Məmməd İsmayıl (tam adı: Məmməd Mürşüd oğlu İsmayılov; ) — Azərbaycan şairi.

Həyatı Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan SSR-in Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı almışdır.

1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır.

1989–1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsini tutmuşdur.

1995–1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir.

1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul olmuşdur.

19 avqust 2025-ci ildə ağciyər xərçəngindən vəfat edib.

Ədəbi fəaliyyəti 14 yaşından bədii yaradıcılıqla məşğul olmuşdur. "Azərbaycan Yazıçılar İttifaqı"nın (1970-ci ildən) və "Azərbaycan Jurnalistlər İttifaqı"nın üzvü, "Avrasiya Yazıçılar Birliyi"nin qurucu üzvü idi. Moskvada çap olunan "Literaturnoe Znakomstvo" jurnalının redaksiya heyətinin üzvü, Türkiyə təmsilçisi və köşə yazarı olmuşdur. "Beynəlxalq Sənətçilər və Jurnalistlər" birliyinin Türkiyə təmsilçisi, 2017-ci ildən mərkəzi ofisi Brüseldə yerləşən "Bogdani" Beynəlxalq Yazıçılar Assosiasiyasının vitse-pirezidenti idi (2019-cu ildən). Rusiyanın tanınmış rəssamlarından biri olan Yuri Rakşa 1973-cü ildə M. İsmayılın portretini işləmişdir.

"Azərbaycan Yazıçılar Birliyi"nin katibi seçilmiş və dəfələrlə birliyin idarə və rəyasət heyətlərinin üzvü olmuşdur. Fransa "Elm, Sənət və Ədəbiyyat Akademiyası"nın və "Ukrayna Ali Təhsil Akademiyası"nın həqiqi üzvü idi. "Ukrayna Ali Təhsil Akademiyası" türk və slavyan xalqları ədəbiyyatlarına verdiyi töhfələrə görə onu fəxri doktor ünvanı ilə mükafatlandırmışdır. Əsərləri 50-dən çox dilə tərcümə edilmişdir. M. İsmayıl müxtəlif ölkələrin şair və yazıçılarının bir çox əsərini Azərbaycan və türk dilinə çevirərək çap etdirmişdir. Bir çox xarici ölkənin (Türkiyə, Ukrayna, Moldova, Macarıstan və s.) ədəbiyyat ensiklopediyalarında həyatı və yaradıcılığı ilə bağlı məqalələr nəşr edilmiş, haqqında magistr və doktorluq dissertasiyaları (Azərbaycanda və Türkiyədə) yazılmışdır.

Mərkəzi ofisi Rumıniyanın Krayova şəhərində yerləşən "Mixail Emunesku Akademiyası" 2018-ci ildə onun əsərlərini Nobel mükafatına təqdim etmişdir.

Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şeir festivalında (Türkiyə, Almaniya, İtaliya, Hindistan, Vyetnam, Kuba, Rusiya, Ukrayna, Belarus, Polşa, Litva, Türkmənistan, Suriya, Rumıniya, Serbiya, Bosniya, Qaradağ, Şimali Makedoniya, Litva, Burkino-Faso və.s.) türk və Azərbaycan ədəbiyyatlarını layiqincə təmsil etmişdir. İtaliyada və Rumıniyada nəşr olunan "Dünya Şeir Antologiyası"nda Azərbaycan şeiri onun əsərləri ilə təmsil olunmuşdur (2015–2017). Amerika Birləşmiş Ştatlarının Koliforniya ştatının San-Xose şəhərində dünya şeirinin seçmələrindən ibarət illik "Svyaz vremyon" (Zamanların əlaqəsi) antologiyasının tərcümə bölümündə əsərlərinə yer verilmişdir. Şairin "Adım", "Apar məni", "Burda bir şəhər yatır", "Yatan mənalar", "Döyüş, Qələbə", "Yaşıldı gözümdə dünyanın əksi" şeirlərinin yer aldığı şeir kitabına şairin tərcüməçisi və dostu rus şairi Mixail Sinelnikov ön sözü yazmışdır. Ön sözdə M. İsmayılın dünya ədəbiyyatındakı yerindən bəhs olunur. Türkiyədə "Akademik Şeir Ailəsi Yazıçılar Qurumu" tərəfindən hər il fərqlənən bir türk şairinə "Mehmet İsmail Edebiyyat ödülü" (2018) verilir. Türkiyədə çap olunan Güfte Edebiyat Kültür Sanat ve Edebiyat dergisi tərəfindən Uluslararası Prof. Dr. Mehmet İsmail Şiir Yarışması təsis edilmişdir (2023). İndiyədək Azərbaycan, türk, fransız, yapon, alban, rumın, rus, macar, qazax və başqa dillərdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunmuş, 50-dən çox şerinə mahnı bəstələnmişdir.

