Braun Universiteti () — ABŞ-nin Rod-Aylend ştatının paytaxtı Providens şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Tarixi 1763-cü ildə Nyu-Cersi Kollecinin məzunu olmuş keşiş Ceyms Menninq Baptist (xristian məzhəblərindən biri) Kilsələri Assosiasiyası tərəfindən Rod-Aylend ştatına kollec axtarmağa göndərilir. Elə həmin vaxt başda Yel Kollecinin gələcək prezidenti Ezra Stayls olmaqla konqreqasionalistlər (kilsə icmaları birləşməsi) bu məqsədə xidmət edirdilər. Kollec Korporasiyası Cəmiyyətinin ilk toplantısı Rod-Aylend ştatında Nyuportda yerləşən Qədim Ev adlanan binada baş tutur. Yeni kollecin yaradılmasında Rod-Aylend ştatının qubernatorları və gələcəkdə Amerika inqilabçılarından olan Stivens Hopkins və Samuil Uord böyük rol oynayırlar. 3 mart 1764-cü ildə Böyük Britaniya kralı III Georq Rod-Aylend ştatında yeni kollec yaradılması haqqında xartiya imzalayır. Ali məktəbə Rod-Aylend Kolleci adı verilir. Xartiyanı kraldan başqa 60-dan çox şəxs imzalayır, bunların arasında kollecin təşkilatçılıq, maliyyələşmə və idarəolunmasında böyük xidmətləri olan Braun ailəsinin üzvləri (Con, Nikolas və Mozes qardaşları) də olur. Hazırda universitetin adını daşıdığı (1804-cü ildən) Nikolas Braun kollecə böyük miqdarda yardım edir. Braun ailəsi Rod-Aylend ştatında sahibkarlıq və kommersiya fəaliyyəti, eləcə də qul ticarəti ilə məşğul olurdu. Qul ticarəti məsələsində ailədə fikir ayrılığı hökm sürürdü. Qardaşlardan Con Braun quldarlığı müdafiə edirdi, Mozes və Nikolas isə qatı abolisionist (hər hansı bir qanunun ləğvinə çalışan ictimai hərəkat) idilər. 2003-cü ildə Braun Universiteti bu ağır tarixlə barışaraq, ali məktəbin prezidenti Rut Simmonsun rəhbərliyi altında Quldarlıq Məsələləri üzrə Ədalət Məhkəməsi təsis edib.

1765-ci ildə Ceyms Menninq yeni yaradılmış kollecin prezidenti təyin edilir və 1791-ci ilədək bu vəzifədə qalır. Kollecə dini mənsubiyyətindən asılı olmayaraq tələbələr qəbul edilir. 1770-ci ildə universitetin hazırda Providens şəhərində İst-Saydda yerləşən əsas binası tikilir. 1891-ci ildən Braun Universitetinin nəzdində Qızlar Kolleci yaradılır və ali məktəbə qızlar qəbul olunur. Sonradan həmin kollecə Pembrok adı verilir. 1971-ci ildən başlayaraq Pembrok Kollecində qızlar və oğlanlar birgə təhsil alır.

1850-ci ildə Braun Universitetində elmi dərəcələr verilməyə başlasa da, 1857-ci ildə dayandırılır. 1887-ci ildə universitet tələbələrinə magistr və doktorluq dərəcələri vermək hüququnu bərpa edir. Burada ilk magistr dərəcəsi 1888-ci ildə, ilk doktorluq dərəcəsi isə 1889-cu ildə verilir.

Braun Universitetində ilk tibb proqramı 1811-ci ildə həyata keçirilib. Tibb üzrə elmi dərəcələr ali təhsil müəssisəsində 1975-ci ildən verilir. 1984-1985-ci illərdə Braun Korporasiyası 8 illik Liberal Tibbi Təhsil Proqramı qəbul edir. Hazırda Braun Universiteti Tibb Məktəbinin tələbələrini ildə 90-a yaxın tibbi dərəcə ilə təltif edir.

1904-cü ildə universitetdə Con Karter Braun, 1908-ci ildə isə Riçard Rammell kitabxanaları açılır.

Braun Universiteti 1969-cu ildə qeyri-adi tədris proqramı qəbul edir. Bu proqrama əsasən universitetdə heç bir fənn məcburi tədris edilmir. Tələbələr müstəqil olaraq istədikləri fənləri seçir və istədikləri zaman qiymət əvəzinə "məqbul" və ya "qeyri-məqbul" ala bilirlər. Hələ 1850-ci ildə universitetin prezidenti Frensis Ueylend belə yazırdı:

"Müxtəlif kurslar elə təşkil olunmalıdır ki, hər tələbə seçdiyi şeylərin hamısını və yalnız seçdiyini öyrənə bilsin".

Hazırda Braun Universiteti Akademik Zənginləşdirmə Planının həyata keçirilməsinə başlayıb. Bu proqram tədqiqat, təhsil və ictimai liderlik sahələri üzrə qabaqcıl təcrübənin yeni standartlarını müəyyən edir.

Müasir vəziyyəti Braun Universiteti Providens şəhərində ən böyük əraziyə malik ali təhsil müəssisəsidir. Universitet Əsas, Pembrok, Şərq kampuslarından və bir sıra digər ərazilərdən ibarətdir. Əsas kampus İst-Saydda Providens çayından başlayaraq şəhərin mərkəzinə doğru 0,58 km² ərazini əhatə edir. Yaşıllıqlarla əhatə olunan bu şəhərcikdə əksəriyyəti viktorian üslubunda inşa edilmiş 235 bina yerləşir. Akademik binaların çoxu Əsas kampusdadır. Şəhərciyin girişində kərpic və dəmir çərçivədən ibarət olan məşhur Van Uikl qapıları yerləşir. Universitet haqqında dərc olunan nəşrlərin çoxunda bu kampusun şəkilləri nümayiş olunur.

Pembrok kampusunda Pembrok Qadınlar üçün Tədris və Tədqiqat, Koqut Humanitar Elmlər mərkəzləri, tələbə yataqxanaları, yeməkxanalar, əyləncə mərkəzləri yerləşir.

40000 m² ərazidən ibarət olan Şərq kampusu Braun Universiteti tərəfindən 1969-cu ildə 5 milyon ABŞ dollarına əldə olunub, 1971-ci ildən isə rəsmən Braun Universitetinin kampusu elan edilib.

Bu kampuslardan əlavə, Braun Universitetinə Əsas şəhərcikdən bir mil şimal-şərqdə yerləşən və 1925-ci ildə tikilmiş Braun stadionu, Ceverli rayonunda 5 inzibati bina, Providens şəhərindən kənarda - Bristol şəhərində 1,52 km² ərazi aiddir.

Braun Universitetində fəaliyyət göstərən kolleclər bunlardır: Bakalavr kolleci; Ali (magistr və doktorantlar üçün) kollec; Alpert Tibb Məktəbi.

Bakalavr Kolleci universitetin əsas hissəsidir və ali məktəbin yarandığı andan fəaliyyət göstərir. Hazırda kollecin tələbələrinin sayı 6013 nəfərə bərabərdir. Kollecdə Afrika mədəniyyəti tədqiqatları; Amerika sivilizasiyası; qədim tədqiqatlar; antropologiya; arxeologiya və Qədim Dünya; memarlıq; biokimya və molekulyar biologiya; biologiya; biotibbi mühəndislik; biofizika; kimyəvi fizika; kimya; klassiklər: Yunanıstan; klassiklər: Latın; idrak nevrologiyası; səhiyyə; koqnitivistika; ticarət, təşkilatçılıq və sahibkarlıq; müqayisəli ədəbiyyatşünaslıq; hesablama biologiyası; informatika; inkişaf tədqiqatları; Şərqi Asiya tədqiqatları; iqtisadiyyat; pedaqogika; misirşünaslıq və Qədim Qərbi Asiya tədqiqatları; mühəndislik; ingilis dili; ekoloji, etnik tədqiqatlar; Fransa tədqiqatları; geoloji elmlər; Almaniya, Yunanıstan, İspaniya, İtaliya, yəhudi, latın, slavyan tədqiqatları; tarix; incəsənət və memarlıq tarixləri; insan biologiyası; müstəqil konsentrasiya; beynəlxalq münasibətlər; sonuncu qədim mədəniyyətlər; Latın Amerikası və Karib tədqiqatları; linqvistika; semiotika - fransız dili; ədəbi incəsənətlər; ingilis dili, ədəbiyyatı və mədəniyyəti; dəniz biologiyası; riyazi iqtisadiyyat; tətbiqi riyaziyyat; riyaziyyat; Orta əsrlər mədəniyyətləri; Yaxın Şərq, Cənubi Asiya tədqiqatları; müasir mədəniyyət və media; musiqi; nevrologiya; fəlsəfə; fizika; Portuqaliya və Braziliya tədqiqatları; psixologiya; sosiologiya; gender tədqiqatları; statistika; siyasi elmlər; dövlət siyasəti və Amerika təşkilatları; dini tədqiqatlar; Renessans və Erkən Müasir tədqiqatlar; elm və cəmiyyət; teatr incəsənəti; urban (şəhər) tədqiqatları; vizual incəsənət bölmələri fəaliyyət göstərir.

Kollec iki müxtəlif bakalavr dərəcəsi təklif edir: incəsənət (AB) və elmlər (ScB) bakalavrı. Bu dərəcələrin ikisini də almaq üçün tələbələr beş il təhsil almalıdırlar. Əgər bölmələrin arasında tələbənin arzuladığı proqram yoxdursa, o, şəxsi proqram hazırlamaq və müstəqil tədqiqat aparmaq hüququna malikdir.

Ali (magistr və doktorantlar üçün) Kollec universitetdə 1887-ci ildə yaradılıb. Burada 50-dən çox ixtisas üzrə 1832 nəfər tələbə təhsil alır. Kollec incəsənət (AM), gözəl incəsənət (MFA), incəsənət təlimi (MAT), ictimaiyyətlə əlaqə (MPP), ictimai səhiyyə (MPH), elmlər (ScM), tibbi elmlər (MMS) magistri və doktorluq (PhD-fəlsəfə doktoru) dərəcələri verir.

