Həmzəyeva Ülviyyə Tapdıq qızı () — Azərbaycanlı ictimai-siyasi xadim, rəssam. Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, 2010–2015-ci il IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisi V, VI və VII çağırış deputatı
Həyatı Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.
Siyasi fəaliyyəti Naxçıvan Ali Məclisinin IV çağırışı, Azərbaycan Milli Məclisinin V çağırış deputatı, Azərbaycan Milli Məclisinin VI çağırış deputatı və Azərbaycan Milli Məclisinin VII çağırış deputatıdır.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Yaradıcılığı Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır. Əsərləri Azərbaycan sənətinin qədim ənənələri ilə dərin əlaqəlidir. Xalçaların, miniatürlərin və qədim petrogliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırır.
Ülviyyə Həmzəyeva həm də Azərbaycanda ilk dəfə olaraq 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir. Rəssamın əsərləri, Azərbaycan, ABŞ, Çin, Türkiyə, Portuqaliya, Gürcüstan, İspaniya və.s. ölkələrdə 200-ə yaxın qarışıq və fərdi sərgilərdə nümayiş olunmuşdur. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2013-cü ildə "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvlüyünə qəbul edilmişdir. UNESCO-nun Beyneynəlxalq İncəsənət Assosasiyasının üzvüdür. 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədridir. Əsərləri şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.
Əməkdar rəssam Ülviyyə Həmzəyevanın 28 oktyabr 2022-ci ildə Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdur.
Şəkillər
İstinadlar
Xarici keçidlər UNESCO Dünya Rəssamlıq Akademiyası
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri