Viktor Fyodoroviç Yanukoviç (; ) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi. Regionlar partiyasının sədri. 2002–2005, 2006–2007-ci illərdə Ukrayna Respublikasının Baş Naziri. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə qalib gələrək Ukrayna Respublikasının 4-cü Prezidenti seçilmiş və 2010-cu il 25 fevral tarixindən vəzifəsinin icrasına başlamışdır.
Həyatı Donetskdə Enakoyev qəsəbəsində kömürçü fəhlə ailəsində anadan olub. 1967-ci ildə o, soyğunçuluğa görə mühakimə olunub. 1970-ci ildə onu başqasına orta dərəcəli xəsarət yetirməklə bağlı məhkəmə qarşısına çıxarıblar. Rəsmi məlumata görə, bu ittiham Viktor Yanukoviçin üzərindən qaldırılıb. 2006-cı ildə Ukrayna hakimiyyəti bu cinayət işində saxtakarlıq ehtimalını araşdırmağa başlayıb. Ancaq heç nə sübut olunmayıb. Viktor Yanukoviç özü etiraf edir ki, çətin uşaqlığı olub, ancaq gənclik səhvlərinə qalib gəlməyi bacarıb.
İş karyerasında isə Viktor Yanukoviç sürətlə irəliləməyə başlayıb. 1980-ci ildə Donbassda rəhbər vəzifədə işləyib. 1996–1997-ci illərdə Donetsk vilayətinin administrasiyasına rəhbərlik edib. Özünü yaxşı təşkilatçı kimi göstərib. 2002-ci ildə Leonid Kuçma gözlənilmədən Viktor Yanukoviçi baş nazir təyin edib, Ali Rada da əksəriyyət onu dəstəkləyir. Baş nazir olduğu dövrdə ÜDM artım tempi kəskin artıb, bir neçə vacib iqtisadi islahat keçirilib.
Viktor Yanukoviç 2003-cü ildən Regionlar Partiyasına rəhbərlik edir. Regionlar Partiyası yarandığı gündən onu böyük biznesmenlər dəstəkləyir. Onların içərisində ən nüfuzlusu milyarder Rinat Əhmədovdur. 2004-cü il prezident seçkilərinə Viktor Yanukoviç Leonid Kuçmanın davamçısı kimi qatılıb. O, seçki kampaniyasında ölkənin rusdilli əhalisinin maraqlarını müdafiə etməyə çalışıb, Rusiyayla xoş münasibətlərin tərəfdarı kimi çıxış edib. Nəticədə, Ukrayanın qərbində və mərkəzində yaşayan əhali ona səs verməyib. Rusdilli əhalinin yaşadığı Şərqi və Cənubi Ukraynada isə o, ən populyar siyasətçi olub. Mərkəzi və Qərbi Ukraynada Viktor Yuşşenkonun, Şərqi və Cənubi Ukraynda Viktor Yanukoviçin dəstəklənməsi ölkəni faktiki dil sərhədi ilə ayırıb.
Viktor Yanukoviç və tərəfdarları müxalifətə keçəndən sonra bir neçə dəfə mübarizə taktikalarını dəyişiblər. Bununla belə, göy-mavi rəngləri rəmz götürən Regionlar Partiyasının əsas dayağı yenə də Cənubi və Şərqi Ukrayna sayılır.
Qayıdış 2006-cı il parlament seçkilərində Viktor Yanukoviç və onun partiyası parlament seçkilərində uğur qazanıb, Ali Radada ən böyük fraksiyanı yaradıb. Böhran əleyhinə koalisiyası yaradılıb və Viktor Yanukoviç yenidən baş nazir kürsüsünə əyləşib. Baş nazir dərhal prezident Viktor Yuşşenkonun elan etdiyi prinsiplərdən fərqli xarici siyasət kursu yürütməyə başlayıb. Brüsselə səfəri zamanı Viktor Yanukoviç elan edib ki, Ukrayna NATO-ya qəbul olmağa hazır deyil. O, paralel olaraq Moskva ilə əlaqələri genişləndirib. Bu fonda prezident və baş nazirin tərəfdarları arasında hakimiyyət daxilində çəkişmə güclənib. 2007-ci ildə Viktor Yuşşenko Ali Radanı buraxıb, deputatları Konstitusiyaya zidd hərəkətlərdə ittiham edib. 2007-ci il seçkilərində Viktor Yanukoviç baş nazir postunu itirib və yenidən müxalifətə keçib. Hökumətə Yuliya Timoşenko rəhbərlik etməyə başlayıb.
2010-cu il prezident seçkilərində Viktor Yanukoviç və Yuliya Timoşenko qələbə qazanmağa potensial namizədlər sayılırdılar. Nəticədə Yanukoviç seçkilərdə qalib gələrək Ukrayna Respublikasının 4-cü prezidenti olmuşdur.
22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçmış və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilmişdir.
Mükafatları 17.11.2013 — "Heydər Əliyev" ordeniV. F. Yanukoviçin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az
İstinadlar
Kateqoriya:Ukrayna siyasətçiləri Kateqoriya:Ukrayna baş nazirləri Kateqoriya:Ukrayna prezidentləri Kateqoriya:Ukrayna prezidentliyinə namizədlər Kateqoriya:Ukrayna Ali Radasının V çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının VI çağırış deputatları Kateqoriya:Qolodomorun inkarçıları Kateqoriya:Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın I dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Ukrayna mühəndisləri Kateqoriya:Viktor Yanukoviç Kateqoriya:Ukrayna iqtisadçıları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Ukrayna professorları