Abgül Ərzulla oğlu Mirzəliyev () — Azərbaycan xanəndəsi.
Həyatı Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir.
O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır.
Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir.
Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s. ölkələrdə çıxış etmişdir. Həmçinin aktyor kimi "Sübhün səfiri" filmində Səttar rolunda çəkilmişdir.
Yaradıcılığı və fəaliyyəti Abgül Mirzəliyev muğam ifaçısı kimi müxtəlif respublika və beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2017-ci il sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan şairi Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecədə çıxış edən xanəndələr sırasında yer almışdır.
2018-ci ildə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən proqramda iştirak etmiş, festival proqramında “Çahargah” muğamının solisti kimi göstərilmişdir.
2018-ci il sentyabrın 6–10-da Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda Azərbaycanı təmsil edən musiqiçilər arasında olmuşdur. Forumda Azərbaycanı muğam instrumental musiqi qrupu təmsil etmiş, Abgül Mirzəliyev və Nigar Şabanova forumda I yerə layiq görülmüşdür.
Filmoqrafiya Şamaxı abidələri (film, 2007) Muğamat var olan yerdə... (film, 2009) Sübhün səfiri (film, 2012)
İstinadlar
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Muğam Televiziya Müsabiqəsinin qalibləri Kateqoriya:Xanəndələr