Şirzad Abdullayev () — Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini (2018–2020), Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru (2008–2018).

Həyatı Şirzad Əyyub oğlu Abdullayev 1970-ci il oktyabr 16-da Azərbaycanın Ağdaş rayonunda anadan olub. Orta təhsilini də burada aldıqdan sonra Hava Hücumundan Müdafiə Qoşunlarında hərbi xidmət keçib. Ailəlidir.

Təhsili 1987–1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. 2005-ci ildə Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda, 2007-ci ildə Varton Daşınmaz Əmlak Mərkəzində, 2008-ci ildə MTF Luksemburq institutunda əlavə təhsil alıb.

Elmi fəaliyyəti Şirzad Abdullayev 1999-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Maliyyə İqtisad Universitetində "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə "Azərbaycan Respublikasının kommersiya banklarında kredit resurslarının yaranması və istifadəsi problemləri" mövzusunda dissertasiya müdafiə edib və iqtisad elmləri namizədi elmi adı alıb.

2003-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Maliyyə İqtisad Universitetinin ixtisaslaşmış şurasında "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə "Azərbaycan Respublikasında bank resurslarının idarə olunması" mövzusunda dissertasiya müdafiə edib və iqtisad elmləri doktoru elmi adını alıb.

2012-ci ildə "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə professor adını alıb. 3 monoqrafiya, 4 dərs vəsaiti, 2 proqram və 1 metodiki göstəriş, o cümlədən 50-ə yaxın elmi məqalənin müəllifidir.

Pedaqoji fəaliyyəti 2001–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi" kafedrasında baş müəllim, 2002–2007-ci illərdə dosent, 2007–2013-cü illərdə professor vəzifəsinin icraçısı, 2013–2020-ci illərdə isə professor kimi fəaliyyət göstərib. Hal-hazırda kafedrada professor vəzifəsində, elmi-pedoqoji fəaliyyətlə məşğuldur.

Əmək fəaliyyəti 1992–2003-cü illərdə "Azinvestbank"ın İdarə Heyətinin sədri, 2003–2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının, Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008–2018-ci illərdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru, 2018–2020-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışmışdır.

Dövlət təltifləri 2012-ci il noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

2014-cü il oktyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

İstinadlar

Xarici keçidlər Весник: Новости Азербайджан Экономика Ширзад Абдуллаев: "В 2012 году кредиты на сумму 16 миллионов манатов были возвращены раньше времени" Azerbaijani Economy In The First Quarter Of 2010 Willingness to Establish Broiler Economy Voiced Azerbaijan: New greenhouse complex opened in Sabirabad District

Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Professorlar