Zərgərli — Azərbaycan Respublikasının Qəbələ rayonunun Zərgərli kənd inzibati ərazi dairəsində kənd. 14 iyul 1998-ci il tarixli 524-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun faktiki mövcud olan Zərgərli kəndi dəqiqləşdirmə qaydasında Bum kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 15 aprel 2005-ci ildə Zərgərli kəndi Bum kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zərgərli kənd inzibati ərazi vahidi yaradılmışdır.

Tarixi Deyilənə görə burada yaşayan əhali arasında varlı insanlar, xüsusən qır-qızıllı camaat çox imiş, elə ta əvvəldən zərgərlərin, əli dürrlə oynayan sənətkarların adı ilə kənd belə adlanıb. Bu varidat, miras əhaliyə heç də xoşbəxtlik gətirməyib. Sovet hakimiyyəti qurulandan sonra camaatın nəyi varsa əlindən alınıb və kəndin yarısı repressiyanın qurbanı olub.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Coğrafiyası və iqlimi Kəndin rayon mərkəzi ilə arası 17 km-dır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhali əsasən qoyunçuluqla məşğul olur. Bu köçəri camaatın ət, süd, yun istehsalında birincilər sırasında adı çəkilir. Qəbələ–Oğuz yolu ilə arası 1 km olan zərgərlilər Nic bazarından alış-veriş edir, tədarük etdiyi məhsullarını da burada satırlar. Kəndin əhalisi artezian suyu ilə təmin edilib.

Təhsil Kənddə ibtidai təhsili bitirənlər Nic qəsəbəsinin orta məktəblərində təhsilini davam etdirirlər. Zərgərlidə 11 illik məktəbin tikintisi planlaşdırılır. Belə ki, 2009–2013-cü illərdə bu ərazidə də təhsil ocağının inşası nəzərdə tutulub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun kəndləri