Budaq Əbdüləli oğlu Budaqov () — Azərbaycanlı alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), Respublika Ağsaqqallar Şurasının sədri, Azərbaycan Milli Məclisin "Toponimika" Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N. A. Pryevalski adına Qızıl medalı (1978), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatları laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1976), AMEA-nın həqiqi üzvü (1989), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru.Будаг Абдулали оглы Будагов //Национальная Академия наук АзербайджанаRespublika Prezidentinin Fərmanı
Həyatı Budaq Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar mahalının Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933–1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940–1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə doğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945–1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Moskvada coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1955–1958-ci illərdə -Azərbaycan SSR Coğrafiya İnstitutunda kiçik elmi işçi əmək fəaliyyətinə başlamışdır. Artıq alim 1958-ci ildə SSRİ AAK-ın qərarı ilə baş elmi işçi adı almışdır. 1958–1962-ci illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi, 1965–1968-ci illərdə Bakı Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının (yarım ştatda) müəllimi kimi fəaliyyət göstərmişdir. 1967-ci ildə Bakıda coğrafiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün "Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyası və yeni tektonikası" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
1967–1986-cı illərdə AMEA akad. H. Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq şöbəsinin rəhbəri, 1970–1990-cı illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezident müavini, 1974–1983-cü illərdə isə AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi vəzifələri tutmuşdur. Müxtəlif dövrlərdə bir çox məsul vəzifələrə təyin olunmuşdur: AMEA müxbir üzvü (1976, Dövlət imtahanı komissiyasının sədri (APİ. Coğrafiya ixtisası üzrə. Bakı) (1982), AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini (1986), AMEA Coğrafiya İnstitutunun fiziki coğrafiya və xəritəçilik şöbəsinin rəhbəri (1986), AMEA həqiqi üzvü (1989), Azərbaycan Coğrafiya Cəmiyyətinin V qurultayında cəmiyyətin prezidenti və AMEA Coğrafiya İnstitutunun coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasının sədri (1990), Azərbaycan İctimai-Siyasi Kollecində Təbiət kafedrasının müdiri və Azərbaycan Ağsaqqallarnın üçüncü növbədən kənar qurultayında Respublika Ağsaqqallar Şurasının sədri (1997), Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (1999), Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimika Komissiyasının üzvü (1999) və komissiyanın sədri (2000–2012).
Ailəsi Həyat yoldaşı — Zərifə Budaqova (1929–1989) — filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu direktor vəzifəsində işləyib.
2 oğlu, 1 qızı, 4 nəvəsi
Sevinc Budaq qızı Budaqova — Tarix üzrə fəlsəfə elmlər doktoru. Bakı şəhəri 46 nömrəli məktəbdə direktor vəzifəsində işləyir. Vasif Budaq oğlu Budaqov — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıda işləyir. Vaqif Budaq oğlu Budaqov
Elmi fəaliyyəti
Geomorfologiya 1951-ci ilin noyabr ayında Azərbaycanda geomorfologiya üzrə ixtisasçı alimlərdən biri. Aspirantura illərində ilk dəfə olaraq azərbaycanlı alimlərdən arasında respublika tarixində və ümumiyyətlə keçmiş SSRİ məkanında Azərbaycan SSR geomorfologiyasının fundamental monoqrafiyanın müəllifi. 1956–1959-cu illərdə Azərbaycan geomorfoloji xəritəsinin (1:500000) tərtibi. 1957-ci ildə Azərbaycanın böyük bir regionunun – Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyasına həsr edilmiş respublikada geomorfologiya elminə dair ilk monoqrafik elmi əsər. 1956-1958-1965 ci illərdə Azərbaycanın Böyük Qafqaz hissəsinin müasir və qədim buzlaşmasını öyrənmək və bu elmi hesabatın monoqrafiya şəklində çap edilmişdir. 1959-cu ildə AMEA-nın kompleks ekspedisiyası tərkibində Kiş çayının sellərinin öyrənilməsi, Kiş çayı hövzəsinin geniş tədqiqi və irimiqyaslı geomorfoloji xəritəsinin tərtibi, selli çayların geomorfoloji baxımdan ətraflı öyrənilməsi, Kiş çayı hövzəsində apardığı tədqiqatlar geomorfologiya elminin bir neçə problemlərinin həllinə, o cümlədən bəzi paleocoğrafi məsələlərin aşkar edilməsinə yardımçı olmuşdu. Kiş hövzəsində aparılan dəqiq tədqiqat nəticəsində ilk dəfə Kəm morenini aşkar etmiş və onun Üst Pliosen yaşlı olduğunu müəyyənləşdirmişdir. Kəm moreninin altında yatmış, yüksək səviyyədə cilalanmış, konqlomerata çevrilmiş çay daşları ona əsas vermişdir ki, Paleokişçayın mənbəyinin onun müasir mənbəyinə nisbətən xeyli şimaldan, indiki Samurçay hövzəsindən başlandığı fikrini irəli sürmüşdür. Kiş çayı hövzəsində apardığı tədqiqatların növbəti, ən başlıca uğurlarından biri də L. N. Leontyevin Böyük Qafqazın cənub yamacında baş verən sellərin sönməyə doğru getməsi proqnozunu elmi dəlillərlə inkar etmişdir. 1956-cı ildə Qafqazın geomorfoloji və geoloji tədqiqat tarixində ilk dəfə 3600 metr mütləq yüksəklikdə Üst Sarmat çöküntülərini 3600 metr mütləq yüksəklikdə aşkar etməsi tektonika, o cümlədən yeni tektonika, geomorfologiya və digər bir çox elm sahələrində Böyük Qafqazın yaşının nisbətən daha cavan olması nəzəriyyəsinə üstünlük verməsinə real elmi əsas yaratmışdır. Bir qrup alimlərlə birgə (N. V. Dumitraşko, B. Ə. Budaqov, D. A. Lilienberq, N. Ş. Şirinov) Azərbaycanın Böyük Qafqaz hissəsinin paleoçaylar şəbəkəsini bərpa etmələri, düzəlmə səthlərini dərindən öyrənmələri Azərbaycan geomorfologiya elminin uğurları. 1960–1965-ci illərdə AMEA akakdemik Həsən Əliyev adına Coğrafiya İnstitutunda B. A. Antonov Kiçik Qafqazda, Musa Abbasov Naxçıvan MR-də, Naib Şirinov Kür-Araz ovalığında, B. Budaqov Azərbaycanın Böyük Qafqaz ərazisində geomorfoloji xəritələşdirmə işi aparılmış, Respublikamızın ərazisinin 1:200000 miqyaslı geomorfoloji xəritəsinin tərtibi çap edilmişdir. 1973–1978-ci illərdə Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tektonik hərəkətlər adlı monoqrafiyası keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin elan etdiyi Ümumittifaq müsabiqəsində öz yüksək elmi dəyərinə görə N. İ. Prjevalski adına Qızıl medalına layiq görülmüş və Azərbaycan geomorfologiya elminin keçmiş Sovetlər İttifaqı miqyasında qazandığı sanballı elmi uğurlardan idi. 1993-cü illərdə AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutu geomorfoloqlarının elmi araşdırmalarının son nəticəsi Azərbaycan relyefi monoqrafiyası son 30–40 il ərzində respublika geomorfoloqlarının elmi-nəzəri və praktiki fəaliyyətinin məğzi idi.
Landşaftşünaslıq 1967-ci ildə keçmiş SSRİ-nin Elmlər Akademiyaları arasında ilk dəfə AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda landşaftşünaslıq şöbəsi yaradıldı. 1985-ci ildə- B. Ə. Budaqov və Almaz Mikayılovun yeni tektonik hərəkətlərin respublika landşaftının yaranmasına təsirinin tədqiqinə həsr olunmuş və keçmiş SSRİ landşaftşünasları tərəfindən yüksək rəğbətlə qarşılanmış birgə monoqrafik əsərin nəşri Azərbaycan landşaftşünaslıq elminin uğurlarından idi. 1985–1988-ci illərdə Azərbaycanın təbiəti və Azərbaycanın təbii landşaftı adlı monoqrafiya ilə respublikanın təbiətinə həsr etdiyi hər iki monoqrafik əsər respublika ərazisində inkişaf etmiş təbii landşaftların səciyyəvi xüsusiyyətlərini, formalaşması qanunauyğunluqlarını elmi əsaslarla özündə əks etdirir və elmi-nəzəri baxımdan landşaftşünaslıq elminin müasir tələbliri səviyyəsindədir. Landşaftşünaslıqla geomorfologiya elminin sərhəddində yaradılan yeni elmi məktəbin ilk daşıyıcıları – tədqiqatçıları B. Ə. Budaqov, A. A. Mikayılov və E. K. Əlizadədir.
Aerokosmik metodlar 1985-ci ildə Aerokosmik materiallardan geniş istifadə məqsədilə AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunda Aerokosmik metodlar laboratoriyası yaradıldı. Azərbaycan və qonşu ölkələrinin dağlıq ərazilərdə kosmik şəkillərin geomorfoloji deşifrləmə materialları əsasında müxtəlif tip və mənşəli tektonik qırılmalara uyğun gələn, qanunauyğun istiqamətlənmiş, mürəkkəb qövsvari, xətti və dairəvi lineamentlər şəbəkəsi müəyyən etmişdir. Bu materialların struktur-geomorfoloji interpretasiyası isə Alp tipli oroqen zonasına uyğun gələn bu ərazilərdə qırışıq, qırışıq-qayma, şaryaj, qırışıq-üstəgəlmə, vulkanogen və s. mənşəli morfostrukturlar ayırmağa imkan vermişdir. Alınmış elmi materiallara əsaslanmaqla bu dağlıq ərazilərin litosfer tavaları nəzəriyyəsi əsasında prinsipcə yeni linament-qırılma şəbəkəsi və morfostruktur karkas xəritəsi tərtib etmişdir. Əldə olunmuş deşifrləmə materialları tədqiq olunan ərazilərin Alp qırışıqlığı mərhələsində geodinamiki inkişaf modelini işləyib hazırlamağa imkan vermişdir.
Toponimika 1973–1981-ci illərdə- Elmi tədqiqat işlərinə başlayan ilk anlardan toponimlərin öyrənilməsinin mühüm elmi əhəmiyyətini dərk edərək coğrafi adlara dair materiallar toplamış, nəşr olunmuş əsərlərdən ibarət zəngin fond yaratmış, bir neçə elmi məqalə dərc etdirmiş, respublika üzrə toponimikaya həsr edilmiş iki elmi konfrans keçirmiş və gələcəkdə toponimika üzrə aparıcı elmi-tədqiqat mövzularını məqsədyönlü planlaşdırmışdı. 1994-cü ildə Türk uluslarının yer yaddaşı adlı monoqrafiya işıq üzü görmüşdür. Bu elmi əsərdə göstərilmişdir ki, uzaq keçmişdə türkdilli xalqlar Sakit okeanın şimal-qərb sahillərindən başlayaraq qərbə — Alp dağlarına qədər, şimalda Şimal Buzlu okeanın cənub sahillərindən başlayaraq Himalay dağ sisteminə qədər olan ərazilərdə məskunlaşmışlar. Əsər ingilis (1997) və rus (1997) dillərində Avrasiyanın türk toponimləri adı altında nəşr edilmişdir. Burada türkdilli xalqların coğrafi yayılması faktik materiallarla, təkzibedilməz toponimlərlə sübut olunmuş və türkdilli xalqların qohum (paralel) coğrafi adları aşkara çıxarılmaqla onların tarixi miqrasiya yolları haqqında elmi əsaslara söykənən fikirlər irəli sürülmüşdür. Türk dünyası toponimlərinə həsr edilmiş bu ilk əsər türk dünyasında aparılan dəyərli toponimik tədqiqatdır.
Əhali coğrafiyası 1977-ci ildə- İnstitutda elmin ən mühüm istiqamətlərindən birinin -əhali coğrafiyası olduğu nəzərə alınaraq təklifiə Xəzər dənizinin iqtisadiyyatı ilə məşğul olan əməkdaşlar bazasında Əhali coğrafiyası şöbəsi yaradıldı.
Xəzər dənizi problemləri 1988-ci ildə — Azərbaycan Respublikasının payına düşən Xəzər sektorunun elmi ərazisinin tədqiqində mühüm elmi işlər aparmaq üçün İnstitutda Xəzər dənizini öyrənən şöbə təşkil etmişdir. 1977–1997-ci illərdə Xəzər dənizi səviyyəsinin 2,5 metr qalxması nəticəsində sahil zonasında abraziya prosesi güclənmiş, sahilboyu uzanan bir neçə kilometr ovalıqları su basmış, nəticədə onlarla kənd, qəsəbə, müxtəlif tikintilər dağılmış, dəniz limanlarının, şose və dəmir yollarının normal işi pozulmuşdur. Ətraf mühitdə baş verən gərginliyi aradan qaldırmaq məqsədilə Xəzər dənizinin sahil zonasında tədqiqatlar təşkil edilmiş, dövlətə, eləcə də əhaliyə dəyən ziyanı aradan qaldırmaq məqsədilə millət vəkilləri ilə birgə sahil zonasında əməli işlər aparılmış, tərəfimizdən bir neçə mühüm təklif irəli sürülmüşdür.
Elmi yaradıcılığı