Astara rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Astara şəhəridir.

Astara rayonu Azərbaycan Respublikasının cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şimaldan, Lənkəran rayonu ilə, Şimal–Qərbdən Lerik rayonu ilə həmsərhəddir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.

Tarixi

Qədim dövr

Tunc dövrü Tunc və antik dövrə aid Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var.

Dəmir dövrü Dəmir dövrünə aid Koroba kəndindəki, "Koraoba daş qutu nekropolu" var.

Antik dövr E.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu"nu və e.ə. V–I əsrlərə aid Rüədıla kəndindəki "Xolobin daş qutu nekropolu"nu göstərmək olar. 250px|right

Orta əsrlər

Qədim dünyanın riyaziyyatçısı, astronomu və coğrafiyaşünası İsgəndəriyyəli Klavdi Ptolomey eramızın 90–160-cı illərində yaşayaraq qədim tədqiqatçılardan biri olmuş və II – əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə ümumi qayda ilə dəqiq məlumat vermişdir. K. Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını çəkmiş və Astaranın adını yunanca "Astarata" kimi qeyd etmişdir.

Qədim dünyanın digər alimi Strabon özünün "Tarixi hadisələr" barədəki qeydlərində "Astara" adının olmasını göstərərək, "dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi" barədə fikirlər söyləmişdir.

Tarixi İpək yolu qədim yaşayış məntəqəsi olan Astaranın ərazisindən keçməklə Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası arasında geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astaraçayının sahilində çox qədim tarixə malik olan karvansara mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.

Müxtəlif Şərq ölkələrini, eləcə də Azərbaycanı gəzib dolaşmış Alman səyyahı Hans Şilberqer (1394–1427) Astaranın beynəlxalq ticarət əlaqələri barədə konkret məlumat vermişdir. Səyyah qeyd etmişdir ki, Astarada çoxlu ipək istehsal olunur, bu ipəyin ən yaxşı növü Dəməşq, Bursa, Kaşan və Venesiya kimi sənətkarlar mərkəzlərinə ixrac olunur. Bu yerlərdə həmin ipəkdən yaxşı məxmər parçalar toxunur.

İngilis taciri Antoni Cenkinson İngiltərə ilə Buxara arasında ticarət əlaqələrini yaratmaq məqsədilə 1559-cu ildə Xəzər dənizi sahillərində olmuşdur. 1562-ci ildə Londona qayıdaraq öz səfərləri haqqında "Rusiya-Tatarıstan təsviri" adlı əsərini nəşr etdirmiş və həmin əsərdə dərc edilmiş xatirədə Xəzər dənizi ətrafındakı yaşayış məntəqələrinin adlarını vermişdir. O, bu xatirədə Astaranın yunanca "Stara" kimi göstərmişdir.

Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599–1671) Astarada olmuş, astaralılar barədə müəyyən maraqlı məlumatlar vermişdir. 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olan səyyah yazır ki, Astara vilayəti Xəzər dənizi sahilində yerləşir. Burada adam yoğunluğunda üzüm tənəkləri vardır. Bu faktı vaxtı ilə qədim tarixçi Strabon da xəbər vermişdir. Strabonun verdiyi bu xəbərə görə o vaxtlar Hikaniya adlanan bu yerlərdə bir kiçik tənək bir səbət üzüm verərmiş. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur.

Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olması barədə məlumatlar da maraqlıdır. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları, XIV əsrin əvvəllərində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A. M. Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək, öz əsərlərində bu barədə geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində "Zərbe Astara" (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə bizim Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.

Astara 1747-ci ilə kimi Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır.

Tanınmış Macar şərqşünas və səyyahı Armin Vanberinin (1832–1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi "Türk elləri" adlı kitabın böyük bir fəsli Azərbaycana həsr olunmuş, Astarada gəzib dolaşdığını bildirmiş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd etmişdir.

Tanınmış fransız alimi, arxeloqu və səyyahı Jak De Morqan (1856–1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır: "Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsusiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır. Hazırda Astara Azərbaycandan Ərdəbil – İrana karvanların və dənizdən yolların gəmilərin çıxış məskənidir". Məşhur fransız səyyahı, yazıçı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir.

Astara rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur, 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Tarixi faktlar təsdiq edir ki, Astara şəhəri Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astara şəhərinin adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xatirələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.

Coğrafiya Şimalda Lənkəran və Lerik rayonları, cənubda İran İslam Respublikası, qərbdə İran İslam Respublikası və Talış dağları, şərqdə Xəzər dənizi həmsərhəddir.

Relyefi qərbdə dağlıq (Talış silsilələri), şimal-şərqdə düzənlikdir (Lənkəran ovalığı). Dağlıq hissədə bəzi zirvələrin hündürlüyü 2000 m-ə yaxındır. Xəzər sahilində dar zolaqda Antropogen, dağlıq və dağətəyi yerlərdə isə Paleogen çöküntüləri yayılmışdır. Mineral bulaqlar (Ağ körpü, İstisu, Sım, Bi, Toradi, Şeyx Nəsrullah bulaqları və s.) var. Ərazidən Təngərud çayı, İran İslam Respublikası ilə dövlət sərhədi boyu isə Astara çayı axır. Qleyli-podzollu sarı, qonur dağ-meşə, çimli dağ-çəmən və s. tipli torpaqlar yayılmışdır. Rayon ərazisinin çox hissəsi (37,4 min ha) meşələrlə örtülüdür. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s. bitir. Hirkan milli parkının çox hissəsi Astara rayonundadır. Azərbaycanda ən çox yağıntı Lənkəran ovalığının cənubunda, Astara ərazisində müşahidə olunur. Burada illik yağıntının miqdarı 1600 mm-dən çoxdur.

"Yanar bulaq" kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında, Ələt-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır . Bu bulağa, istər yerli əhali, istərsə də səyahətçilər tərəfindən böyük maraq vardır.

Təbiət Astara rayonu aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur etmişdir. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu Respublikanın hər yerində tanınır. Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. 2002-ci ildə və sonrakı illərdə İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Astara çayına yuxarıda qeyd etdiyimiz ən yüksək qiymət verilmiş və Qızıl medal almışdır. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri Respublika və xarici ölkə bazarlarında maraqla alınır. Astaranın ənənəvi çəltik sahələri son vaxtlar genişləndirilmiş, indi ətirli Astara düyüsü süfrələrin bəzəyidir. Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən "əl çörəyi", "ləvəngi" və onun müxtəlif növləri, düyüdən bişirilən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər hər yerdə tanınır. Xüsusi ilə "Balıq sırdağı", onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, toy qatığı, boranı plov və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.

Çaylar Bu sahədə axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2 -dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində, minimal kəmiyyəti isə (0,5–0,8 l/san. km2 ) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində müşahidə olunur.

Astaraçay — Azərbaycan Respublikasının İranla dövlət sərhəddində çay. Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindan qalasından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçayın bu hissədən mənsəbə qədər olan məsafəsi Azərbaycanla İran arasında dövlət sərhəddini təşkil edir. Çayın illik axımının 70 %-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axım 80–85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir. Astaraçay adını ərazidəki eyniadlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək dərə) və ara/ura (yer, su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır.

Bitki örtüyü və heyvanat aləmi