Qazax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Qazax şəhəridir.

Etimologiya "Qazax" sözünün mənasının mənşəyinə gəldikdə isə, burada həqiqilik dərəcəsinə görə müxtəlif fərziyyələr mövcuddur. Onları ümumiləşdirərək, iki daha real fərziyyəni göstərmək olar.

1. Qədim türk dilindən tərcümədə "qazax" sözü "azad", "ayrılmış insanlar", "cəsur, azadlığı sevən insanlar", "qoçaq əsgərlər" kimi tərcümə olunur. Bugünkü günə bu fərziyyə etnoqraflar arasında ən çox yayılmış fərziyyə hesab olunur. Görkəmli tədqiqatçılar olan V. Velyaminov-Zernov, V. Bartold, A. Yudin və başqaları bu cür izahın tərəfdarları olmuşdurlar.

2. "Qazax" adı Xəzər dənizinin ətrafında olan ərazidə məskunlaşmış tayfaların adından irəli gəlir. Saklar, kaspilər, xəzərlər, azlar kimi tayfaların adı zamanla şəklini dəyişmiş və "qazax" sözünə çevrilmişdir. "Qazax", "Kaspiy", "Qafqaz", "Xəzər" sözləri "kas", "qaz", "xəz" kökündən əmələ gəlir. Ehtimal ki, həmçinin "qazax" sözü kaspiy və sak iki qədim tayfanın adlarının birləşməsindən əmələ gəlmişdir. Dəyişiklik kaspiy — sak, kas — sak, sonra isə qazax sxemi üzrə baş vermişdir. Eləcə də "sak" kökü "qıbçaq" (kıbsak), "kaysak" (Qazaxıstanda yaşayan qazaxları ruslar bu cür adlandırmışdır) etnonimlərində də yer alır.

Tarixi Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir.

8 min illik tarixi olan Qazax Qazax rayonunda yerləşən Damcılı, Babadərviş mağaralarında yapon tarixçilərinin apardığı tədqiqatlar sübut edir ki, Qazaxda 8 min il əvvəl insan məskənləri mövcud olub.

Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi Əl– Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir, lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–20-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi ucun Şərqi Gürcüstan XI–XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Böyük türk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.

Qazax sultanlığı (XV əsrin sonları-1819) XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir.

Osmanlı sultanı III Əhmədin (1703–1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir . Qazax sancaq elan edilərək 4 nahiyəyə (Axtata (Ağstafa), İncə, Türk və Cuvar) bölünmüşdür. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.

Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi, lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi.

Qazax livası (Sancaqı) (XVIII əsrin əvvəlləri) XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin dağıldığı zamanı Osmanlı imperiyası Cənubi Qafqaza yürüş edib Rusiyanın bu ərazilərə təcavüzünün qarşısını almışdır. XVIII əsrin əvvəllərində Osmanlılar yenidən hücum edib Qazaxı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparmışlar. Qazax sancaq elan edilərək 4 nahiyəyə bölünür. Bunlar Axstav, İncə, Türk və Çuvar nahiyələri idi. Qazaxlıların könüllü surətdə Osmanlıların tərəfinə keçməsi ilə əlaqədar Sultan III Əhmədin (1703–1730) Fərmanı ilə Qazax Sancaqbəyisi hələ Səfəvilərin zamanında Qazax hakimi olmuş Mirəlibəy təyin olunmuşdur. Fəth edilən yeni ərazilərin təşkilinə başlayan Osmanlı idarəçiləri bu ərazilərdə inzibati işləri aparıb vergi-maliyyə dəftərlərini tərtib etmişdilər. 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", 1727-ci ildə "Naxçıvan sancağının müfəssəl dəftəri", 1728-ci ildə isə "Tiflis əyalətinin müfəssəl dəftəri" və "İrəvan əyalətinin icmal dəftəri" işlənib hazırlanır. Qazax ərazisi həmin dövrdə Tiflis əyalətinin nəzdində olmuşdur. 1728-ci ildə türklərin tərtib etdiyi "Dəftəri müfəssəli əyaləti Tiflis" dəftəri 1046 səhifədən ibarət olub, hazırda İstanbulda Başkanlıq arxivində saxlanılır. Bu dəftərin 63 səhifəsi Qazax sancaqlığına (livasına) aiddir. Həmin dəftərə görə Qazax sancaqlığında (livasında) 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.Qazax.net, Faiq Nəsibov, avqust 2013, istifadə olunub: "Tiflis əyalətinin müfəssəl dəftəri" (Borçalı və Qazax). Bakı, 2001. Qazax livasının kəndləri ("Tuflis dəftəri", 1728 il)

Qazax distansiyası (1819–9 dekabr 1867) 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi.

