Səfəvi–Rusiya müharibəsi – II Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyasının Qafqazın şimalında öz nüfuzunu artırmaq istəməsi ruslarla toqquşmaya səbəb oldu. 1646-cı ildən etibarən rus hökuməti Səfəvi torpaqlarından İsveçə qədər torpaqlarda ipək ticarəti edən xarici tacirlərin mövqelərini zəiflətməyə başlamış və 1649-cu ildə Sobornoe Ulojenie qəbul edilmişdi. Buna görə, xarici tacirlərin imkanları daha da məhdudlaşdırılırdı. Hakimiyyətinin ilk illərində Abbas ruslarla münasibətlərə əhəmiyyət vermirdi və onların Osmanlıya qarşı münasibətləri inkişaf etdirmək təkliflərini görməzdən gəlirdi. 1647 və 1653-cü illərdə ikili münasibətlərdə karvan quldurluğu hadisələrinə və Səfəvilərdə rus tacirlərin həbsinə görə gərginlik artdı. Həmçinin rusların sərhədlərini cənuba doğru genişlətməsi buraları özlərinin mülkü hesab edən Səfəvilərin qarşı çıxması ilə nəticələndi. Bu gərginliklər də 1651–1653 müharibəsinə və ya münaqişəsinə yol açdı. Bu müharibənin meydana çıxmasında rol oynayan səbəblərdən bir digəri də rusların devrilmiş gürcü kralı I Teymuraz üçün qala tikmək istəmələri idi. Ruslara yardım üçün müraciət edən Kaxetili I Teymuraz bu xəbərin II Abbasa çatmasından sonra öz istəyinə nail ola bilmədi. Qəndəharda olan II Abbas dərhal bu məsələ ilə məşğul olmaq üçün qoşun hazırlatdı. Şirvan bəylərbəyi Xosrov xanın komandanlığı altında yerli qumuqlarla əməkdaşıq edən Ərdəbil, Qarabağ və Astara qızılbaşları rusları məğlub etdilər, bazalarını ələ keçirdilər və özlərini qovdular. Bundan sonra İsfahan və Moskva arasında elçilər yekun sülh müqaviləsini həll etmək üçün gedib gəlməyə başladı, lakin sülh müqaviləsi 10 il sonra imzalandı.
Müharibədən əvvəl bölgədəki vəziyyət XVII əsrdən etibarən Rusiya çarlığının Şimali Qafqazdakı əsas dayaq məntəqəsi Terek qalası oldu. Burada çarlıq voevodası və döyüşçüləri toplanmış idi. XVII əsrin ortalarında Terek məntəqəsi ətrafında 70 Kabardın əsilzadə ailəsi ilə birlikdə, bir çox rus, erməni, Azərbaycan türkü və fars yaşamaqda idi. Onlar ticarət və sənətkarlıqla məşğul olurdular. Şimali Qafqazdan olan əsilzadələr ətrafları ilə birlikdə buraya köçür və rus vətəndaşlığını qəbul edirdilər. Kabardin əsilzadələrindən biri olan Muçal Sunçaleyeviç Çərkəziskinin də burada evi var idi. O, 1645-ci ildə çar fərmanı ilə knyaz olmuş və qeyri-ruslar üzərində hakim təyin edilmişdi. Məntəqədəki qarnizona 2 min nəfərlik döyüşçü, 500 streles daxil idi. Onlara komandanlığı isə polkovnik rütbəsində olan məntəqə hakimi edirdi. Knyaz Muçalın özünün də 500 nəfərlik hərbi dəstəsi var idi və ehtiyac yaranacağı təqdirdə öz dəstəsi ilə rus ordusuna kömək etməyə borclu idi.
