Abbasəli Ramazan oğlu Novruzov () — Azərbaycan hərbi xadimi və hüquqşünası, general-mayor (1994), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının komandanı (1994–2001), Azərbaycan SSR əməkdar hüquqşünası (1978).
Həyatı
Erkən illəri və təhsili Abbasəli Ramazan oğlu Novruzov 25 may 1937-ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zeytə kəndində anadan olmuşdur. Atası Ramazan Novruz oğlu İkinci Dünya müharibəsi iştirakçısı olmuş və Abbasəli Novruzov hələ uşaq ikən vəfat etmişdir. 1949-cu ildə ailəsi Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiya edilərək Sabirabad rayonunun Şıx Salahlı kəndində məskunlaşdırılmışdır. Deportasiyadan qısa müddət sonra anasını, daha sonra isə böyük bacısını itirmişdir. Bundan sonra Abbasəli Novruzov ailə üzvləri ilə birlikdə Qaragüney kəndində yaşamışdır.
Abbasəli Novruzov Qaragüney kəndindəki yeddiillik məktəbdə təhsil almış, daha sonra orta təhsilini Əli Bayramlı şəhərindəki Voroşilov adına orta məktəbdə davam etdirərək 1954-cü ildə oranı əla qiymətlərlə başa vurmuşdur. Həmin il Bakıya gələrək Azərbaycan Sənaye İnstitutunun Neft texnologiyası fakültəsinə qəbul olunmuşdur. Maddi çətinliklər səbəbindən ali təhsilini yarımçıq qoyaraq kəndə qayıtmışdır.
SSRİ Sərhəd Qoşunlarında xidməti 1956-cı ildə Abbasəli Novruzov hərbi xidmətə çağırılmış və seçimdən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarına göndərilmişdir. İlk hərbi hazırlığını Novorossiyskdə keçmiş, daha sonra Lvov şəhərindəki Sərhəd Qoşunlarının Mərkəzləşdirilmiş Kiçik Komandirlər Məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Novorossiysk Sərhəd Dairəsinə qayıdaraq Soçi yaxınlığındakı Xosta qəsəbəsində yerləşən dəniz sərhəd zastavasında xidmət etmişdir. Bu dövrdə zabit kimi hərbi xidmətini davam etdirmək qərarına gəlmiş və Moskvadakı Ali Hərbi Sərhəd Məktəbinə daxil olmuşdur. 1962-ci ildə buranı əla qiymətlərlə bitirmiş, leytenant hərbi rütbəsi alaraq Azərbaycan Sərhəd Dairəsində xidmətə başlamışdır.
Abbasəli Novruzov zabit xidmətinə Göytəpə Sərhəd Dəstəsində zastava rəisinin müavini kimi başlamışdır. Burada sərhəd pozucusunun aşkar olunaraq saxlanılmasında iştirakına görə "SSRİ dövlət sərhədinin qorunmasında fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. 1963–1966-cı illərdə Zaqafqaziya Sərhəd Dairəsinin 43-cü sərhəd dəstəsinin Yardımlı rayonunun Çayüzü kəndində yerləşən 2-ci sərhəd komendantlığında baş zabit kimi xidmət etmiş, 1966–1967-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbi nəzdində fars dili üzrə hazırlıq keçmişdir. Bundan sonra Lənkəran Sərhəd Dəstəsinin əməliyyat və kəşfiyyat strukturlarında fəaliyyət göstərmiş, eyni zamanda Azərbaycan SSR-in Lənkəran zonası üzrə sərhəd komissarının tərcüməçisi olmuşdur.
1971-ci ilin avqustunda Abbasəli Novruzov Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsində vəzifəyə təyin edilmişdir. 1974-cü ilin yayından 1981-ci ilin oktyabrınadək 44-cü Sərhəd Dəstəsi — Lənkəran qarnizonu rəisinin kəşfiyyat işi üzrə müavini vəzifəsində xidmət etmişdir. Lənkəranda xidmət etdiyi dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini qiyabi yolla bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir. 1981-ci ilin oktyabrında Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilmiş, sonradan dairədə kəşfiyyat işlərinin aparılmasına rəhbərlik də ona həvalə olunmuşdur.