Qazax qəzası (9 dekabr 1867–1929) 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri (Karvansaray (İcevan) (Qaraqoyunlu mahalı), Barana (Noyemberyan), Çəmbərək (Krasnoselsk) (Qaraqoyunlu mahalı), Şəmşəddin və ya Tovuzqala (Berd), Dilican rayonlarını) əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur.

Qazax rayonu 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.Erməni iddialarının "Sovet dövrü"

Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Sofulu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir.

19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılığa gəlinib. Daha sonra Bağanış Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Qədim insan məskəni Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsidir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir.

Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C. Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Xristian məbədləri adətən əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. "Aveydağ" sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş.

Coğrafi mövqeyi Qazax rayonu Azərbaycanın şimal-qərbində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, kiçik Qafqazın dağ silsiləsinin yamaclarından başlayaraq kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə–Qazax düzənliyinin qərb hissəsində, Kür çayının qırağında yerləşir. Ərazisinin sahəsi 699 kilometr kvadrat, əhalisinin sayı 94 710 nəfərdir (2016). Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, qərbdən və cənubdan Ermənistan Respublikası ilə 168 km məsafədə həmsərhəddir. Azərbaycanın ən qərbində yerləşən rayondur. Rayonun ərazisi şərqdən Ağstafa rayonuyla, Şimaldan kür çayıyla və kür çayı vasitəsilə Ağstafa rayonu ilə, şimal-qərbdən Gürcüstanın Sarvan (Marneuli) və Qarayazı (Qardabani) rayonlarıyla, qərbdən Ermənistanın Barana (Noyemberyan), cənubdan Karvansaray (İcevan) və cənub-şərqdən Şəmşəddin (Berd) rayonuyla qonşudur.

Relyefi Ən hündür yüksəkliyi "Odun" dağıdır (1316 metr). Səthi əsasən dağlıqdır. Cənub hissəsi dağlıqdır və dəniz səviyyəsindən 600–1200 metr yüksəklikdə yerləşir. Şimalda Qarayazı meşəsi və Ceyrançöl düzənliyi yerləşir. Məşhur "Göyəzən", "Avey" dağları, "Damcılı" bulağı bu rayonun ərazisindədir. Göyəzən dağı öz gözəlliyinə görə Amerika qitəsində yerləşən "Mon-Pele" dağından sonra dünyada ikinci yerdədir. Rayonda Babaqar silsiləsinin şərq sonluğu olan Babaqar dağı yerləşir. Rayonun mərkəzi hissəsindən Ağstafa çayı keçir, şimal-qərbdən İncəsu, Ehram (Anaxatır və ya xram), qərbdən Coğaz və şimal sərhəddi boyunca Kür çayları axır. Kür çayı sahilində dəniz səviyyəsindən hündürlük 100 metr olmaqla cənuba getdikcə tədricən 1000 metrə qədər yüksəlir. Rayonda Coğazçay, Ağstafaçay və Abbasbəyli su anbarları və Candargöl (Ağgöl) gölü yerləşir.

Dağlar Odundağ, hündürlüyü 1316 metr. Rayonun qərbində yerləşir. Avey (dağ), hündürlüyü 992,5 metr. Daş Salahlıdan 12 km şimal-qərbdə yerləşir. Çöllük ərazilərdən şimal və şimal-qərb istiqamətlərində Aslanbəyli kəndi ilə qonşudur. Babaqar dağı, hündürlüyü 700,6 metr. Rayonun qərbində yerləşir. Göyəzən dağı, hündürlüyü 250 metr. Abbasbəyli və Alpout kəndlərinin yaxınlığında yerləşir. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Amerika qitəsində yerləşən Mon-Pele dağından sonra dünyada 2-ci yeri tutur.