Abdullah Çatlı () — gizli dövlət xəfiyyəsi, kriminal avtoritet və əks-partizan təşkilatı mənsubu.
Türkiyədə müxtəlif qətllərlə bağlı mühakimə olunub. 1980-ci ildə 12 sentyabr çevrilişindən sonra xaricə qaçıb, narkotik qaçaqmalçılığına görə mühakimə olunub. Saxlanıldığı həbsxanadan qaçıb. "a politically connected heroin trafficker and murderer named Abdullah Catli", "Catli, a convicted international drug smuggler". Scott, Peter Dale (2010) American War Machine: Deep Politics, the CIA Global Drug Connection, and the Road to Afghanistan. Rowman & Littlefield Publishers. s. 19. 1996-cı ildə Susurluq qəzasında həlak olub.
Həyatı və fəaliyyəti 1977-ci ildə Ülkü Ocaqlarının Ankara vilayət təşkilatının sədri, 25 may 1978-ci ildə isə Ülkücü Gənclər Dərnəyinin sədr müavini seçilib.
1977-ci ildə Ankara Polis İdarəsi tərəfindən 6136 saylı Qanunu pozmaq, polisə atəş açmaq və cinayət aləti olan tapançanı gizlətmək ittihamları ilə barəsində araşdırma aparılıb.
11 iyul 1978-ci ildə Ankarada Hacettepe Universitetinin müəllimlərindən dosent doktor Bədrəddin Comərdin qətlə yetirilməsi ilə əlaqədar Ankara 5-ci Sülh Cinayət Məhkəməsi tərəfindən barəsində qiyabi həbs qərarı çıxarılıb. 23 avqust 1978-ci ildə Sakarya vilayətində tutulub və saxlanılıb.
Abdullah Çatlının 9 oktyabr 1978-ci ildə Ankaranın Bağçalıevlər məhəlləsində Türkiyə Fəhlə Partiyasının yeddi üzvünün qətlə yetirilməsi hadisəsinin planlaşdırıcısı və əsas məsul şəxsi olması ilə bağlı iddialar üzrə həbs qərarının icrası hadisədən 4 il 4 ay sonra mümkün olub. Bağçalıevlər qətliamı zamanı əlbir olduğu şəxslərlə birlikdə Ankarada yeddi nəfəri öldürmək, qanunsuz təşkilat yaratmaq, partlayıcı maddə atmaq və 6136 saylı qanunu pozmaq ittihamları ilə 1982-ci ildə Ankara Hərbi Vəziyyət Komandanlığı tərəfindən onun həbs edilməsi və beynəlxalq axtarışa verilməsi üçün qırmızı bülleten elan olunması barədə qərarlar qəbul edilib.
1980-ci ilin oktyabrında Mehmet Əli Ağcaya və özünə Həsən Dağaslan adlı şəxsin adına saxta pasport hazırlanması ilə əlaqədar Konya İkinci Ordu və Hərbi Vəziyyət Komandanlığının hərbi prokurorluğu tərəfindən axtarış qərarı çıxarılıb. 1995-ci ildə isə Ağcanın xaricə çıxarılmasına kömək etdiyi üçün Ədirnə Polis İdarəsi tərəfindən barəsində saxlanılma qərarı verilib.
1982-ci ildə ədliyyə nazirinin diplomatik kanallar vasitəsilə İsveçrə hakimiyyət orqanlarına göndərdiyi ekstradisiya tələbində Çatlı "əhalini hökumətə qarşı silah işlətməklə silahlı mübarizəyə təşviq etmək və yeddi nəfəri öldürmək"də ittiham olunurdu. İsveçrə tərəfi öz qanunvericiliyinə uyğun olmadığı üçün bu tələbi rədd edib. Adana Polis İdarəsinin rəisi Cavad Yurdaqulun qətlində adı hallanan Əbdürrəhman Qıpçaq 1981-ci ildə başlanmış MHP işi üzrə ikinci təqsirləndirilən şəxs idi. O tutularkən Abdullah Çatlı ilə əlaqəsi müəyyən edilib. Cavad Yurdaqulun qətli ilə əlaqədar axtarışda olan Abdullah Çatlı İsveçrədə həbs edilib. Lakin müvafiq sənədlər İsveçrə hakimiyyət orqanlarına çatmadığı üçün azadlığa buraxılıb. CHP-nin vilayət sədri Zəki Təkinərin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Uğur Coşqun sui-qəsddən əvvəl aparılan kəşfiyyat zamanı Çatlının avtomobilindən istifadə etdiklərini bildirib.
Çatlı 12 sentyabr çevrilişindən sonrakı aylarda xaricə gedib. Bir müddət Bolqarıstanda və Vyanada yaşayıb. 22 fevral 1982-ci ildə İsveçrədə Mehmet Özbay adına verilmiş pasportla tutulub, lakin azad edilib. Cinayətin siyasi xarakter daşıdığı hesab edildiyinə görə onun Türkiyəyə ekstradisiyası tələbi qəbul olunmayıb.
1982-ci ilin sentyabrında İtaliyadakı Qladio təşkilatının üzvlərindən biri olan Stefano Delle Kyaye ilə Latın Amerikasında görüşüb.
22 oktyabr 1983-cü ildə Parisdə Milli Kəşfiyyat Təşkilatı ilə əlaqə qurduğu və ASALA-ya qarşı beş əməliyyatda istifadə edildiyi MİT-in rəsmi sənədlərində qeyd olunub. Kəşfiyyatçı Qorqud Əkən də Abdullah Çatlının 1980-ci illərin əvvəllərində MİT ilə əlaqəsinin olduğunu bildirib. 2019-cu ildə MİT-in keçmiş əməkdaşı Mehmet Eymür qəzetə müsahibəsində belə deyib: "Abdullah Çatlı və onun dəstəsi Avropada narkotik ticarəti ilə məşğul olurdu. PKK ilə əlaqələri vardı. Mən onların bu işlərdə istifadə edilməsinə qarşı idim. (…) Onlar həmin dövrdə MİT-in İstanbul regional bölməsinin rəhbəri olan Nuri Gündəşin tabeliyində fəaliyyət göstərirdilər. Erməni abidəsinə bomba qoydular, bir avtomobilin altına da nəsə yerləşdirdilər. Düzgün həyata keçirdikləri heç bir əməliyyat yox idi".
24 oktyabr 1984-cü ildə Fransanın Paris şəhərində narkotik qaçaqmalçılığı ittihamı ilə tutularkən onun üzərində Həsən Kurtoğlu adına verilmiş pasport olub. Həmçinin üzərində heroin, başqa bir saxta pasport və Türkiyənin Ştutqart Baş Konsulluğuna aid saxta möhür aşkarlanıb. Çatlı Fransada yeddi il həbs cəzasına məhkum edilib. Sante həbsxanasında olduğu müddətdə Türkiyənin Fransadan ekstradisiya tələbi 27 may 1985-ci ildə Türkiyədə ölüm cəzasının mövcud olması səbəbindən qəbul edilməyib.
Sonralar Çatlının adı Mehmet Əli Ağcanın 1981-ci ildəki Papaya qarşı sui-qəsd cəhdi ilə də əlaqələndirilib. İtaliya hərbi polisinin 1981-ci il hesabatında Ağcanın Abdullah Çatlı, Oral Çəlik və Üzeyir Bayraqlı ilə dostluq münasibətlərinin olduğu qeyd edilib. Çatlı 16 sentyabr 1985-ci ildə Papa sui-qəsdi işi üzrə məhkəmədə şahid qismində çıxış edib. O, Oral Çəlikin sui-qəsdlə əlaqəsinin olmadığını və Mehmet Əli Ağcanın bolqar agenti ola biləcəyini iddia edib.
1985-ci ildə Fransada yeddi il həbs cəzası çəkərkən narkotik qaçaqmalçılığı ittihamı ilə İsveçrəyə ekstradisiya olunub. 21 mart 1990-cı ildə İsveçrənin Zuq kantonundakı Bostadel həbsxanasında saxlanılarkən qaçıb.
26 fevral 1992-ci ildə İstanbul Polis İdarəsi tərəfindən Şahin Ekli adına saxta pasportdan istifadə edərək xaricə çıxmağa cəhd göstərdiyinə görə barəsində araşdırma aparılıb və o, sərbəst buraxılıb. 3 avqust 1994-cü ildə Mehmet Özbay adına saxta şəxsiyyət vəsiqəsindən istifadə edərək Maliyyə Nazirliyində maliyyə müfəttişi işlədiyini əsas gətirib xüsusi (yaşıl) pasport almaq üçün müraciət edib. Susurluq qəzasından sonra aparılan istintaq zamanı 1994-cü ildə ona verilmiş silah icazəsindəki imzanın həmin dövrdə Polis Baş İdarəsinin rəisi olan Mehmet Ağarın imzası olduğu müəyyən edilib. 31 avqust 1996-cı ildə Balıkəsir Polis İdarəsi tərəfindən Mehmet Özbay adına saxta şəxsiyyət vəsiqəsindən istifadə edərək yaşayış məntəqəsində qeydiyyatlı tapança ilə atəş açdığına görə barəsində araşdırma aparılıb.
