Ölülər — Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət komediya.
Əsərin tarixi və ilk səhnələşdirilməsi thumb|297x297px|Tamaşanın "Kaspi" qəzetindəki elanı Əsərin ilk oxunuşu 1913-cü ildə Şuşada keçirilmişdi. Əsər təriflənmiş, lakin mövhumat yuvası Şuşada səhnəyə qoyulmasının tezliyi qeyd edilmişdi. 1916 il aprelin 29-da Bakıda, Tağıyev teatrında əsərin ilk tamaşası oldu. Tamaşanın rejisoru H. Ərəblinski idi. İsgəndər rolunda M. Əliyev, Şeyx Nəsrullah rolunda Əliqulu Nəcəfov çıxış edirdi.
Tamaşa çox böyük müvəffəqiyyət qazandı. Bakıda nəşr olunan "Açıq söz" qəzetinin 1 may 1916 il sayındakı "Ölülər" haqqında təəssürat məqaləsində deyilirdi: "Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirdi. Mola Nəsrəddinin əsəri – təhriri olan "Ölülər" draması tamaşa edilirdi". Sonra məqalədə göstərilir ki, hər pərdənin arasında müəllif alqışlarla səhnəyə çağırılıb təbrik olunurdu. Mətbuat, ədəbiyyat, məktəb və səhnə işçiləri düzülüb müəllifi alqışlarla çağırdılar. "Müəllif səhnəyə çıxanda bir alqış tufanı qopdu". "Açıq söz"ün müxbiri bu təntənədəki görkəmli tamaşaçılara müraciətlə öz təəssüratlarını bildirmələrini xahiş edir. Onlar deyirlər: "Şeyx Nəsruallahın ölüləri diriltməsi yalansa da, "Ölülər"in ölü fikirləri diriltməsinə şübhə ola bilməz".
Sultan Məcid Qənizadə yazırdı: ""Ölülər" son komediyalarımız içində parlaq bir mövqe tutur. "Ölülər"də sənətkaranə bir dirilik, mahiranə bir incəlik var. "Ölülər" mühərrirində bəzən Qoqol ruhu yaşar". Hüseyn Cavid isə qeyd edirdi ki, artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlman həyatında böyük rollar oynayacaqdır. Üzeyir Hacıbəyov isə "Ölülər"i "Molla Nəsrəddin" kimi, baltanı dibindən vuran bir pyes adlandırmışdı.
Personajların prototipləri Həmidə Məmmədquluzadə (Cavanşir) yazır ki, Mirzə Cəlilin dediyinə görə, şeyxin ölüləri diriltməsi əhvalatı əsla uydurma deyil. Bir vaxtlar İrəvan quberniyasında belə bir hadisə baş vermişdi. Pyesin bütün tipləri Naxçıvan camaatından götürülmüşdür. Həmidə Məmmədquluzadə (Cavanşir) yazır ki, atası "rus Əhməd" kimi çağrılan Əhməd bəy Cavanşirin bir dostu Ağcabədinin Hüsülü kəndindən olan İsgəndər Hacı Həsən oğlu yerli ruhaniləri vecinə almadan öz üzümündən şampanabənzər şərab çəkirmiş və buna görə də ona "kefli İsgəndər" deyirlərmiş. Ancaq kefli İsgəndərin prototipi kimi bir sıra adamların, məsələn, hüquqşünas Paşa bəy Hacı Ələkbər bəy oğlu Sultanovun (1868/1869–1942) da adı çəkilir.
Ədəbiyyat
Həmidə xanım Cavanşir. Xatirələrim. II nəşr. Bakı, 2012
İstinadlar
Həmçinin bax
Cəlil Məmmədquluzadə Poçt qutusu
Xarici keçidlər
Kateqoriya:1909-cu ilin əsərləri Kateqoriya:Cəlil Məmmədquluzadənin pyesləri Kateqoriya:Azərbaycan dilində pyeslər Kateqoriya:XX əsr pyesləri