Hicran Fətəli qızı Nəsirova () — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2026-cı ildən).
Həyatı Hicran Fətəli qızı Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra təyinatı ilə ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluşu verdiyi C. Cabbarlının "Yaylağa gedir" əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir.
1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
H. Nəsirova 2000-ci ildə Azərbaycan Respulikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Filmoqrafiya 1977 — Bədbəxtliyin astanasında 1982 — Evləri köndələn yar 1982 — Gümüşü furqon 1994 — İtkin gəlin 1979 — Mən mahnı qoşuram 2004 — Sonuncu şahid 2006 — Yoxlama 2008 — Absurdistan — bərbərin arvadı 2010 — Evləri göydələn yar 2010 — Susmuş vicdan 2011 — Aktrisa (tammetrajlı bədii film) — aşpaz Xədicə Qulamova 2016 — Vicdan haqqı — Minayə Kimdir haqlı? (Məlahət) Bir yay günü (Məhbubə) Almaz (Yaxşı) Qız atası (teleserial, 2014)-Tahirə
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri