu Həsənov 1941-ci ildə Əli Bayramlı rayonunun (indiki Şirvan) Poladtuğay kəndində anadan olmuşdur. 1958-ci ildə Əli Bayramlıda orta təhsilini başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuş, 1963-cü ildə oranı bitirmişdir. 1962–1971-ci illərdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi ərəb redaksiyasının diktoru işləmişdir. O, 1971–1987-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1966–1967-ci illərdə Yəmən Ərəb Respublikasında, 1973–1977 və 1987–1992-ci illərdə İraqda xidməti ezamiyyətdə olmuşdur.

Tariyel Həsənov İraqda SSRİ Nazirlər Sovetinin İqtisadi İnkişaf Komitəsinin müşaviri vəzifəsində işləmişdir. Ən yüksək səviyyədə danışıqlarda iştirak edən Tariyel Həsənov SSRİ Nazirlər Sovetinin sədri A. Kosiqin ilə İraq prezidenti Əhməd Həsən Əl-Bəkr arasında gedən danışıqların tərcüməçisi olmuşdur.

1992-ci ildən ömrünün sonuna kimi Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin baş müəllimi işləmişdir.Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.9

Tariyel Həsənov 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti Tariyel Həsənov 1971-ci ildə tarix elmləri namizədi elmi dərəcəsini almışdır. İraqın müasir tarixinə və İslam dini məsələlərinə dair bir monoqrafiyanın, otuzdan çox məqalənin, bir neçə əlyazmanın, habelə Quranın ərəbcədən tərcüməsinin müəllifidir.

Tariyel Həsənov uzun illər Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Akademik Vasim Məmmədəliyev alim haqqında yazmışdır: "Tariyel Həsənov Azərbaycan ərəbşünaslığının sayılıb-seçilən nümayəndələrindən biridir… Onun ərəbcəsi çox qüvvətli, tələffüzü əla idi…"Vasim Məmmədəliyev. Unudulmaz dost. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh. 11–12

İşraqilik fəlsəfi təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154–1191) "Filosofların görüşləri" traktatını AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə "Şərq fəlsəfəsi (IX–XII əsrlər)" kitabında çap edilmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyəti 2 aprel 1991-ci ildə Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar qərar (№ 9/11) qəbul etmişdir. Bu qərara əsasən Təşkilat Komitəsinin sədri akademik Fuad Qasımzadə, sədr müavini Zakir Məmmədov, elmi katib Tariyel Həsənov olmuşdur.Aytək Zakirqızı. Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il

Akademik Ziya Bünyadovun tərcümə etdiyi Məhəmməd Füzulinin "Mətlə əl-etiqad" fəlsəfi kitabının redaktorları Tariyel Həsənov və Zakir Məmmədov olmuşlar.Məhəmməd Füzuli. "Mətlə əl-etiqad". Tərcümə edən: Ziya Bünyadov. Bakı, 1987

Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsinin 2006-cı ildə çap edilən bir sayı Tariyel Həsənova ithaf edilmişdir.Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006

İstinadlar

Ədəbiyyat Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.9 Vasim Məmmədəliyev. Unudulmaz dost. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.11–12 Aytək Zakirqızı. Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il Abdullah Kahraman. Editörün notu. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh. 7–8

Xarici keçidlər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında inzibati vəzifələr tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında Sadiq dost, qayğıkeş insan // Ülkər Zakirqızı, 525-ci qəzet, 11.05.2011 Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan ərəbşünasları Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Dinşünaslar Kateqoriya:Quran tərcüməçiləri