Terek çayının sağ sahilində, Sunja çayı ilə Terek çayının birləşdiyi və müasir Qroznı şəhərinin şimal-şəörqində 1635-ci ildə ruslar Sunja həbsxanasını bərpa etdilər. 16450-ci ildən bir qədər sonra Knyaz Muçal öz təbəələri ilə birlikdə Terek məntəqəsindən köç edərək Sunja həbsxanasının yaxınlığında Sunjada yerləşdi. Onunla gələnlər kabardinlər, çeçenlər və qumuqlar idi. Həbsxananın 2 verst məsafəsində əvvəldən rus vətəndaşlığını qəbul etmiş olan İldar Mirzənin rəhbərliyində baraqunilər və ya Terek qumuqları yerləşdi. Sunjanın qərbində İvan Qorznı dönəmindən rus protektoratlığını qəbul etmiş olan kabardinlər yaşamaqda idi.
1629-cu ildə Avar xanı rus çarına müraciət edərək Göysuda qala tikməsini istəmiş və bu işdə ona kömək edəcəyini söz vermişdi. Bundan başqa, Avar xanı rus çarından rus vətəndaşlığına girməsinə şərait yaradılmasını istəyir və çara Şimali Qafqazda tikilmiş ilk rus qalası olan Terekin salınmasında onun babasının yardım etdiyini xatırladırdı:Bu dönəmdə Səfəvi imperiyasının Şimali Qafqazda yeritdiyi siyasət qumuqları ruslara yaxınlaşmağa və kömək istəməyə məcbur etdi. 1637-ci ildə qumuq şamxalı rus çarından onu öz təbəəsi kimi tanıdığını ehtiva edən məktub aldı. Bu zaman qumuqlar artıq Səfəvi imperiyasının vassalı olduqları üçün bununla iki qat vassallığı düşdülır, həm ruslardan, həm də qızılbaşlardan, lakin Dağıstanın Səfəvi hakimiyyəti altında olması Rusiyanın maraqlarına uyğun deyildi. 1642-ci ildə Rusiya hökuməti qızılbaşların Moskvadakı səfiri Acı bykə qəti şəkildə bəyan etdi ki, "qumuq xalqı çar əzəmətinin əbədi xidmətçiləridir", lakin qumuqlar həm rusların, həm də qızılbaşların bölgədə möhkəmlənməsinə əngəl olaraq, müstəqil siyasət yürütməkdə idilər. Şamxal III Surxay Başlıda qızılbaşların qala tikməsinin qarşısını aldı. Eyni zamanda onlar rusların bölgədə güclənməsini də istəməməkdə idilər. 1650-ci ildə Surxay xan ruslardan qaçan noqayları öz torpaqlarına qəbul etdi. Buna cavab olaraq onun torpaqlarına soxulan rus ordusu Germerçik döyüşündə noqay-qumuq ordusuna məğlub oldu. Bundan sonra Endirey qumuqlarının rəhbəri olan Qazan Alp Surxayla barışdı və bununla da 1642-ci ildən bəri qumuqlar arasında davam edən daxili mübarizə sonlandırıldı.
Bunlar baş verərkən bölgədə qızılbaş təsir dairəsi də genişlənməkdə və artıq qumuqları təhdid etməkdə idi. Bölgədəki ən güclü qumuq hakimliyi Tarku şamxallığı idi. Bu hakimliyin rəhbərləri Buynaksk hökmdarı, Dağıstan valisi və yaxın zamana qədər Dərbənd xanı titulunu daşımaqda idilər. Bir digər önəmli qumuq hakimliyi isə Endirey şamxallığı idi. Dərbəndin şimal-qərbində Qaytaq usmiliyi yerləşməkdə idi. 1645-ci ildə II Abbas ruslara yaxın olduğu bilinən Rüstəm xan Qaytaqdan qovdu və onun yerinə özünə tabe olan Əmirxan Sultanı hakim təyin etdi.
