Kür-Araz mədəniyyəti — Erkən Tunc dövrünə (e.ə. IV minilliyin sonu – III minillik) aid mədəniyyət. Azərbaycan ərazisindən başlanğıcını götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür-Araz mədəniyyəti adlandırılmışdır.
Xüsusiyyətləri İlk Tunc dövründə, az qala, bütün Azərbaycanın və Cənubi Qafqaz ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulur, mənimsənilir. Bu dövrdə Mərkəzi və Şərqi Cənubi Qafqazın, Şimal-şərqi Qafqazın, həm də Cənubi Azərbaycanın və Şərqi Anadolunun əsas əraziləri elmdə Kür-Araz mədəniyyəti adı altında tanınmış vahid maddi-mədəni irsə sahib qəbilələr tərəfindən məskunlaşır. Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.
Eneolit dövründən ilk tunc Kür-Araz mədəniyyətinə keçidi bilavasitə əks etdirən abidələr demək olar ki, hələ məlum deyildir. Ancaq bəzi abidələrdə onları bir tərəfdən Kür-Araz mədəniyyətinə, digər tərəfdən eneolit mədəniyyətinə bağlayan materiallara rast gəlinir.
Kür-Araz mədəniyyəti yayılan ərazidə müxtəlif etnik birləşmələr yaşayırdı. Bu mədəniyyəti bir sıra qədim etnoslara, o cümlədən qədim İkiçayarasının şimalında yaşamış hurri tayfalarına mənsub olduğunu qeyd etmişlər. Eyni zamanda Kür-Araz mədəniyyəti ərazisində ən qədim türk dillərində danışan etnik birləşmələrin da yaşaması ehtimalı irəli sürülmüşdür.
Azərbaycanda Kür-Araz mədəniyyəti qəbilələri eneolit dövründə tərk edilmiş bəzi yaşayış yerləri ərazisində məskunlaşır. Naxçıvanda I Kültəpə (Babək), Ovçular təpəsi, Qazax rayonunda Babadərviş, Cənubi Azərbaycanda Göytəpə və Yanıqtəpə belə yerlərdəndir. Azərbaycanın digər ilk tunc dövrü yaşayış yerləri yeni ərazilərdə bina olunur. Bunlardan Qobustan və Mingəçevir, Füzuli rayonunda Qaraköpəktəpə və Günəştpə, Beyləqan rayonunda Çardaxlıtəpə, Cəlilabad rayonunda Mişarçay, Xaçmaz rayonunda Qəflə təpələri, Şabran rayonunda Sərkərtəpə, Ağcabədi rayonunda Cüttəpə, Bərdə rayonunda Şortəpə, Ağdam rayonunda Qarahacı və s. yaşayış yerlərini göstərmək olar.
Azərbaycanda bu dövrün bir sıra dəfn abidələri Xankəndi yaxınlığında və Göygöldə, Mingəçevirdə, Mil düzündə, Daşkəsən rayonunda, Şəmkir rayonunda Osmanobuzda, Tərtər rayonunda Borsunluda, Astara rayonunda Telmankənddə tədqiq edilmişdir.
Cənubi Qafqazın Kür-Araz mədəniyyəti yaşayış yerləri orta hesabla 1–2 ha sahəni tutur (Babadərviş, Qaraköpəktəpə, Mişarçay, Cüttəpə və s.), lakin bəzi Kür-Araz mədəniyyəti yaşayış yerlərinin sahəsi çox böyükdür. Belə ki, Cənubi Azərbaycanda Yanıqtəpə 9 ha sahəni tutur, bu isə İlk Tunc dövrünün bəzi yaşayış yerlərində hövük əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz həyat tərzini əks etdirir. Yaşayış yerlərində qalın mədəni təbəqələrin yaranması uzun müddətli həyat tərzi ilə bağlıdır. I Kültəpədə mədəni təbəqənin qalınlığı 8 m, Qaraköpəktəpədə 7 m, Mişarçayda 4 m-dən artıq, Urmiya gölünün qərbində Göytəpədə 9 m-dir. thumb|250px|left|Xəritədə boz rəngli ərazi Kür – Araz mədəniyyətinin yayıldığı, qara rəngli ərazi isə Urartu dövlətinin əhatə etdiyi ərazidir Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin memarlığında, eneolit dövründə olduğu kimi, ən çox dairəvi planlı evlər inşa edilirdi, lakin bəzi yaşayış yerlərində düzbucaqlı formalı evlərə də rast gəlinir. Belə kərpic evlər Göytəpədə aşkar olunmuşdur. Yanıqtəpədə belə evlər dairəvi planlı tikililəri əvəz edir və burada uzun müddət inşaatda vahid forma olaraq qalır. Eyni vəziyyət Qaraköpəktəpə yaşayış yerində də qeydə alınmışdır. Dairəvi planlı evlərin diametri bəzən 13 m-ə çatır, adətən onların diametri 3 m-dən 5 m-ə qədər, divarların qalınlığı isə təqribən 0,5 m-dir.
İnşaatda adi formalı kərpiclər işlədilirdi. Kültəpə, Yanıqtəpə və Mişarçay evlərində kərpiclərin düzülüş texnikası maraq doğurur. Bir cərgədə kərpiclər cüt-cüt divar boyu uzununa, o biri cərgə isə divarın eninə düzülmüşdür.
Dairəvi planlı evlərdə damları örtmə konstruksiyası, görünür, konik formalı olub, dirəklər üzərində qurulmuşdu.
Babadərvişdə evlərdən birinin mərkəzi hissəsində dirək çalası, döşəməyə basdırılmış gil manqal və möhrədən düzəldilmiş kürsünün varlığı aşkar olunmuşdur.
Evlərin divarları və döşəmələri adətən gillə suvanırdı. Qaraköpəktəpənin ilk tunc dövrü təbəqəsində, ötən dövrün bəzi yaşayış yerlərində olduğu kimi, evlərdə gillə suvanmış döşəmələrə qırmızı şirə çəkilməsi halları qeydə alınmışdır.
Adətən yaşayış otaqlarının mərkəzi hissəsində gil manqallar yerləşdirilirdi. Kültəpə və Yanıqtəpə yaşayış yerlərinin bəzi evlərində divar dibində qurulmuş sobaların varlığı maraq doğurur. Onların iç hissəsində istiliyi çox saxlayan qum qatı və alovun cərəyan etdiyi kanallar vardır.
Yanıqtəpə yaşayış yerində ikimərtəbəli evlərin aşkar olunması, şəksiz, böyük əhəmiyyət kəsb edir. Orada xüsusi məqsəd daşıyan yataq səkiləri, taxçalar və taxıl kəndisi olmuşdur. Evlərin divarlarında asılmış gön və dərilərin izləri qalmışdır. Bütün bunlar Yanıqtəpə əhalisinin məişət mədəniyyətinin nisbətən yüksək inkişafına dəlalət edir.
Təsərrüfat Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir.
Azərbaycanda Kür-Araz mədəniyyəti yaşayış yerlərindən suvarma şəraitində becərilən dən qalıqları əldə edilmişdir. Süni suvarma bəsit şəkildə olsa da, bu ərazinin eneolit dövrü əhalisində də məlum idi. Azərbaycanda süni suvarma ilə yanaşı, xüsusən dağlıq rayonlarda dəmyə əkinçiliyi əsas yer tuturdu.
Kür-Araz mədəniyyəti qəbilələri buğda və arpa, darı və kətan, paxlalı bitkilərdən noxud (nut) becərirdilər. Noxud Kültəpə və Babadərvişdən tapılmışdır.
Sənətkarlıq Kür-Araz dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Azərbaycanda zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənləri məlumdur. Kür-Araz mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması İlk Tunc dövründə Zaqafqaziyada mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir.
Azərbaycanın bir çox yaşayış yerlərindən metal istehsalı ilə bağlı olan müxtəlif əşyalar geniş şəkildə təmsil olunmuşdur. Onlar başlıca olaraq mis-mərgmüş qatışığından ibarət tuncdan hazırlanırdı, ancaq tək-tək məmulatların tərkibində qalay qatışığı vardır.
Qafqazda mis-tunc metallurgiyasının yaranmasında və inkişafında Ön Asiya ölkələrinin, görünür, müəyyən təsiri olmuşdur, lakin Kür-Araz mədəniyyəti dövründə Qafqaz Avrasiyada müstəqil və mühüm metal istehsalı mərkəzlərindən birinə çevrilir.
Metal əşyaların spektral tədqiqi, onların əksər halda mis-mərgmüş tərkibli olduğunu göstərmişdir. Qədim ustalar şüurlu surətdə əşyaların daşıyacağı məqsəddən asılı olaraq, onların tərkibinə müxtəlif miqdarda mərgmüş qatırdılar. İş burasındadır ki, misin əridilməsi üçün yüksək (1083°) istilik tələb olunur, başqa metalın (mərgmüş, qalay, nikel və s.) qatışığı olduqda ərimə dərəcəsi azalır, metalişləmə ilə əlaqədar görülən işlər bir qədər yüngülləşir. Qədim ustalar bu biliyi mənimsədikdən sonra tuncun başqa xassəsini də müəyyənləşdirirlər. Yəni tunc misdən bərkdir və az istilikdə (700°) əriyir. Eyni zamanda müəyyən olunur ki, tərkibinə çox mərgmüş qatılmış əşyalar kövrək olur. Kənd təsərrüfatında istifadə məqsədilə hazırlanan metal alətlərdə, həm də İlk Tunc dövrü abidələrindəki silahlarda az mərgümüş (4–5 faizə qədər) qatışığının olması məhz bununla izah olunur.
Sənətkarlıq sahələrindən arxeoloji materiallarla daha zəngin dulusçuluq təmsil olunmuşdur. Zaqafqaziyanın İlk Tunc dövrü saxsı məmulatı o qədər mənalı və özünə məxsus əlamətlərə malikdir ki, o, Kür-Araz mədəniyyətini müəyyənləşdirən əsas amil rolunu oynayır. O, Eneolit dövrünün saxsı məmulatından keyfiyyətinə, texniki işlənməsinə və formaların müxtəlifliyinə görə fərqlənir. İlk Tunc dövrü abidələrində sözün əsil mənasında hələ gil qabların hazırlanması ilə əlaqədar istehsal ocaqları aşkar olunmamışdır. Çox güman ki, dulusçuluq emalatxanaları yaşayış yerlərindən kənarda yerləşmişdir. Mişarçay yaşayış yerində hələlik yeganə bir dulus kürəsi qalıqlarının abidənin qənşərində yerləşməsi bunu sübuta yetirir. Kürədə gildən sapand daşlarının bişirilməsi prosesi nə səbəbdən isə başa çatmamış, kürə bərk dağıdılmışdır. Kürədən qalan hissədə çoxlu yarıbişmiş gil sapand daşları və sönmüş sobanın qırmızı rəng almış divarından parçalar vardır.
Kür-Araz mədəniyyətinin qab-qacağı bir qayda olaraq, əksər halda, qum qatışıqlı yaxşı yoğrulmuş gildən hazırlanırdı.
Kür-Araz mədəniyyəti abidələrinin saxsı məmulatında ornament xüsusi maraq doğurur. Burada qabarıq, basma və cızma üsulu ilə verilmiş cüt spirallara, konsentrik dairələrə, rombvari, üçbucaqvari naxışlara, sxematik quş və heyvan rəsmlərinə və s. təsadüf olunur. Zəngin ornamentik naxışlara malik qab-qacaq Babadərviş və Yanıqtəpə yaşayış yerlərindən əldə edilmişdir. Babadərvişdə demək olar ki, Kür-Araz saxsı məmulatında tətbiq olunan bütün bəzək vurma üsullarına və motivlərinə rast gəlinir. Yanıqtəpə qablarında isə naxışlar bütünlüklə çərtmə üsulla yerinə yetirilnişdir. Burada, Kür-Araz mədəniyyətinin başqa yaşayış yerlərində olduğu kimi, qabların yuxarı hissəsi, bəzən də boğazları naxışla bəzənirdi.
Dulusçuluq sənətinin inkişaf səviyyəsi müxtəlif formalı kiçik miniatür camlardan tutmuş taxıl saxlanan iri qablaradək özünü əyani surətdə göstərmir. Səciyyəvi formalar çölmək, bardaq, xeyrə, parç, qazança və sairədən ibarətdir. Həmin vaxtda yarımkürə qulplu gil qapaqların geniş istehsalı başlanır və Kür-Araz mədəniyyətinin səciyyəvi əlamətlərindən birini təşkil edir.
Manqalların, müxtəlif sacayaqların hazırlanması da İlk Tunc dövrünün saxsı məmulatı istehsalında xüsusi yer tutur. Bir çox başqa səciyyəvi əşyalar kimi onlar da bu mədəniyyətin tənəzzülü ilə istifadədən çıxır.
Kür-Araz mədəniyyəti qəbilələrinin inkişaf etmiş sənət sahələrindən biri də toxuculuq olmuşdur. Ona görə təəccüblü deyil ki, iribuynuzlu heyvanların sümüyündən kəsilmiş və ortasından deşik açılmış iy başlıqlarına hər bir Kür-Araz mədəniyyəti yaşayış yerində təsadüf olunur. İy başlıqlarını (iyrəcək) bəzən gildən və daşdan düzəldirdilər. İlk tunc dövründə ipəyirmə sənətində iy başlıqları əsas alət olmuşdur. Dövrün qablarında dəfələrlə parça izlərinə rast gəlinmişdir.
Ayinlər və adətlər Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada ilk tunc dövrü ayin, adət və sairədə yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir. Məhsuldar qüvvələrin inkişafı ona gətirib çıxarır ki, təsərrüfat-məişət həyatında qadının mövqeyi xeyli zəifləyir, maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən kişinin cəmiyyətdə mövqeyi xeyli artır, qadına pərəstişi doğuran zəmin sarsılır. Bununla əlaqədar kişi cinsinə aid heykəllər yaranır.
Kişiyə pərəstiş oda pərəstişlə əlaqələndirilir. Məhsuldarlıq rəmzi kimi gil manqalların və sacayaqların kişi əlamətini əks etdirən təsvirlərlə hazırlanması halları məlumdur. Dəfn adətlərində kişiyə pərəstiş aydın müşahidə edilir. Qəbilə başçıları axirət aləminə çox təmtəraqlı mərasimlə müşayiət olunur. Onların qəbirləri üzərində böyük kurqanlar qurulur.
İlk tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir: ölülər heç yerdə yaşayış yeri ərazisində basdırılmır, onlar xüsusi seçilmiş yerlərə aparılırdı. Belə qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi. Belə abidələr, görünür, ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır.