Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən və İşlər İdarəsinin şöbəsi statusuna malik olan qurum, kitabxana.

2003-cü ildə Respublikanın iki zəngin kitabxanasının: Azərbaycan KP MK-nın S. M. Kirov adına Siyasi Maarif Evinin Kitabxanası və Mərkəzi Şəhər Kitabxanasının (keçmiş V. İ. Lenin adına Mərkəzi Kitabxana) bazası əsasında yaradılmış, xüsusi kitabxanalar kateqoriyasına daxil olsa da, kütləvi kitabxana kimi fəaliyyət göstərən kitabxanadır.

Prezident Kitabxanasında mühafizə olunan ümumi kitab fondu yarım milyondan artıqdır, kitabxananın dövri mətbuat fonduna hər il 350 adda qəzet və jurnal daxil olur.

Kitabxana Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə statusunu alıb. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru filologiya elmləri doktoru, professor Afət Abbasovadır.

Tarixi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının bazasında yaradılmışdır. Onlardan biri vaxtilə Azərbaycan KP MK-nın S. M. Kirov adına Siyasi Maarif Evinin Kitabxanası, ikincisi isə Mərkəzi Şəhər Kitabxanası (keçmiş V.İ.Lenin adına Mərkəzi Kitabxana) idi. 1920-ci ildə Bakı Partiya Komitəsinin nəzdində yaradılmış Mərkəzi Partiya Kitabxanası 1934-cü ildə Azərbaycan KP MK S. M. Kirov adına Siyasi Maarif Evinin tərkibinə verildi. O zamandan etibarən ölkənin partiya kitabxanaları şəbəkəsinin əsas kitabxanası olan Siyasi Maarif Evinin Kitabxanası sovet dövrünün sonuna kimi fəaliyyət göstərdi.

Mərkəzi Şəhər Kitabxanası da (keçmiş V. İ. Lenin adına Mərkəzi Kitabxana) Bakının zəngin tarixə malik ictimai kitabxanalarından biri olmuşdur və fəaliyyətə başlaması 1870-ci ilə təsadüf edir. Sovet dövründə bu kitabxana Bakı Xalq Maarif Şöbəsinin dekreti ilə Mərkəzi Kitabxanaya çevrildi. Bu kitabxana göstərdiyi kitabxana-bibioqrafiya xidmətinin yüksək səviyyəsi, kütləvi tədbirlərin keçirilməsi sahəsində fəallığı ilə seçilirdi. Siyasi Maarif Evi Kitabxanasının və Mərkəzi Şəhər Kitabxanasının fondu əsasında yaradılan, həmin kitabxanaların ən yaxşı ənənələrini davam etdirən Prezidentin Kitabxanası az bir zaman ərzində öz tələbatçılarına yüksək keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməyə başladı. 2004-cü il dekabr ayının 17-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Kitabxanada olmuş, burada görülmüş işlərlə maraqlanmış və əməkdaşlara dəyərli tövsiyələr vermişdir. 2005-ci il dekabr ayının 9-da isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kitabxanaya İşlər İdarəsinin sektoru statusu verilmişdir. Həmin vaxtdan etibarən Kitabxananın bütün əməkdaşları dövlət qulluqçularıdır. 2006-cı il iyun ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kitabxanaya gələrək onun fəaliyyəti ilə yaxından tanış olmuş, müasir informasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə maraqlanmış, fondun daha da zənginləşdirilməsi və Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqlara müvafiq olaraq Kitabxana müasir fərdi kompüterlər və digər hesablama qurğuları, şəbəkə texnikası, çap üçün avadanlıq və s. ilə təchiz edilmişdir. Kitabxana Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə statusunu alıb.

Fəaliyyət və missiyası Prezident Kitabxanasının fəaliyyətinin əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşlarının, həmçinin digər oxucuların informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və digər sənədlərə olan təlabatını ödəmək, kitabxana fondunu formalaşdırmaq, onun komplektləşdirilməsini, qorunub saxlanmasını təmin etmək, kitabxana istifadəçilərini kitabxana, informasiya və virtual xidmətlər ilə təmin etməkdən ibarətdir.

Prezident Kitabxanasının əsas missiyası isə ali dövlət orqanlarında və digər icra qurumlarında çalışan dövlət qulluqçuları ilə bərabər, fəal oxucu qruplarına (tələbə və tədqiqatçı alimlərə) mükəmməl kitabxana-biblioqrafiya və kitabxana-informasiya xidməti göstərməkdir.

Strukturu Yerinə yetirdiyi vəzifələrdən asılı olaraq Prezident Kitabxanasının müvafiq təşkilati-idarəetmə strukturu formalaşmışdır. Bu struktura sırf kitabxana texnologiyaları və prosesləri ilə əlaqədar işləri yerinə yetirən 5 funksional bölmə və onların tərkibində olan 7 qrup daxildir. Təsərrüfat bölməsi isə kitabxananın mühəndis-texniki qurğularının istismarı, maddi-texniki təchizat və digər texniki məsələlərlə məşğul olur. Bölmələr Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsi Kitabxana fondu bölməsi İnformasiya-biblioqrafiya xidməti bölməsi Komplektləşdirmə, kitabişləmə və elektron kataloq bölməsi Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsi Təsərrüfat bölməsi

Qruplar Elektron nəşrlərin tərcüməsi qrupu Nadir ədəbiyyat fondu qrupu İncəsənət ədəbiyyatı fondu qrupu Dövri mətbuat fondu qrupu İnformasiya-biblioqrafiya xidməti qrupu Abonement qrupu Proqram təminatı qrupu

Yeni texnologiyaların tətbiqi Prezident Kitabxanasında yeni texnologiyaların tətbiqi, xüsusilə də, yeni informasiya daşıyıcılarına əsaslanan resursların yaradılaraq inkişaf etdirilməsi, kitabxana fondlarının ən yeni sənəd növü olan elektron sənədlərlə komplektləşdirilməsi kimi məsələlərə xüsusi önəm verilir. Kitabxanada ИРБИС64+ Kitabxanaların Avtomatlaşdırılması Sisteminin proqram-texniki imkanları, demək olar ki, mənimsənilmişdir. Hal-hazırda ИРБИС64+ KAS-ın bütün istifadəçiləri sırasında modullarının funksiyalarını, texniki imkanlarını tam şəkildə tətbiq edən kitabxanalardan biri də Prezident Kitabxanasıdır. Eyni zamanda kitabxana fondunun rəqəmsdallaşdırılması üçün masir qurğu və texniki imkanlardan da istifadə olunur.

Biblioqrafik-informasiya fəaliyyəti Kitabxananın soraq-biblioqrafik aparatına (SBA) soraq və biblioqrafik nəşrlər fondu, müxtəlif kataloqlar və kartotekalar, o cümlədən elektron kataloq daxildir. Elektron kataloqun verilənlər bazasında kitab, kompakt disk, xəritə, not nəşri, dissertasiya avtoreferatı və digər sənədlərin biblioqrafik yazısı öz əksini tapmışdır. Prezident Kitabxanasının soraq-biblioqrafiya aparatının özəl xüsusiyyəti ondan ibarətdir ki, respublikamızda ilk dəfə olaraq məhz burada profilə uyğun faktoqrafik sorğuları ödəməyə imkan verən böyük həcmli soraq-informasiya resursları yaradılır.

Əməkdaşlıq Kitabxananın başqa ölkələrin prezident, parlament və hökumət kitabxanaları, beynəlxalq kitabxana və informasiya təşkilatları ilə əlaqələri ildən-ilə genişlənir. Prezident Kitabxanası respublikanın aparıcı kitabxanalarının iştirakı ilə keçirilən bütün tədbirlərdə və layihələrdə iştirak edir. Kitabxana 2004-cü ilin may ayından "Elektron kitabxana və yeni informasiya texnologiyaları yaradıcılarının Beynəlxalq Assosiasiyası"nın (EBNİT) üzvüdür. Həmin ildən başlayaraq illik Beynəlxalq "Krım" (Ukrayna) Konfransının və LİBCOM (Rusiya) konfransının daimi iştirakçısıdır. Prezident Kitabxanası dünyada kitabxana işi sahəsində ən nüfuzlu təşkilat olan İFLA ilə intensiv əlaqələrə malikdir. Kitabxananın nümayəndələri İFLA-nın Böyük Britaniyada (Qlazqo), İtaliyada (Milan), İsveçdə (Qeteborq) və Finlandiyada (Helsinki) keçirilmiş illik Şura və Konfranslarında iştirak etmişlər. Kitabxana İFLA-ya 2009-cu ildən üzv olub, qurumun rəhbər orqanlarına seçkilərdə iştirak edir. İFLA-nın prezidenti xanım Ellen Tise 2008-ci ilin noyabrın 25-də Prezident Kitabxanasında olmuşdur. 2013-cü ildə kitabxana İFLA-nın Hökumət Məlumatları və Rəsmi Nəşrlər üzrə daimi komissiyasının üzvü seçilmişdir. Prezident Kitabxanasının nümayəndələri 2011-ci ildə İsveçrədə Azərbaycan və İsveçrə kitabxanaçılarının birgə konfransında, 2012-ci ildə Ankarada keçirilmiş Avrasiya Kitabxanalar Birliyinin təsis Konfransında, yenə həmin ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Vaşinqtonda təşkil edilmiş "Amerika kitabxanaları və mədəni irsin qorunması" adlı proqram çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etmişlər. Belarus Prezident Kitabxanası ilə mütəmadi olaraq rəsmi qəzetlərin və jurnalların mübadiləsi aparılır. Rusiya Prezident Administrasiyasının Kitabxanası, B. Yeltsin adına Prezident Kitabxanası, Rusiya Parlament Kitabxanası, Qazaxıstan Prezidenti Administrasiyasının Kitabxanası və Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanası ilə də sıx əlaqələr mövcuddur. BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əlaqələrin qurulması nəticəsində kitabxana hazırda bu təşkilatın əksər nəşrləri ilə təmin olunur.

E-Layihələr Prezident Kitabxanasında yaradılan və müxtəlif prioritet mövzuları əhatə edən irihəcmli elektron layihələr vardır. Onlardan bəziləri aşağıda qeyd edilmişdir:

Heydər Əliyev. Elektron sənədlər toplusu — geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulan informasiya resursu, sənədlərin rəqəmsal formatda toplanması və qorunması baxımından kompleks informasiya sistemidir. Müxtəlif oxucu qruplarının, o cümlədən tədqiqatçıların ümummilli liderin zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron versiyaları hazırlanmış və illər üzrə qruplaşdırılmışdır. İlk dəfə olaraq Heydər Əliyevin həyat və fəaliyyətinin xronologiyası (1923–2003) tam şəkildə işlənmişdir. Kitabxananın elektron kataloquna daxil edilmiş "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 46 cildinin elektron variantı da bu sənədlər toplusuna daxil edilmişdir. https://heydaraliyev.preslib.az İlham Əliyev. Elektron külliyyat — elektron nəşri Prezident İlham Əliyevin həyatını və dövlət başçısı kimi ölkənin sosial-iqtisadi və humanitar sahələrdə dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlərin miqyasını özündə əks etdirən xronologiyanın, nitqlərinin, çıxışlarının, müsahibələrinin tam mətnlərinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarının və biblioqrafiyasının vahid elektron məkanda toplanılaraq istifadəçilərə təqdim edən portaldır. https://ilhamaliyev.preslib.az Mehriban Əliyeva — bu elektron nəşrdə Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı (2005–2017), UNESCO-nun (2004–2022) və ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çoxşaxəli fəaliyyəti haqqında materiallar toplanılmışdır. https://mehribanaliyeva.preslib.az Odlar Yurdu Azərbaycan — ən qədim zamanlardan başlayaraq xalqımızın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə dair materiallardan ibarət olan bu toplu kitabxananın fonduna daxil olan kitablar və dövri mətbuat materialları, həmçinin bəzi rəsmi saytlar əsasında hazırlanmışdır. Ölkəşünaslıq və diyarşünaslıq mövzusunda hazırlanmış bu toplunun məqsədi ensiklopedik xarakterli sənədlərin elektron daşıyıcılara köçürülmə yolu ilə saxlanılması və onların daha çox istifadəçi kütləsinə təqdim edilməsindən ibarətdir. Elektron toplunun əhəmiyyəti nəzərə alınaraq, xüsusi veb-sayt www.odlaryurdu.az yaradılmışdır.