Ziddiyətlərin səbəbləri 1639-cu ildə Səfəvi-Osmanlı müharibəsi (1623-1639) qurtardı. Bu iki dövlətin Qafqazda təsir dairələrini müəyyən edən Qəsri-Şirin sülh müqaviləsi bağlandı. Yeni şəraitdə Səfəvilər Dərbənddən Sunjaya qədər, Osmanlılar və Krım xanları isə Qara dənizdən Kabardaya qədər öz hakimiyətlərini yaymaq istəyirdilər. Şimali Qafqazda Səfəvilərin maraqları qaçılmaz olaraq Rusiya ilə toqquşurdu. Şah II Abbas hakimiyətinin əvvəlində Rusiya ilə dinc münasibətlər saxlayırdı, lakin rusların Şimali Qafqazda işğalçı planları onun Rusiyaya qarşı münasibətini dəyişdi. Mübahisənin başlamasına 1650-ci ildə kazak quldurlarının Kabardaya gedən şirvanlı və dağıstanlı tacirlərin karvanına basqını oldu. Şirvan bəylərbəyi şamaxılı Xosrov xan çox narazı qalmışdı, çünki Xosrov xanın mülkiyəti də yağmalanmışdı. Ruslar bəhanə etdilər ki karvanın keçməsi üçün Terek (voyevoda) sərdarlarından icazə alınmamışdı, buna görə kazaklar ona hücum etmişdi. Şamaxı bəylərbəyi Həştərxan sərdarını kazakları dəstəkləməkdə suçladı və ondan təzminat tələb etdi. Xan məktubunda yazdı ki, əgər ruslar özləri qurldurlarla bacarmırlarsa, onda o bir ayın içində onların kökünü kəsməyə hazırdır və lazım gəlsə Terek şəhərciyini və Həştərxanı yerlə bir edər. 1639-cu ildə Osmanlı və Səfəvi imperiyaları arasında uzun müddətdir davam edən müharibə Qəsri Şirin sülh müqaviləsinin imzalanması ilə sonlandırıldı. Yeni imzalanmış müqaviləyə əsasən Qafqaz iki imperiya arasında nüfuz dairələrinə bölündü. Yeni konfiqurasiyaya görə Osmanlı və Krım xanlığı Qara dəniz sahili boyunca və Kabarda da öz üstünlüyünü qurmağa çalışarkən, Səfəvi şahı Dərbənddən yuxarıya doğru, Sunja çayına qədərki bölgələrdə öz nüfuz üstünlüyünü qura bilərdi. Belə bir şəraitdə bölgə üzərində Rusiya ilə Səfəvi imperiyasının maraqlı toqquşurdu. II Abbas taxta çıxdıqdan sonra ruslarla sülhü davam etdirməkdə qərarlı olub, ticarəti və əməkdaşlığı genişlətmək üçün addımlar atsa da, sonradan bu fikrindən daşındı. II Abbasın yeni məqsədi nəinki ruslasrın Dağıstan ərazisinə daxil olmasının qarşısını almaq, eyni zamanda rusları bütün Şimali Qafqazdan qovmaq idi. Bunun üçün şah dağlıların daxili işlərinə qarışmağa da başladı.
Müharibənin başlamasında Xosrov xanın Xəzər dənizi sahilində fəaliyyət göstərən kazak dəstələrinə qarşı çıxması əsas oldu. Beləki 1650-ci ildə Qreben kazakları şamaxılı və dağıstanlı tacirlərin karvanına hücum eədərək karvanın mallarını yağmaladılar. Yağmalanan karvanda Səfəvi imperiyasının Şirvan bəylərbəyi olan Xosrov xanın da şəxsi malları var idi. Bir qədər sonra məlum olur ki, karvan iki dövlət arasında imzalanmış müqavilənin şərtərinə zidd olaraq hərəkəti barədə Terek hakiminə məlumat verməmiş və buna görə də, kazakların hücumuna məruz qalmışdır. Xosrov xan rus hakiminə göndərdiyi məktubda vurulmuş zərərin kompensasiyasının verilməsini və kazakların cəzalandırılmasını tələb edirdi. Xosrov xan Həştərxanın rus hakiminə yazdığı məktubda rus hökumətinin heç birt addım atmayacağı halda kazakların hökumət orqanları təlimatı üzrə hərəkət etdiyi qənaətinə gələrək bir ay içində "həm Tereki, həm də Həştərxanı qara torpağa" çevirə və kazakları özü cəzalandıra biləcəyini yazırdı. Rusiya ilə Səfəvi arasında hərbi əməliyyatların başlamasının bilavasitə səbəbi Sunja qalasının bərpası idi. Terek və Sunjadakı rus qalaları şahın Dağıstanda öz təsirini yaratmaq planlarına mane olurdu. Doğrusu 1658-ci ildə Moskvadakı qızılbaş səfiri Daqul Sultan bildirmişdi ki, müharibənin başlamasının səbəbi Sunja qalası yox, Terek qumuqları olmuşdur. Sunjada məntəqə salındıqdan və orada qumuqlar məskunlaşdıqdan sonra bölgədəki münaqişələr, qətllər və oğurluqlar çoxalmış, nəticədə Səfəvi təbəələri bölgəyə səfər edə bilməmişdirlər. Səfəvi tərəfinin hücuma hazırlaşdığından xəbərdar olan Tarku şamxalı III Surxay xan 1650-ci ildə Həştərxanın qubernatoru Qriqori Çerkəzskiyə məktub yazaraq hücuma hazırlaşmağın gərəkdiyini bildirdi. Qubernator bu məktuba cavab olaraq terek atamanlarına və kazaklarına əmr göndərərə Sunja həbsxanasına yardım etmələrini və mümkün hücumun qarşısını ala bilmək üçün tədbirlər görməyi əmr etdi.
Sunja istehkamına birinci yürüş 1651-ci ildə Şirvanda olan Xosrov xan II Abbasdan fərman alır. Fərmanda ona vaxt itirmədən qızılbaş ordusunun Sunjaya yürüşünü təşkil etmək və orduya komandanlıq etmək əmr edilirdi. II Abbasın əmri sadəcə o qədər də böyük olmayan Sunja istehkamını ələ keçirməklə məhdudlaşmırdı. Xosrov xanın özünün də dediyi kimi II Abbas ona Sunjanı ələ keçirmək və vaxt itirmədən Həştərxana yürüş etməyi tapşırmışdı. Sunja qalasını ələ keçirməyi Xosrov xan Tarku şamxalı Surxay xana həvalə edir. Onun dəstəsinə Tarku qumuqlarından əlavə, Endirey qumuqları və Qaytaq usmiliyinin döyüşçüləri də daxil idi. Endirey qumuqlarına Qazan Alp, Qaytaq usmliyindən gələnlərə isə Əmirxan Sultan komandanlıq edirdi. Onlara kömək üçün Xosrov xan nizami qızılbaş ordusundan 800 nəfərlik dəstə və iki top da göndərir. 800 nəfərin 500-ü Şamaxıdan, 300-ü Dərbənddən idi. Həmçinin hazırlanan bu orduya noqay ordalarından olan dəstələr də Çoban Mirzə və Şatemir Mirzənin komandanlığı qoşuldular. Həmçinin Mıçık və Arqun çayları boyunca yaşayan çeçen camaatlıqları olan çıçkızyanlar və şibutyanlar da bu orduya qatılırlar. Sunjaya hücum etməyə hazırlaşan ordudakı döyüşçülərin sayı ümumilikdə 12 min nəfərə çatırdı. 25 oktyabr 1651-ci ildə birləşmiş ordu Sunja çayının sahilinə gəlib çatdı. İlk toqquşma Kazak Şadrinin məntəqəsi yaxınlığında baş verdi. Müdafiə mövqeyi tutan rus dəstələri müqavimət göstərməyi bacardılar və qızılbaşlarla qumuqların ilk hücumunu dəf edə bildilər.