Mahir Canmirzə oğlu Həmzəyev (litvaca – Mahiras Gamzajevas, ) — ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva və Azərbaycan mədəni və ictimai-siyasi xadimi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri (1988), Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü (1991–2019), Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti (2007–2009), Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü (2001–2021).
Həyatı Mahir Həmzəyev 8 mart 1958-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Digah kəndində anadan olmuşdur. Digah kənd orta məktəbinin məzunudur (1974).1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin qiyabi şöbəsini bitirmiş. və "Azərbaycan–Litva ədəbi əlaqələri" mövzusunda yazdığı diplom işini əla qiymətlə müdafiə etmişdir. 1979-cu ildən etibarən Litva Respublikasının paytaxtı Vilnüs şəhərində yaşayır və fəaliyyət göstərir.
1984–1989-cu illərdə Litva Yazıçılar İttifaqı və Azərbaycan Dövlət Universitetinin zəmanəti ilə V. Kapsukas adına Vilnüs Dövlət Universitetinin Litva filologiyası şöbəsində litvaşünaslıq ixtisası üzrə aspiranturada təhsil almışdır. Burada litvalı professor Vitautas Kubilyusun rəhbərliyi ilə "XIX – XX əsrlər Litva – Azərbaycan ədəbi və mədəni əlaqələri" mövzusunda elmi iş yazmış, bu istiqamətdə ədəbi-tarixi və kulturoloji araşdırmalar aparmışdır.
1985-ci ildə Litva Kitabsevərlər Cəmiyyəti Vilnüs şəhər təşkilatının məsul katibi seçilmiş və 1994-cü ildən isə həmin təşkilatın sədri olaraq çalışır. 1986–2020-ci illərdə bu təşkilatın xətti ilə Litvada "Vilnüs-Bakı: mədəniyyət körpüləri" adlı beynəlxalq layihələr çərçivəsində silsilə ədəbi-mədəni tədbirlər təşkil etmişdir. Onun fəaliyyəti Litva ictimaiyyətində Azərbaycan ədəbiyyatının və mədəniyyətinin tanıdılmasında mühüm rol oynamışdır.
Diaspora və ictimai-siyasi fəaliyyəti 1988-ci ildə Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətini yaratmış və həmin ildən etibarən bu quruma rəhbərlik edir. Eyni zamanda, 1988–1992-ci illərdə Litva Millətlərarası Əlaqələndirmə Assosiasiyasının həmtəsisçisi və İdarə Heyətinin üzvü olmuşdur.
1990–1992-ci illərdə Litva Sayudis təşkilatı Seyminin deputatı olmuş, 1991–1992-ci illərdə isə Azərbaycan Mədəniyyət Fondunun (indiki Azərbaycan Yaradıcılıq Fondu) İdarə Heyətinin üzvü kimi çalışmışdır. 1992–1995-ci illərdə Azərbaycan Respublikasının Litva Respublikasındakı səlahiyyətli nümayəndəsi olaraq diplomatik fəaliyyət göstərmişdir.
2001, 2006, 2011 və 2016-cı illərdə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I–IV Qurultaylarında Litva nümayəndə heyətinin rəhbəri olaraq iştirak etmiş və hər dəfə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. 2006-cı ildə Riqada yaradılmış Baltik Azərbaycanlıları Konqresinin həmtəsisçisi və həmsədri olmuşdur.
2006–2007-ci illərdə onun təşəbbüsü ilə Litvada bir neçə diaspor təşkilatı – Litva-Azərbaycan Assosiasiyası, Vilnüs dairəsi azərbaycanlıları cəmiyyəti və Vilnüs azərbaycanlıları icması təsis olunmuşdur. 2007-ci ilin mart ayında Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilmişdir.
1991-ci ilin yanvar ayında Litva Hökuməti yanında yaradılmış Litva Milli İcmalar Şurasının təsisçilərindən biri olmuş və 1991–2012, eləcə də 2015–2019-cu illərdə bu quruma üzv seçilmişdir. 2009-cu ildə keçirilmiş seçkilərdə Litva Milli İcmalar Şurasının sədri seçilmiş və həmin il, Litva Respublikasının Baş naziri Andryus Kubilyusun sərəncamı ilə Baş nazirin yanında Litva Milli Azlıqlarının Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv təyin olunmuşdur.
2007-ci ildə Vilnüs rayonu üzrə bələdiyyə seçkilərində, 2008 və 2016-cı illərdə isə Litva Liberallarının Sayudis Partiyasının xətti ilə Parlament seçkilərində iştirak etmişdir. 2010–2012-ci illərdə Litva Respublikası Seyminin İqtisadiyyat Komitəsində, 2013–2014-cü illərdə isə Təhsil, Elm və Mədəniyyət Komitəsində müşavir kimi çalışmışdır. 2016-cı ilin may ayından etibarən isə Litva Respublikası Seyminin Liberal Sayudis Fraksiyasında millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçi olaraq fəaliyyət göstərib.
Yaradıcılığı və elmi-tədqiqat fəaliyyəti Mahir Həmzəyevin ədəbi yaradıcılığı və elmi-tədqiqat işləri bu mövzuları ehtiva edir:
XIX – XXI əsrlər Azərbaycan və Baltik xalqlarının ədəbi, mədəni və tarixi əlaqələri, ədəbi paralellər və qarşılıqlı bədii tərcümə prosesi, kulturoloji və komparativistik araşdırmalar;
"Kitabi-Dədə Qorqud" dastanlarının Baltik xalqlarının dillərinə tərcümə və tədqiqat tarixi, nəşri və təbliği məsələləri;
Böyük Litva Knyazlığının karaim, tatar, polyak, Belarus, Ukrayna və yəhudi kökənli xadimlərinin Azərbaycan və Türkiyə ilə elmi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələri;
XIX–XX əsrlərdə Baltik xalqları mühacirləri və diaspora təşkilatlarının Qafqazda mədəni-maarif və ictimai-siyasi fəaliyyəti;
1918–1922-ci illərdə Litva və Cənubi Qafqaz respublikaları arasında dövlətlərarası münasibətlər, Litvanın Bakıdakı və Tiflisdəki konsulluqlarının fəaliyyəti;
Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu, ədəbi klassik və dilçi alim Vintsas Krevenin 1909–1920-ci illərdə Bakıda göstərdiyi pedaqoji, ədəbi, elmi, mədəni, ictimai-siyasi və diplomatik fəaliyyəti;
Azərbaycan Xalq Cümhuriyyəti siyasi mühacirlərinin XX əsrin 20–30-cu illərində Litva tatarları və karay türkləri ilə ictimai-siyasi əlaqələri;
1944–1953-cü illərdə Litvanın müstəqilliyi uğrunda SSRİ-yə qarşı silahlı müqavimət hərəkatında iştirak etmiş azərbaycanlı "meşə qardaşları"nın həyat və döyüş yolları.
1980–2025-ci illər arasında bu mövzulara dair Litvada və Azərbaycanda 400-dən artıq elmi, publisistik və ədəbi-tarixi məqaləsi dərc olunmuşdur.
Qarabağ münaqişəsi ilə bağlı fəaliyyəti 1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra Mahir Həmzəyev Azər Qasımzadə ilə birgə rus dilində "Агрессия" ("Təcavüz") adlı sənədli kitabçanı hazırlayaraq Vilnüsdə Sovet senzurasının icazəsi olmadan gizli şəkildə nəşr etdirmiş və 10 min nüsxədən ibarət bu kitabçanın Litva, Latviya, Estoniya, Belarus, Ukrayna, Rusiya, Polşa və Azərbaycanda yayımlanmasını təşkil etmişdir. Bu fəaliyyətinə görə 1990–1991-ci illərdə SSRİ hərbi orqanları tərəfindən axtarışa verilmişdir (bax: "Kommunist" qəzeti, Bakı, 14 mart 1990-cı il, № 54 (21122),.
2002-ci ildə Bakıda nəşr edilmiş "Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX–XXI əsrlər)" adlı xronoloji ensiklopediyadan parçaları litvalı publisist Gintaras Visotskasla birgə Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda çap etdirmişdir.
2006-cı ildə M. Həmzəyevin təşəbbüsü və təşkilatçılığı ilə Litvada Qarabağ münaqişəsi barədə olayları işıqlandıran səkkiz nəfər müstəqil litvalı jurnalist və tarixçidən ibarət qrup yaradılmışdır.
2008-ci ildə M. Həmzəyevin təşəbbüsü və akademik dəstəyi ilə litvalı tarixçi və publisist İmantas Melyanas "Azərbaycan xalqının soyqırımı (1905–1994)" başlıqlı sənədli tarixi oçerk yazmış və əsər 2009-cu ildə Vilnüsdə litvaca buraxılan "Genocidas ir rezistencija" adlı elmi jurnalda çap olunmuşdur.
1990–2024-cü illərdə, litvalı siyasətçilər, tarixçilər, jurnalistlər və politologlar – Vitautas Landsbergis, Vidmantas Valyuşaytis, İmantas Melyanas, Rita Milyute, Kestutis Oginskas, Paulyus Vaytekunas, Arturas Zuokas, Rasa Karmazayte, Laurinas Kasçyunas, Tomas Çivas, Vitaliyus Karakorskis, Donatas Valançyauskas, Arvidas Banyulis, Tomas Srebalyus, Linas Çesnulyaviçyus, Riçardas Lapaytis və Ritas Stasyalisin Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağın işğalı haqqında Litva mediasında dərc edilmiş politoloji məqalələrini, oçerk, pamflet, icmal, reportaj və digər publisistik yazılarını Azərbaycan dilinə çevirmişdir.
1990–2024-cü illərdə, Ermənistan–Azərbaycan münaqişəsi, Quba soyqırımı, Xocalı faciəsi mövzularında Litva, Azərbaycan və Rusiya mediasında 100-dən artıq publisistik, analitik və polemik məqaləsi dərc olunmuşdur.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1990–1998-ci illərdə 20 Yanvar hadisələrinin geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı imzaladığı sənədləri Litva dilinə, 20 Yanvar hadisələri, Azərbaycanın dövlət müstəqilliyi və Qarabağ münaqişəsi mövzularında 1990–1992-ci illərdə Naxçıvanda Litva jurnalistlərinə verdiyi 3 müsahibəni isə Azərbaycan və rus dillərinə tərcümə edərək media üzərindən yayımlamışdır.
Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin, Xarici işlər naziri Tofiq Qasımovun, Baş nazir Surət Hüseynovun və publisist Nəcəf Nəcəfovun 1990–1993-cü illərdə 20 Yanvar hadisələri, Qarabağ münaqişəsi və 4 iyun Gəncə qiyamı haqqında Litva jurnalistlərinə verdiyi 5 müsahibəni Azərbaycan dilinə tərcümə edərək media üzərindən yayımlamışdır.
14 mart 2013-cü ildə Litva Respublikası Seymində 12 millət vəkili tərəfindən "Dağlıq Qarabağla parlament dostluq qrupu" yaradıldıqdan dərhal sonra Litva Prezidentinə, Seymin sədrinə, Baş nazirə və Xarici işlər nazirinə etiraz məktubları təqdim etmiş, qanunla nəzərdə tutulmamış qrupun ləğv edilməsi üçün Seymin Xarici işlər və Hüquq qaydaları komitələrinin sədrlərinə rəsmi müraciətlər ünvanlamış və Parlamentdə anti-Azərbaycan fəaliyyətə son qoymağı tələb etmişdir.
Akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" və "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini 2014–2015-ci illərdə litvalı həmkarı Edita Ratkuvene ilə birlikdə Litva dilinə çevirərək Vilnüsdə kitab şəklində nəşr etdirmişdir.
Yazıçı Elçin Hüseynbəylinin Qarabağ müharibəsi mövzulu bir sıra hekayələrini 2013–2016-cı illərdə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte ilə birgə Litva dilinə tərcümə edərək "Metai", "Literatūra ir menas", "Šiaurės Atėnai" və "Nemunas" adlı ədəbi-bədii nəşrlərdə dərc etdirmişdir. Sonradan, bu əsərlər 2017-ci ildə M. Həmzəyevin təşəbbüsü və dəstəyi ilə E. Hüseynbəylinin Vilnüsdə litvaca çapdan buraxılmış "Boz eşşəyin məktubları" adlı 16 hekayədən ibarət kitabına salınaraq oxuculara bir daha təqdim olunmuşdur.
20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı litvalı rejissor Agne Martsinkyaviçyutenin Vilnüsdə yaratdığı "Yanvarda Muğam. Bakı – 20 yanvar 1990-cı il" adlı 40 dəqiqəlik sənədli filmin ssenari həmmüəllifi və baş məsləhətçisi olmuş, filmdə ekspertlərdən biri olaraq çıxış etmiş, həmçinin bu filmin 20 yanvar 2020-ci ildə Litva Respublikasının M. Majvidas adına Milli Kitabxanasında geniş təqdimat mərasiminin təşkil olunmasında bilavastə iştirak etmişdir.
5 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə əlaqədar Litva Respublikasın prezidenti Gitanas Nausedaya, LR Seyminin sədri Viktoras Prantsketisə, LR Baş naziri Saulyus Skvyarnyalisə, LR Seyminin Xarici işlər komitəsinin sədri Yozas Byarnatonisə və LR Xarici işlər naziri Linas Linkyaviçyusa sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normalarına söykənən rəsmi müraciət ünvanlamışdır. Bu müraciət eyni zamanda ölkənin "ELTA" xəbərlər agentliyinin portalı üzərindən və Litvanın digər KMV ilə müxtəlif dillərdə yayımlanmışdır.
Ensiklopedik məqalələri, ədəbi və publisistik tərcümələri M. Həmzəyev Ümumdünya Litva Ensiklopediyasının 2002, 2008, 2011 və 2012-ci illərdə Vilnüsdə çapdan çıxmış II, XIV, XX və XXI cildlərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu, xoreoqrafiyası, eləvə də görkəmli yazarlar — Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anar haqqında yer almış 22 ensiklopedik məqalənin müəllifidir.
1982–2019-cu illərdə litvalı yazıçı həmkarları ilə birgə Azərbaycan ədəbiyyatından xalq nağıllarını, Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli, Elçin Hüseynbəyli, Rəşad Məcid, Vahid Qazi və Pərvinin əsərlərini Litva dilinə tərcümə etmişdir.