Mixail Yuryeviç Zabelin () — rusəsilli Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V, VI və VII çağırış deputatı (1995-ci ildən), Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri.

Həyatı Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya bölməsini, Bakı Ali Partiya Məktəbi və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun isə Sovet quruculuğu bölməsini bitirmişdir. Azərbaycan Beynəlxalq Universitetinin fəxri professorudur.

1 övladı var.

Fəaliyyəti 1966-cı ildən Layihə İnstitutunda işləmişdir. 1969-cu ildən Oktyabr Rayon Komsomol Komitəsinin Katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin və şəhər Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, Birinci Katibin referenti, müfəttişi, 1989-cu ildən Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.

1990-cı il sentyabrın 30-da Sovet İttifaqı Kommunist Partiyasından Azərbaycan SSR Ali Sovetinin XII çağırış xalq deputatı seçilmişdir. Ali Sovetin Sovetlərinin işi, yerli özünüidarə və yerli təsərrüfat məsələləri Komissiyasının üzvü olmuşdur. 7 mart 1991-ci ildə Azərbaycan SSR Ali Sovetində baş tutan səsvermə zamanı SSRİ-nin saxlanılmasına səs verən xalq deputatlarından biri olmuşdur.

"Azərbaycan-Rusiya" cəmiyyətinin prezidenti və vitse-prezidenti olmuşdur. 1993-cü il martın 25-də Mixail Zabelinin təşəbbüsü ilə Azərbaycanda Rus İcmasının yaradılmış, həmin il mayın 5-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin gündən Azərbaycanda Rus İcmasının sədridir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa olunmasından sonra, 1991-ci ildən Azərbaycan Ali Soveti Katibliyinin baş mütəxəssisi, Daimi Komissiyalar şöbəsinin Katibi vəzifələrində çalışmışdır.

06.10.1994-cü ildə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin qərarı ilə xalq deputatı Mixail Zabelin Milli Məclisin üzvü seçilmişdir. Milli Məclisin İnsan hüquqları və millətlərarası münasibətlər Komissiyasının üzvü olmuşdur.

1995-ci ildə Azərbaycanın yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın üzvü olmuşdur. 1995-ci il noyabrın 12-də isə Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Milli Məclisin I çağırış deputatı seçilmişdir. Milli Məclisin Yerli özünüidarə məsələləri Komissiyası, həmçinin Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olmuşdur.

2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Milli Məclisin II çağırış deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi Komissiyasının, həmçinin Azərbaycan—Almaniya və Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olmuşdur.

2005-ci il noyabrın 6-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Milli Məclisin III çağırış deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər Daimi Komissiyasının, həmçinin Azərbaycan-Almaniya, Azərbaycan-Cənubi Koreya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

2010-cu il noyabrın 7-də Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindəm Milli Məclisin IV çağırış deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər Komitəsinin, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Cənubi Koreya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

2015-ci il noyabrın 1-də Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Milli Məclisin V çağırış deputatı seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, Mədəniyyət Komitəsinin, Hesablayıcı Komissiyasının üzvü, Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Litva, Azərbaycan-Mavritaniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası Komissiyasının üzvü olmuşdur.

2020-ci il fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 34 saylı Xətai II dairəsindən Milli Məclisin VI çağırış deputatı seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, Mədəniyyət Komitəsinin üzvü, Hesablayıcı Komissiyasının Katibi, Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Litva, Azərbaycan-Mavritaniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası Komissiyasının üzvü olmuşdur.

2022-ci ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zabelin Mixail Yuryeviçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edib.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin Hesablayıcı komissiyasının katibi seçilib.

Müxtəlif illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olmuşdur.

Təltifləri Azərbaycan "Şöhrət" ordeni (17 mart 2006) 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (18 mart 2026) 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (30 noyabr 2022) Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (17 mart 2016)

Rusiya "Dostluq" ordeni (8 iyun 2016) Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının fəxri fərmanı (2005) Moskva şəhəri merinin təşəkkürnaməsi (19 oktyabr 2007) Moskva Hökumətinin fəxri fərmanı (19 aprel 2006) Xaricdə yaşayan həmvətənlərlə iş üzrə Hökumət Komissiyasının fəxri fərmanı (2008) I dərəcəli "Böyük Pyotr" ordeni (2007) II dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni (2019, Rus Pravoslav Kilsəsi)Патриарх Московский и всея Руси Кирилл посетил православный кафедральный собор святых Жён-Мироносиц в Баку III dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni (2007, Rus Pravoslav Kilsəsi) "Müqəddəs kilsənin şöhrəti naminə xidmətlərə görə" medalı (2004) "İlin ən yaxşı həmvətəni" mükafatı (2003)

Digər ABŞ-nin Texas ştatının fəxri vətəndaşı MDB Parlamentlərarası Assambleyasının "Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə" medalı (16 aprel 2015) MDB Parlamentlərarası Assambleyasının "25 il" yubiley medalı (27 mart 2017)Постановление Совета Межпарламентской Ассамблеи государств — участников Содружества Независимых Государств от 27 марта 2017 года № 17 «О награждении медалью «МПА СНГ. 25 лет» Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyətinin qızıl medalı (2018) Ümum-Rusiya Azərbaycanlıları Konqresinin "Millətlərarası münasibətlərin möhkəmləndirilməsinə görə" medalı (2013)В Баку прошла республиканская конференция "Русская община — 20 лет в семье народов нового Азербайджана" "Vətən övladı" ordeni (2016, "Azərbaycan dünyası" jurnalı)

Tənqidlər 2017-ci ilin noyabrında Mixail Zabelin Rusiyanın St. Peterburq şəhərində tədbirdə çıxışı zamanı Krım və Qarabağ məsələlərini eyniləşdirdiyinə görə tənqid edilmişdi. Konfrans zamanı Mixail Zabelin bunları bildirmişdi: "Bu gün burada Krımın geri qaytarılmasından danışıldı. Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağı geri qaytarmağa haqqı var. Bizim də buna haqqımız çatır". Siyasi şərhçi Zərdüşt Əlizadə deputatın bu ifadəsinin hüquqi cəhətdən yanlış olduğu bildirmiş və "Krımın hüququ olaraq Ukraynanın ərazisi olduğu, Rusiya tərəfindən zəbt edildiyi, bütün dünyanın da bölgəni Rusiyanın ərazisi olaraq tanımadığını" vurğulamışdı. Onun sözlərinə görə deputatın Qarabağ və Krımı eyniləşdirməsi səhv mövqedir.

Mixail Zabelin Azərbaycanda Rus İcmasının sədri olaraq 26 mart 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi zamanı bəyanat yaymışdır. Bəyanatda "Azərbaycanın rus icması olaraq öz dövlətini, xalqını NATO-nun Şərqə, Rusiya sərhədlərinə yaxın genişlənməsindən, onun suverenliyinə qəsdlərdən qorumaq, iqtisadi problemləri həlli üçün Rusiyanı başa düşməyi xahiş eləməsi" qeyd olunmuşdur. Bu bəyanat KİV və sosial medialarda birmənalı qarşılanmamışdır və tənqid edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:91-lər Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları