Adil İsgəndərov (tam adı: Adil Rza bəy oğlu İsgəndərov; ) — Azərbaycan-sovet teatr və kino rejissoru, aktyoru, SSRİ xalq artisti (1959), Azərbaycan SSR Ali Sovetinin 4-cü (1955–1959) və 5-ci çağırış (1959–1962) deputatı.
Həyatı Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verdi. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirirdi. Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi.
Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına "Azərbaycanfilm" kinostuduyasına direktor (1966–1974) təyin etdilər.
Yaradıcılığı 1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi işləmişdi. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu vermişdi. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. thumb|200px|left|Adil İsgəndərovun xatirə lövhəsi (Bakı) 1958-ci ildə "Uzaq sahillərdə" (rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu yaradıb. Bu obraz da o qədər böyük deyil. "Qara daşlar", "Məhəbbət dastanı" filmlərində də onun ifa etdiyi qəhrəmanlar var. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun "26 Bakı komissarı" filmində çəkildi.
Kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yavratdığı Kərbalayı İsmayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycanın ucqar əyalətlərində baş verən dəhşətli hadisələrin mərkəzində dayanan Kərbalayı hər şeyini itirmək təhlükəsi ilə üzləşib. Torpaqları, var-dövləti ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə də təcavüz edilən Kərbalayı yeni cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin "elçi" kimi onu barışığa çağırması belə, Kərbalayı İsmayılı bu yoldan döndərə bilmir. O, yeni cəmiyyətlə barışmaq istəmir. Nəticə isə çox acınacaqlı olur. Nə qədər insanlar tələf olur, evlər, ailələr dağılır. Bu rolda da, o, bütövdür, obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır və əsil azərbaycanlı kişi obrazı yaradır. Bu obrazı bütün film boyu tamaşaçının gözündə ucaldır. O əyilmir, hətta, ən ağır anlarda belə öz kişilik qürurunu saxlamağı bacarır. Kərbalayı haqq-salamı itirən adam da deyil. Qəmlonun şıltaqlıqları belə onu öz yolundan döndərə bilmir. Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının "kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olmuşdu.
Aktyorun yaratdığı obrazlar içərisində "Qanun naminə" filmindəki Kamilov qeyd edilir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. "Arxadan vurulan zərbə" filmindəki prokuror Dadaşlı rolu bu aktyorun kinoda son aktyor işi idi.
"Əhməd haradadır?" quruluş verdiyi yeganə filmdir. Onun qəhrəmanları əsil azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini izləyir. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə rollarda çəkilmişdir.
Təltif və mükafatları "SSRİ xalq artisti" fəxri adı — 9 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 noyabr 1938 "Stalin" mükafatı (2-ci dərəcə) — 1948 "Lenin" ordeni — 22 iyul 1949 "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946 Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 1960 Dram teatrları arasında keçirilən festivalın diplomu — 1957 Sənətçinin adını daşımış Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Mədəniyyət Sarayı 2018-ci ildə balansında olduğu Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülüb.
Filmoqrafiya O olmasın, bu olsun (film, 1956) Qara daşlar (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Uzaq sahillərdə (film, 1958) Leyli və Məcnun (film, 1961) Əmək və qızılgül (film, 1962) Əhməd haradadır? (film, 1963) Romeo mənim qonşumdur (film, 1963) Zəncirlənmiş adam (film, 1964) İyirmialtılar (film, 1966) Qanun naminə (film, 1968) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Kərbəlayi İsmayıl Ulduzlar sönmür (film, 1971) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Aktrisanın təbəssümü (film, 1974) Dərviş Parisi partladır (film, 1976) Arxadan vurulan zərbə (film, 1977) Üzü küləyə (film, 1977) Məhəbbətim mənim, kədərim mənim (film, 1978) Prima (film, 1994)
İstinadlar
Mənbə ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust. Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143–266. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktorları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Kateqoriya:XX əsr teatr rejissorları