Çatlının 26 aprel 1996-cı ildə Ömer Lütfü Topal ilə eyni təyyarə ilə Kiprə getdiyi, eyni hoteldə qaldığı və 1 may 1996-cı ildə geri döndüyü də sənədlərdən məlum olub.
1997-ci ildə Polis İdarəsinin Kəşfiyyat şöbəsinin rəis müavini vəzifəsini icra edən Hənəfi Avcı İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsinə verdiyi ifadəsində 1990-cı illərin əvvəllərində "separatçı terror təşkilatına qarşı hüquqazidd üsullarla mübarizə aparmaq üçün" yaradılmış qrupun sonradan dağılmadığını və "şəxsi maraqlar naminə əməliyyatlar" həyata keçirməyə başladığını bildirib. O, bu qrupun üzvləri arasında Abdullah Çatlının da adını çəkib. Həmin dövrdə MİT-in Terrorla Mübarizə İdarəsinin rəhbəri olan Mehmet Eymür də sonradan eyni məhkəməyə verdiyi ifadəsində Hənəfi Avcının iddialarını təsdiqləyərək Abdullah Çatlının bu qrupda yer aldığını bildirib. Eymür məhkəmədə Çatlı kimi şəxslərin xariclə əlaqəli narkotik ticarəti ilə məşğul olduqlarını, fəaliyyətləri zamanı polis himayəsini təmin edən şəxsiyyət vəsiqələri daşıdıqlarını və hava limanlarında VİP salonlarından istifadə etdiklərini söyləyib.
1980-ci ildən sonra məlum olan bəzi fəaliyyətləri
1982-ci ildə erməni əsilli Marksist-Leninist Türkiyə Kommunist Partiyası üzvü Nubar Yalımyanın Niderlandda qətlə yetirilməsi. Fransada erməni fəalı Ara Toranyanın öldürülməsinə cəhd. 3 may 1984-cü ildə Parisdə erməni abidəsinin partladılması.United States. Foreign Broadcast Information Service, United States. Joint Publications Research Service. Near East/South Asia Report, Issue 84094. 24 yanvar 1984-cü ildə Parisdə narkotik ticarəti ilə əlaqədar polis tərəfindən axtarışa verilməsi. Kürd əsilli yazıçı Kendal Nezanın fikrincə, kürd narkotik qaçaqmalçısı Behcət Cantürkün Sapancada qətlə yetirilməsi. 1994-cü ildə PKK tərəfdarı olan rum Teofilos Georgiadisin qətli Çatlı dəstəsi ilə əlaqələndirilib.MedyaNews — Murder in Cyprus: Who killed Theofilos Georgiadis in 1994?, 2021 Kazino kralı kimi tanınan Ömər Lütfü Topalın qətli. Kürd əsilli iranlı qaçaqmalçılar Lazım Esmaili və Əskər Simitkonun qətlə yetirilməsi.1998 Report (PDF). Human Rights Foundation of Turkey. Archived from the original (PDF) on 2009-02-05. (contains the Susurluk reports in English) MİT-in keçmiş rəhbəri Mehmet Eymürün müsahibəsində iddia etdiyinə görə, narkotik ticarəti ilə məşğul olması.
Ölümü 3 noyabr 1996-cı ildə Balıkəsir vilayətinin Susurluq rayonu yaxınlığında tarixə Susurluq qəzası kimi düşmüş yol-nəqliyyat hadisəsində həlak olub. Qəza zamanı Çatlının yanında, arxa sol oturacaqda əyləşən Qönçə Us və avtomobili idarə edən İstanbul Polis İdarəsinin keçmiş rəis müavini Hüseyin Qocadağ da ölüb. Avtomobildəki dörd nəfərdən yalnız o dövrdə DYP-nin deputatı olan Sədat Bucaq sağ qalıb. Baş nazirliyin Təftiş Şurasının sədri Kutlu Savaş və MİT rəhbəri Sönməz Köksal tərəfindən hazırlanmış Susurluq qalmaqalı ilə bağlı müxtəlif hesabatlarda Çatlının adı dəfələrlə çəkilir.
Nevşehirdə keçirilən dəfn mərasimindən sonra Nevşehirdəki Kaldırım qəbiristanlığında dəfn olunub.
Onun ölümü ilə bağlı sui-qəsd nəzəriyyələri mövcuddur. Əsas iddialar arasında qəzaya uğramış avtomobilin əyləc sisteminin sıradan çıxarılması və Çatlının qəza sonrası boynu sındırılaraq öldürülməsi versiyaları yer alır.
Mənbə Abdullah Çatlı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Susurluq qalmaqalı Kateqoriya:Türkiyədəki üstü açılmamış cinayətlər Kateqoriya:Antikommunistlər Kateqoriya:Ülkü Ocaqları Kateqoriya:Türkiyə milliyyətçiləri