1983-cü ildə Abbasəli Novruzov Əfqanıstana ezam edilmiş və burada döyüş əməliyyatlarının getdiyi ərazilərdə xidmət etmişdir. Əfqanıstandan qayıtdıqdan sonra Zaqafqaziya Sərhəd Dairəsində xidmətini davam etdirmişdir. 1984-cü ilin mayında polkovnik hərbi rütbəsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarından ehtiyata buraxılmışdır.
Ədliyyə orqanlarında fəaliyyəti Abbasəli Novruzov hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Azərbaycana qayıtmış və təxminən on il Azərbaycan SSR Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. O, əvvəlcə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) və Notariat İdarəsi rəisinin müavini vəzifəsində işləmiş, daha sonra fəaliyyətini Məhkəmələr İdarəsində davam etdirmişdir. 1987-ci ildə Ədliyyə Nazirliyinin partiya təşkilatının katibi seçilmiş, eyni zamanda kadrlar şöbəsi rəisinin vəzifəsini müvəqqəti icra etmişdir.
Azərbaycanda sərhəd qoşunlarında xidməti Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Abbasəli Novruzov sərhəd qoşunlarının formalaşdırılması və peşəkar zabit kadrlarının xidmətə cəlb edilməsi ilə bağlı təkliflər hazırlamışdır. 7 aprel 1994-cü ildə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdir. Bir ay sonra, 15 may 1994-cü ildə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.
Abbasəli Novruzovun komandanlığı dövründə sərhəd qoşunlarının mühəndis-texniki qurğularının bərpası, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi və yeni sərhədçi kadrların hazırlanması istiqamətində tədbirlər görülmüşdür. Kadr çatışmazlığının aradan qaldırılması məqsədilə ali məktəblərdə hərbi hazırlıq keçən tələbələr və Bakı Ali Hərbi Məktəbinin kursantları arasından yeni zabitlərin sərhəd qoşunlarında xidmətə cəlb olunmasına başlanılmışdır. Bu dövrdə Azərbaycanın Rusiya və Gürcüstanla dövlət sərhədlərinin milli qüvvələrlə mühafizəsi genişləndirilmiş, Azərbaycan–Rusiya sərhədində Xudat, Azərbaycan–Gürcüstan sərhədində isə Zaqatala və Şəmkir sərhəd dəstələri yaradılmışdır. Həmin sərhəd dəstələrinin ərazisində ümumilikdə 17 sərhəd zastavası qurulmuşdur.
Abbasəli Novruzov Azərbaycan–Rusiya dövlət sərhədi ilə bağlı danışıqlarda və hökumətlərarası əməkdaşlıq prosesində də iştirak etmişdir. 3 yanvar 1995-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının üzvü təyin edilmişdir. 12 mart 1999-cu ildə isə iki ölkənin sərhəd rayonları arasında əməkdaşlıqla bağlı Azərbaycan Hökuməti nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.
Abbasəli Novruzov 27 mart 2001-ci ildə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilmişdir.
Sonrakı fəaliyyəti və vəfatı Komandan vəzifəsindən azad edildikdən sonra Abbasəli Novruzov Sərhəd Qoşunları komandanının baş müşaviri olmuşdur. O, həmçinin geniş ictimai fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının işində yaxından iştirak etmişdir. Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü olmuşdur.
Abbasəli Novruzovun 80 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin Aparatında yubiley tədbiri keçirilmişdir. 85 illik yubileyi isə həm Dövlət Sərhəd Xidmətində, həm də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında qeyd olunmuşdur.
Abbasəli Novruzov 16 avqust 2026-cı ildə 89 yaşında vəfat etmişdir. 17 avqust 2026-cı ildə Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Şəxsi həyatı Abbasəli Novruzov Raisə Novruzova ilə ailəli olmuşdur. Şair Qabil onun bacanağı olmuş və Abbasəli Novruzovun 50 illiyi münasibətilə "Abbasəli" adlı şeir həsr etmişdir.
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 3 mart 1996 "Şöhrət" ordeni — 25 may 2017 "Azərbaycan SSR əməkdar hüquqşünası" fəxri adı — 25 may 1978 "SSRİ dövlət sərhədinin qorunmasında fərqlənməyə görə" medalı "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — 2014 "General Əliağa Şıxlinski" medalı — 24 may 2022 (Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı) "Şücaətə görə" medalı — 25 may 2022 "Dövlət təhlükəsizliyinin fəxri əməkdaşı" döş nişanı
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan sərhədçiləri Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları