Fuad Murtuz oğlu Ələsgərov () — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi (2017-ci ildən) və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri (1998–2017, 2019-cu ildən), Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri (2017–2019), 1-ci dərəcəli dövlət müşaviri.
Həyatı Fuad Murtuz oğlu Ələsgərov 1959-cu il mayın 14-də Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirmişdir.
1981–1984-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Notariat və Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Ədliyyə Nazirliyinin Nəzarət və İcranın Yoxlanılması İdarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı Şəhər Suraxanı Rayon Xalq Məhkəməsində xalq hakimi, 1990–1994-cü illərdə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur.
Fuad Ələsgərov 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 31 may 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, eyni zamanda yenidən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.
Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə Fuad Ələsgərova "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir. 13 may 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Fuad Ələsgərova 10 avqust 2004-cü ildə inzibati vəzifələrin ikinci təsnifatı üzrə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Ələsgərovun oğludur.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri