Xalıq Hüseyn oğlu Koroğlu () — Azərbaycan türkoloqu, ədəbiyyatşünası, filologiya elmlər doktoru (1969), professor.
Həyatı Xalıq Koroğlu 24 yanvar 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın Sərab şəhərindən köçmüş bir ailədə anadan olmuşdur. O, fars dilində təhsil verən Nizamiyyə mədrəsəsində oxumuşdur. Daha sonra Moskva Tibb İnstitutuna daxil olmuş və 1946-cı ildə oranı bitirmişdir. Lakin Xalıq Koroğlu demək olar ki, həkim kimi fəaliyyət göstərməmişdir. Şərqşünas-alim olmaq istəyən Xalıq Koroğlu azərbaycanca, rusca, farsca, ərəbcə və türkməncəni mükəmməl bilirdi.
Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu dövrdə, yəni 1944-1946-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi dərs demişdir. O, 1947-ci ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1952-ci ildə həmin universiteti bitirmişdir.
Əmək fəaliyyəti Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu ərəfədə, 1944-cü ildən 1947-ci ilə kimi Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi fəaliyyət göstərmişdir. Həmçinin yenə təhsilini davam etdirdiyi illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri kafedrasının müdiri vəzifəsini icra etmişdir. O, 1958-1971-ci illərdə Böyük Sovet Ensiklopediyasında Şərq ədəbiyyatları sektoruna rəhbərlik etmişdir.
1971-1986-ci illərdə isə SSRİ Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Xalıq Koroğlu 1986-cı ildən Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin professoru kimi çalışmışdır.
Elmi fəaliyyəti Xalıq Koroğlu 1955-ci ildə şərqşünas Yevgeni Bertelsin elmi rəhbərliyi ilə "Xalq dastanı "Şahsənəm və Qərib" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1969-cu ildə isə Şərqşünaslıq İnstitutunda "Oğuz qəhrəmanlıq eposu ("Oğuznamə"nin qəhrəmanlıq dastanları)" mövzusunda dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Xalıq Koroğlu yaradıcılığını bütünlüklə türk xalqlarının folklorunu öyrənməyə həsr etmişdir. O, uzun müddət "Kitabi-Dədə Qorqud" dastanın üzərində çalışmışdır. 1976-cı ildə çap olunan "Oğuz qəhrəmanlıq eposu" kitabıyla qorqudşünaslığın fundamental əsərlərindən birini yaratmışdır.
Xalıq Koroğlu eyni zamanda irandilli xalqların dastanlarının da araşdırmaçısı idi. Onun 1983-cü ildə "Orta Asiya, İran və Azərbaycan eposlarının qarşılıqlı əlaqələri" əsəri çap olunmuşdur.
Professor 1954-cü ildən başlayaraq bir müddət Orta Asiya respublikalarının universitetlərində mühazirələr oxumuşdur. Daha sonra onun oxuduğu həmin bu mühazirələr əsasında 1972-ci ildə "Türkmən ədəbiyyatı", 1976-cı ildə "Özbək ədəbiyyatı" adlı əsərlər işıq üzü görmüşdür. Bunlarla yanaşı, Xalıq Koroğlu 150-dən çox məqalənin müəllifidir.
Ölümü Xalıq Koroğlu 2001-ci ilin oktyabr ayında 82 yaşında Moskvada vəfat etmişdir.
Əsərləri
Müasir fars nəsri (). Moskva, 1958. Fars atalar sözləri və məsəlləri (). Moskva, 1961; 1973 (ikinci nəşri). Özbək ədəbiyyatı (). Moskva, 1968; 1976 (ikinci nəşri). Türkmən ədəbiyyatı (). Moskva, 1972. Oğuz qəhrəmanlıq dastanı (). Moskva, 1976. Əmrah və Selvi, Qaraoğlanın qeyri-adi macəraları və digər türk xalq hekayələri (). Moskva, 1979; 1982 (ikinci nəşri). Türkmən sovet ədəbiyyatı tarixinə dair oçerk (). Moskva, 1980 (həmmüəlif). Orta Asiya, İran və Azərbaycan xalqlarının dastanları arasında əlaqələr (). Bakı, 1983. Türk aşıq şeiri (). Moskva, 1983. Quruqli. Tacik xalq dastanı (). Moskva, 1987 (həmmüəlif). Şahsənəm və Qərib, Qasımoğlan və digər türkmən xalq hekayələri (). Moskva, 1991. Klassik Şərq poeziyası. Antologiya (). Moskva, 1991. Sibir və Uzaq Şərq xalqlarının folklor abidələri (). Moskva, 1997. Şor qəhrəmanlıq əfsanələri (). Moskva, 1998. İncildə və Quranda peyğəmbərlər haqqında əfsanələr və rəvayətlər (). Kazan, 2001.
İstinadlar
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran azərbaycanlısı alimlər Kateqoriya:Türkmənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:SSRİ alimləri Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:SSRİ ədəbiyyatşünasları Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycanlı türkoloqlar Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar Kateqoriya:SSRİ şərqşünasları Kateqoriya:Rusiya alimləri Kateqoriya:Rusiya şərqşünasları Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:Rusiya ədəbiyyatşünasları Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:Rusiya azərbaycanlıları