Fəxrəddin Sadıq oğlu Məmmədov — professor, Yaxın Doğu Universitetinin prorektoru, Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri.

Həyatı Fəxrəddin Məmmədov 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır.

Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur.

1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, Əlcəzair və Mərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır.

1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 1995–2000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur.

İstinadlar

Ədəbiyyat P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet. - 2010. - 20 noyabr. - Səh.9.

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Əlcəzair alimləri Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları