İttihad Partiyası və ya Qafqaz İttihad Firqəsi, həmçinin 1917–1918-ci illərdə "Rusiyada müsəlmanlıq "İttihad" — 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat. Partiya 1921-ci ildə İttihadi-İslam, daha sonra Milliyəti İslam və yekun olaraq isə Azərbaycan Milli Müdafiə İslam Partiyası adını almışdır.

Tarixi

Yaranması Fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdır. Bunlara nümunə olaraq İrəvan və Gəncədəki İttihad cəmiyyətlərini, Gəncədəki İttihadi-İslam Cəmiyyətini və Firqeyi Məhəmmədiyə partiyasını göstərmək olar. Gəncədəki İttihad cəmiyyətinin lideri Məhəmməd Pişnamazzadə olmuşdur.

Heybətqulu Məmmədbəyli xatirələrində partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən "Rusiyada müsəlmanlıq" Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur. Bu komitə İsmailiyyə Sarayında yerləşmişdir. Təşkilat Komitəsinin üzvləri sırasında aşağıdakı şəxslər olmuşdur:

Partiyanın quruluş ərəfəsində tanışlıq görüşləri təşkil edirdi. Belə yığıncaqlardan biri də 20 oktyabr 1917-ci ildə Sultan Məcid Qənizadə və Bəşir bəy Aşurbəyovun iştirakı ilə Təzəpir məscidində keçirilmişdir. 200 nəfərlik bu yığıncağa sədrliyi Axund Şeyx Əbdülqəni etmişdir. Yığıncaqda Şeyx ilə Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə arasında mübahisə yaranmışdır. Partiya üzvü olmayan Şeyx Əbdülqəni Müsəlmanlıq firqəsinə xüsusi rəğbət bəsləmiş və bələdiyyə seçkilərində partiyaya yardım etmişdir. Rəsulzadə ilə arasında yaranan problem isə Müsavat Partiyasının qurultayına yansımış, qurultayda onu pisləyən qərar çıxmış, din adamlarının siyasətə qarışmaması ilə bağlı qərar qəbul olunmuşdur.

1917-ci ilin oktyabr ayından lokal xarakterli ittihadçı təşkilatlar vahid adda — "Rusiyada müsəlmanlıq" firqəsi bayrağı altında birləşməyə başlayır, lakin bəzi ziyalılar partiyada təksəslilik olmadığı üçün ehtiyatlı davranır. Belə ziyalılardan biri də Ceyhun bəy Hacıbəyli idi. Onun rəhbərliyində 1917-ci ilin dekabr ayının 4-də İttihad qəzeti çapa başlamışdır. 1918-ci ilin fevralınadək müstəqil fəaliyyət göstərən qəzet həmin dövrdə partiyanın rəsmi orqanına çevrilir.

İttihad Partiyası Ümum-Rusiya Müəssislər Məclisinə seçkilərdə 14 nömrəli siyahı ilə iştirak etmişdir. Partiya Bakı quberniyasında Müsavatın ardınca ikinci, Bakı şəhəri və ətraf sənaye rayonlarında bolşeviklər, Müsavat, Daşnaksutyun, Sosialist İnqilabçılar və Kadetlərin ardınca 7850 səslə (7,1%) beşinci, Bakı qəzasının kənd yerlərində, Abşeron yarımadasının kəndlərində keçirilən seçkilərdə Qəzada verilən 25 748 səsdən 19 812-ni (76,95%) toplayaraq birinci, Göyçay qəzasında Müsavatın ardınca 14517 (29,75%) səslə ikinci, Lənkəran qəzasında Müsavatın ardınca 7625 (11,88%) səslə ikinci, Tiflisdə 2 səslə on beşinci, Tiflis qarnizonunda 2 səslə on dördüncü sırada qərarlaşdı.

1918-ci ilin yanvar ayında belə təşkilatların birləşməsi yekunlaşmışdır. Belə ki, Bakıdakı "Rusiyada müsəlmanlıq" Firqəsi və Gəncədəki İttihadi-İslam Cəmiyyəti vahid qurumda birləşərək İttihadi-İslam — Rusiyada müsəlmanlıq adını almışdır.

Tarixçi Altay Göyüşov sovet tarixçilərinin əksinə Qara bəy Qarabəyovun partiyanın qurucusu olmadığını, quruluş prosesində xüsusi dəvətlə partiyaya çağrılsa da, onun partiyadakı qeyri-demokratik ünsürləri bəhanə gətirərək təklifi rədd etdiyini yazmışdır. Belə ki, Göyüşovun yazdığına görə, Qarabəyov 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin işğaldan azad edilməsindən sonra, partiyada gedən mühafizəkar—radikal mübarizəsini radikalların qələbə ilə başa vurmasından sonra partiyaya qatılmışdır. Qara bəy partiyaya qatıldıqdan qısa müddət sonra partiyanın rəhbəri olmuşdur.

26–31 oktyabr 1917-ci il tarixklərində Müsavat Partiyasının I Qurultayı keçirilmişdir. Qurultaydan sonra bir sıra şəxslər Müsavat sıralarından istefa verərək İttihad sıralarına daxil olmuşdur. Bu hadisə partiyanın inkişafına təkan versə də, bir neçə ay sonra Mart soyqırımı baş vermiş və partiyanın mərkəzləşdiyi İsmailiyyə Sarayının yandırılması ilə çətinliklər yaşanmışdır. Belə ki, bu hadisələr İttihad qəzetinin qapanmasına səbəb olmuş, firqə fəaliyyətini Zaqafqaziya Seymindəki fraksiya ilə (Sultan Məcid Qənizadə, Mir Yaqub Mehdiyev və Heybətqulu bəy Məmmədbəyli) məhdudlaşdırmışdı. Bu dövrdə bəzi mühafizəkar şəxslər Müvəqqəti Mərkəzi Komitədən uzaqlaşmışdır. Həmçinin, Bəşir bəy Aşurbəyov da İrana mühacirət etmişdir.

Zaqafqaziya Seymində Müsavat Partiyası ilə həmrəylik göstərən İttihad daha sonra Türkiyə ilə həmrəylik fikri üzərində ixtilaf yaşamışdır. Həmrəyliyi dəstəkləyən Müsavat və demokratik bitərəflər fraksiyası üzvləri Xosrov bəy Sultanov, Qazı Əhməd bəy Məmmədov və Həmid bəy Şahtaxtinski bu dönəmdən sonra İttihada yaxınlaşmağa başlamışdır.

Zaqafqaziya Seyminin İttihad qrupunun üzvləri 28 may 1918-ci ildə təşkil olunan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri seçilmişdirlər. İstiqlal Bəyannaməsinə iclasda iştirak edən fraksiya üzvü Heybətqulu bəy Məmmədbəyli leyhinə, Sultan Məcid Qənizadə isə bitərəf səsi vermişdir.

Müstəqilliyin elanı, Qarabəyovun partiyaya gəlişi və rəhbərliyə keçməsi partiyada canlanma yaratmışdır.

İnkişafı Partiyanın Quba qəzasının kəndlərində, Göyçay, Şamaxı, Cavad qəzalarında, Gəncə və Qarabağ quberniyalarında təşkitlanması sürət qazanmışdı. İttihadın Qarabağ Komitəsi Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun köməkliyi ilə yaradılmışdır. Gəncə təşkilatının başında doktor Ağalar bəy Səfikürdski, iqtisadçı Səmədağa Əbilov və hüquqşunas Şahmalıyev dayanmışdır.

Bu dövrdə İttihadın Mərkəzi Komitəsinin üzvü olacaq Həmdulla əfəndi Əfəndizadə və sonralar İttihadın sədr müavini olacaq keçmiş müsavatçı Qazı Əhməd bəy Məmmədbəyov partiyaya üzv olmuşdur.

I Qurultay 1919-cu ilin aprel ayının 10-da partiyanın I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultaya hər 20 nəfərə 1 nümayəndə prinsipi ilə 300 qurultay nümayəndəsi çağrılmışdı. Bu nümayəndələr Bakı, Qazax, Ağdam, Ağdaş, Göyçay və Quba bölgələrindən çağrılmışdı. Qurultayı Qara bəy Qarabəyov açmışdır. 3 gün davam edən qurultaya Şirin bəy Səfərəliyev sədrlik, Əbdül Qafur bəy isə katiblik etmişdir. Qurultayda partiyanın adı Qafqaz İttihad Firqəsi olaraq dəyişdirilmişdir. Həmçinin qurultayda 22 nəfərdən ibarət 1 illik Mərkəzi Komitə üzvləri seçilmişdir:

Qurultay Axundun duası ilə qapanmışdır.

Aprel ayının 14-də yeni təşkil olunan Mərkəzi Komitənin plenar iclası keçirilmişdir. İclasda 11 nəfərdən ibarət İcraiyyə Komitəsi yaradılmışdır. Bu heyətə keçmiş müvəqqəti Mərkəzi Komitənin üzvlərindən Qara bəy Qarabəyov, Sultan Məcid Qənizadə, Əsəd bəy Əmirov, Qazı Əhməd bəy Məhəmmədbəyov, Heybətqulu Məmmədbəyov və Hacı ağa Babayev daxil idi. İclasda gizli səs vermə keçirilmiş və Qara bəy Qarabəyov partiyanın sədri, Sultan Məcid Qənizadə və Qazı Əhməd bəy Məhəmmədbəyov sədr müavinləri və Hacı ağa Babayev isə xəzinadar seçilmişdir.

Qurultaylar arası dövr I qurultaydan sonra partiya təşkilatlanması sürətlənmiş və Quba, Göyçay, Gəncə, Zəngəzur, Qarabağ, Zaqatala, Şəki, Qax, Cavanşir, Ağdam, Şuşa, Cəbrayıl və Kürdəmir bölgələrində partiyanın yerli təşkilatları inkişaf etmişdir. Həmin dövrdə Şuşada fəaliyyət göstərən Şuşa Xeyriyyə Cəmiyyəti partiyaya birləşmə qərarı almış və İttihad 2 sentyabr 1919-cu ildə Qarabağ Quberniya Komitəsinin yaradılmasına səbəb olmuşdur. Komitəyə sədr doktor Fərhad bəy Ağayev, Rəyasət Heyətinin sədr müavini doktor Kərim bəy Mehmandarov və Məhəmməd Həsən Mirzəcamalov seçilmişdir. Komitənin katibi Abuş bəy Novruzov, xəzinədarı isə Məşədi Zülfüqar Axundov olmuşdur. 1919-cu ilin noyabr ayında Şəkidə doktor Salman bəy Şirinbəyli və Zaqatalada mühəndid Məhəmməd bəy Sultanov liderliyində mərkəzi qəza şöbələri yaradılmışdır. Bakı kəndlərindən də partiyaya axın çoxalmaqda idi. 1919-cu ilin iyul-sentyabr aylarında Balaxanı, Suraxanı, Bibiheybət, Ramana, Sabunçu kəndlərində, Benkendorf mədən dairələrində partiyanın yerli şöbələri yaradılmışdır. Bakının Bülbülə, Əmircan və digər kəndlərində isə partiyanın yerli təşkilatları 1917-ci ildən fəaliyyət göstərirdi.

Bu dövrdə Şuşa Xeyriyyə Cəmiyyəti ilə yanaşı Cəbrayılda fəaliyyət göstərən Fədai-Hürriyyət, Göyçayda fəaliyyət göstərən İslamiyyə Cəmiyyəti İttihada daxil olmuşdur.

Qurultaydan 1 ay sonra Mərkəzi Komitə üzvü seçilmiş, parlament üzvü Ağa bəy Səfərliyev İttihad Partiyasından istefa verdi. Bu barədə məlumat parlamentin 15 may 1919-cu il tarixli iclasında oxunmuşdur. O daha sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bitərəflər fraksiyasına, ardınca isə Müsavat və bitərəflər fraksiyasına daxil olmuşdur.

İttihad cəmiyyətdə məşhur incəsənət xadimlərinin iştirakı ilə keçirdiyi "Bir piyalə çay" xeyriyyə məclisləri ilə də məşhurlaşmışdı. Bu məclislərdə Türkiyədən, İrandan qonaqlar iştirak etmişdir. Belə tədbirlərdən biri də 24 aprel 1919-cu ildə Bakı İctimai Məclisinin Yay Salonunda keçirilmişdir. Məclisdə iştirak etməyib ianə göndərənlər arasında Pəri xanım Topçubaşova, Liza Muxtarova Tuqanova, S. Səlimxanova, Q. Mahmudbəyova və İsa bəy Aşurbəyov, Ağa Axundov, Ağalar bəy Mahmudbəyov da olmuşdur. 10 yanvar 1920-ci ildə yenə eyni məkanda ikinci belə tədbir keçirilmiş, tədbirdə Əzim Əzimzadənin dekorasiyalarından istifadə olunmuş, Qarabağdan aşıqlar çağrılmış, Türkiyədən kişi və qadın aktyorlar qonaq gəlmiş, hökumət üzvləri, Seyid Ziyaəddin Təbatəbai rəhbərliyində İran Nümayəndə Heyəti, Gürcüstan səfiri də iştirak etmişdir.

1919-cu ilin mayında Mərkəzi Komitənin qərarı ilə təşkilat strukturu təkmilləşdirilmişdir. Belə ki, MK-nın 11 nəfərdən ibarət İcraiyyə Komitəsi ləğv edilmiş, əvəzinə MK tərkibində təbliğat, təşviqat, maliyyə və nəşriyyat komissiyaları yaradılmışdır. Komissiyalara nəzarət isə sədrin ikinci müavininə həvalə olunmuşdur. Həmçinin partiyanın 7 nəfərdən ibarət Rəyasət Heyəti təşkil olunmuşdur. Rəyasət heyətinə sədr, onun 2 müavini, məsul katib və 3 digər üzv daxil idi. 1919-cu ilin iyununda isə MK nəzdində hüquq şöbəsi yaradıldı.

1919-cu ilin iyun ayında İttihad Nuru Paşanın həbsdən azad edilməsi tələbiylə Qazax, Nuxa, Şuşa və Ağdam da etiraz mitinqləri keçirmişdir. İyul ayında isə İttihad Gəncədə dağlılarla birgə Denikinin Şimali Qafqaza hücumuna qarşı mitinq keçirmişdir. Oktyabr ayının 22-də isə eyni məqsədlə Bakıda böyük bir mitinq təşkil edilmişdir.

1919-cu ilin oktyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bitərəflər fraksiyasının üzvləri Cəmil bəy Ləmbəranski və İsgəndər bəy Axundov İttihad Partiyasına üzv olmuşdur. Bu barədə və fraksiya dəyişikliyi ilə bağlı məlumat parlamentin 18 oktyabr 1919-cu il tarixli iclasında elan olunmuşdur.

1920-ci ilin yanvar ayında İttihadın artıq 600-dan çox yerli şöbəsi var idi. Bunun nəticəsində partiya ölkənin iri mərkəzlərində 30 böyül komitə yaratmışdır. İttihad Mərkəzi Komitəsinin üzvləri və sədr Qara bəy Qarabəyov daxil olmaqla müxtəlif qəzaları, bölgələri və kəndləri gəzir, oralarda nitqlər söyləyir və yerli əhalinin şikayətlərini dinləyirdi. Partiyanın Göyçay, Ağdaş və Ərəşdə Mərkəzi Komitəsinin səlahiyyətli nümayəndəsi olaraq Əbdül Qafur Əfəndi, Zaqatala və Şəkidə Yaqub Qocayev, Quba bölgəsində isə Əbdül Cəbizadə təyin olunmuşdur. Qara bəy Qarabəyov şəxsən partiyanın ən nüfuzlu olduğu Nuxa, Zaqatala, Ərəş və Göyçaya getmiş, daha sonra MK üzvü Qara bəy Əliverdilər ilə Qarabağa səfər etmişdir. Bütün bunların nəticəsində partiya xüsusilə Nuxa, Zaqatala, Ərəş və Göyçay qəzalarında ən nüfuzlu partiyaya çevrilmişdi.

II Qurultay