Ali Kollec Amerika sivilizasiyası; antropologiya; tətbiqi riyaziyyat; riyaziyyat; arxeologiya və Qədim Dünya; süni orqanlar, biomateriallar və hüceyrə texnologiyası; biotibbi mühəndislik; bioloji statistika; beyin elmi; Portuqaliya və Braziliya tədqiqatları; kimya; klassiklər; idrak və linqvistik elmlər: koqnitivistika; idrak və linqvistik elmlər:linqvistika; müqayisəli ədəbiyyatşünaslıq; informatika; inkişaf tədqiqatları; ekoloji və təkamül biologiyası; iqtisadiyyat; misirşünaslıq və Qədim Qərbi tədqiqatlar; mühəndislik; ingilis dili; ekoloji tədqiqatlar; epidemiologiya; Fransa, İspaniya, İtaliya, Almaniya, slavyan tədqiqatları; geoloji elmlər tədqiqatları; tibbi xidmət tədqiqatı; tarix; incəsənət və memarlıq tarixləri;innovasiya idarəetməsi və sahibkarlıq; ədəbi incəsənətlər; müasir mədəniyyət və media; molekulyar biologiya, sitobiologiya və biokimya; molekulyar farmakologiya və fiziologiya; musiqi: kompüter musiqiləri və multimedia; musiqi: etnomusiqi; nevrologiya; patobiologiya; fəlsəfə; fizika, siyasi elmlər; ictimaiyyətlə əlaqə və dövlət siyasəti; səhiyyə; psixologiya; dini tədqiqatlar; sosiologiya; müəllimlik təhsili; teatr incəsənəti; urban (şəhər) tədqiqatları departamentlərindən ibarətdir.

Alpert Tibb Məktəbi - universitetdə tibb proqramı həyata keçirir. 1811-ci ildən yaradılıb. 1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır. 2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir. Bunun qarşılığında məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb Məktəbi olur. Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir. Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir. Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s. elmlər öyrədilir. Məktəbdə 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir. Ümumilikdə, tibbi təhsil burada 8 ildir. Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif edir.

Alpert Tibb Məktəbinin nəzdində Rod-Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli, Qadın və Uşaq hospitalları və Providens Tibb Mərkəzi fəaliyyət göstərir.

Braun Universitetinin nəzdində Uotson Beynəlxalq Tədqiqatlar İnstitutu fəaliyyət göstərir. Burada beynəlxalq problemlərin analizi aparılır. İnstitutun himayədarı ABŞ-nin SSRİ-dəki keçmiş səfiri və EHM-in (IBM) prezidenti kiçik Tomas Uotson olub.

Pembrok Qadınlar üçün Tədris və Tədqiqat Mərkəzi 1981-ci ildə yaradılıb və gender məsələləri üzrə elmi-tədqiqatla məşğuldur. Mərkəz qızlar üçün fəaliyyət göstərən Pembrok Kollecinin şərəfinə adlandırılıb. Burada qadınların tarixi nailiyyətlərinin tanınması üzrə bir sıra proqramlar həyata keçirilir, hər il seminarlar təşkil olunur. Mərkəzin yaradıcısı və direktoru aparıcı tarixçi və sosioloq Con Uollak Skott olub. Pembrok Qadınlar üçün Tədris və Tədqiqat Mərkəzi Sara Doyl Qadınlar Mərkəzinin filialıdır.

Kitabxana sistemi Braun Universitetinin kitabxana sisteminə 6,8 milyon cild kitab, dövri nəşr, xəritə, əlyazma, musiqi əsərləri və s. daxildir. Bu resursların üzərinə hər il 70000 nəşr əlavə olunur. Kitabxanadakı materiallar İnternet vasitəsilə geniş spektrdə oxucuların istifadəsinə verilib. Universitetdə aşağıdakı kitabxanalar fəaliyyət göstərir: humanitar və ictimai elmlər haqqında kitablar toplanmış Kiçik Con Rokfeller adına; dəqiq elmlər, tibb və kütləvi informasiya vasitələrinə aid kitab və dövri nəşrlərin saxlandığı Elmlər (burada tələbələrin ən çox toplaşdığı Syuzen P. və Riçard A. Fridman adına Tədris Mərkəzi yerləşir); xüsusi kolleksiyaların, nadir kitablar, əlyazmalar və arxivlərin yerləşdiyi Con Hey; dünya üzrə məşhur Amerikanın Şimal və Cənubuna aid kolleksiyaların toplandığı Con Karter Braun; Valter Neymanın 46 səsyazması və 24000-dən çox musiqi əsərlərinin saxlandığı Virciniya Orviq adına Musiqi; təsviri incəsənət, memarlıq, arxeologiya materiallarının qorunduğu İncəsənət Slayd kitabxanaları.

Muzeyi