Fəxri adları, mükafatlar, nailiyyətlər 1969-cu ildə hazırladığı "Odlar diyarı" silsilə verilişlərinə görə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən televiziya tarixində ilk dəfə "Qızıl qələm", 1978-ci ildə Bakıda çap olunmuş "Söz vaxtına çəkər" və Moskvada çap olunmuş "Dəymiş nar dənələri" kitablarına görə Azərbaycan SSR "Lenin Komsomolu mükafatı"na və Moskvada çap olunmuş "Yerlə göy arasında" kitabına görə Ümumittifaq "Ostrovski mükafatı"na, 1979-cu ildə "Ceyran Muğana qayıdır" sənədli filminin ssenarisinə görə isə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin gümüş medalına layiq görülmüşdür. 1996-cı ildə Türkiyə Dəyanət Vəqfinin Məhəmməd peyğəmbərin doğum həftəsi münasibətilə keçirdiyi şer yarışmasının qalibi olmuşdur. 1997-ci ildə Türkiyə Yazıçılar və Sənətkarlar Vəqfinin "Türk Dünyasına Xidmət" mükafatı Azərbaycandan ilk dəfə ona verilmişdir. Türkiyənin Konya şəhərində keçirilən "Saz və Söz bayramı"nda iştirak edərək 1990, 1991, 1995-ci illərdə bayramın 1-ci mükafatına – böyük qızıl medala, 2012-ci il sentyabrın 10–16-da Krımın Koktebel şəhərində keçirilən 10-cu Şeir Simpoziumunun Birincilik diplomuna, 2014-cü ildə Rusiya Yazıçılar İttifaqının S. Yesenin adına "Qızıl payız" medalına və diplomuna layiq görülmüşdür. Mərkəzi ofisi Brüsseldə yerləşən Beynəlxalq Yazıçılar Assosiasiyasının "Peter Boqdani" (2017), Fransa Elm, Sənət və Ədəbiyyat akademiyasının keçirdiyi "Avropada azadlıq sevgisi" şeir yarışmasının qalibi olmuş, Rumıniya M. Eminesku akademyasının "Mixay Eminesku" və Ukrayna Ali Təhsil Akademiyasının "Taras Şevçenko" medallarına layiq görülmüşdür. Moldovanın "Literatura Arta" ədəbiyyat qəzetində çap olunan silsilə şeirlərə görə qəzetin poeziya üzrə illik mukafatını (2018), eyni zamanda Kosovada alban dilində çap olunan "Unudulmaq növbəsi" kitabına görə "Azəm Şkrelit bəynəlxalq ədəbiyyat mükafatı"nı almışdır (2018). Rusiya Yazıçılar İttifaqının "İnnokenti Annenski" (2018) və Qaşqarlı Mahmud Beynəlxalq fondunun "Qaşqarlı Mahmud" mükafatlarına (2019), Qazaxıstan Respublikası prezidentinin təsis etdiyi Qazaxıstan Xalq Məclisinin 25-ci il yubiley medalına (2020), "Mixai Eminesku" Beynəlxalq Poeziya Akademiyasının icraiyyə komitəsi Milli və dunya ədəbiyyatinda gostərdiyi önəmlii xidmətlərinə görə "Mixai Eminesku" mükafatı və medalına (2022), "Mixai Eminesku" Beynəlxalq Akademiyasının icraiyyə komitəsi "Mixai Eminesku" Beynəlxalq Poeziya Festivalı İlin poeziya mükafatına (2022) layiq görülmüşdür. Yaradıcılığına və Beynəlxalq Poeziya Festivalında aktiv iştirakına görə Mixai Eminesku Beynəlxalq akademiyasının (Krayova, Rumıniya) fəxri üzvü seçilmişdir (2022).

Əsərləri

Azərbaycan dilində çap olunmuş kitabları

Türk dilində çap olunmuş kitabları

Digər dillərdə çap olunmuş kitabları

Filmoqrafiya

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Televiziyasının sədrləri Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər