Rzayev İslam Tapdıq oğlu () — Azərbaycanlı müğənni, xanəndə və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989).
Həyatı İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda almış (1951–1956), Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını mükəmməl öyrənmişdir. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.
Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilmişdir. Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.
70-dən artıq qastrol səfərlərində olmuş, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir.
Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.
Xatirəsi 2025-ci ildə Beynəlxalq Muğam Mərkəzində Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyinə həsr olunan tədbir keçirilib.
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1967 Azərbaycan SSR xalq artisti — 1989 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Şöhrət" ordeni — 10 noyabr 2004
Filmoqrafiya Azərbaycan elləri (film, 1976) Bakı bağları. Türkan (film, 2007) "Hacı Mail" nağılı... (film, 2005) Havalansın Xanın səsi (film, 2001) Sevil (film, 1970) Şur (film, 1967) Yenilməz batalyon (film, 1965) Yorulmamışam. Rövşən Behcət (film, 2007)
İstinadlar
Xarici keçidlər İslam Rzayevin doğum günüdür
Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Füzuli rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Xanəndələr