İrina İqorevna Zaretska () — Azərbaycanı təmsil edən karateçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub, 2017-ci ildə Bakıda, 2021-ci ildə Konyada, 2025-ci ildə Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibidir

İrina Zaretska 2018-ci ildə İspaniyanın Madrid şəhərində baş tutan Dünya Çempionatının və 2021-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, Karate üzrə Dünya Çempionatının qızıl medalına sahib olan birinci və yeganə Azərbaycanlı qadın idmançı olub.

İrina Zaretska 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının gümüş medalına sahib olub. İrina Zaretska həmçinin 2016-cı ildə Fransada və 2021-ci ildə Xorvatiyada Avropa Çempionatının qızıl medallarını qazanıb.

İrina Zaretska 2014-cü ildən Dünya Karate Federasiyasının (WKF) "Karate-1" Pemyer Liqasında mübarizə aparır. 9 mövsüm ərzində o, 10 dəfə Premyer Liqanın qalibi olub. İrina Zaretska ümumi olaraq 21 dəfə (10 qızıl, 6 gümüş və 5 bürünc) Premyer Liqanın medallarına sahib olub — BƏƏ Premyer Liqasında 4 medala (2017-ci və 2022-ci illərdə qızıl, 2019-cu ildə gümüş, 2020-ci ildə bürünc), Niderland Premyer Liqasında 3 medala (2014-cü və 2017-ci illərdə qızıl, 2016-cı ildə bürünc), Almaniya Premyer Liqasında 2 medala (2016-cı ildə qızıl, 2018-ci ildə gümüş), Fransa Premyer Liqasında 2 medala (2017-ci ildə gümüş, 2020-ci ildə qızıl), Türjiyə Premyer Liqasında 2 medala (2015-ci ildə qızıl, 2021-ci ildə bürünc), Rusiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl, 2021-ci ildə bürünc), Misir Premyer Liqasında 1 medala (2015-ci ildə gümüş), Mərajeş Premyer Liqasında 1 medala (2018-ci ildə gümüş), Yaponiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), İspaniya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), Avstriya Premyer Liqasında 1 medala (2020-ci ildə bürünc) və Portuqaliya Premyer Liqasında 1 medala (2022-ci ildə gümüş) sahib olub.

İrina Zaretska Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Karyerası ərzində 69 beynəlxalq yarışa qatılan İrina Zaretska onların 17-də qızıl medal, 13-də gümüş medal, 8-də isə bürünc medal qazanıb. O, həmçinin Karate üzrə Dünya və Avropa Çempionatlarının qalibi olan birinci və yeganə qadın Azərbaycan idmançısıdır.

Həyatı İrina İqorevna Zaretska 1996-cı il martın 4-də Odessa şəhərində anadan olub. Odessa Milli Hüquq Universitetində ali təhsil alıb. 1999-cu ildə Sergey Slavutun məşqçiliyi altında idmanla məşğul olmağa başlayıb. 2005-ci ildən isə o, Denis Morozovun rəhbərliyi altında məşq edir.

Karyerası 2012-ci il: Yeniyetmələr arasında Avropa çempionluğu İrina Zaretska beynəlxalq səviyyədə birinci turnirinə 2012-ci ilin fevralında Azərbaycanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatı çərçivəsində qatıldı. 1/16 final mərhələsində Rusiya nümayəndəsi Liliya Bespalayanı 4:0, 1/8 final mərhələsində Lüksemburq təmsilçisi Pola Ciorcettini 1:0, 1/4 final mərhələsində Azərbaycan nümayəndəsi Aytac Əliyevanı 6:0, 1/2 final mərhələsində isə Türkiyə təmsilçisi Umay Tohcanı 1:0 hesabları ilə məğlub edən İrina Zaretska, final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Fransa nümayəndəsi Sandi Serfati ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazanan 15 yaşlı İrina Zaretska, yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.

2012-ci il: Gənclər arasında Dünya çempionluğu

2014-cü il: Dünya Çempionatında bürünc medal

2015-ci il: Azərbaycana gəlişi və Avropa Oyunlarında zəfər İrina Zaretska 2015-ci ildə birinci turnirinə 22 – 25 yanvarda Fransanın Paris şəhərində baş tutan Premyer Liqa turniri çərçivəsində qatıldı. Birinci görüşdə o, Finlandiya nümayəndəsi Titta Keinanen ilə üz-üzə gəldi və 6:1 hesabı ilə qalib gəldi.

Azərbaycan yığmasına gəlişi

Martda Azərbaycan Milli Karate Federasiyası (AMKF) tərəfindən İrina Zaretskaya Azərbaycan yığmasının heyətində mübarizə aparmaq üçün müraciət olundu. O, həmin müraciətə müsbət cavab verdi.

İrina Zaretska Azərbaycan yığmasının heyətində beynəlxalq səviyyədə birinci nüfuzlu turnirə 18 – 22 martda İstanbul şəhərində baş tutan Avropa Çempionatı çərçivəsində qatıldı. Avropa Çempionatının birinci görüşündə o, Rusiya nümayəndəsi İnqa Şeroziyanı 1:0, növbəti görüşündə isə Ukrayna təmsilçisi İrina Kaminshanı 4:0 hesabı ilə məğlub eləsə də, 1/4 final mərhələsində Monteneqro nümayəndəsi Marina Rahoviça 0:2 hesabı ilə məğlub oldu və çempionatı 8-ci pillədə başa vurdu. Avropa Çempionatından sonra o, 1 – 4 mayda İstanbulda baş tutan "Bosphorus Open" beynəlxalq turnirində də mübarizə apardı.

I Avropa Oyunları

2015-ci ilin əsas turnirlərindən biri isə 12 – 28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunları oldu. İrina Zaretska I Avropa Oyunlarında iyunun 14-də çıxış etdi. O, qrup mərhələsində Avstriya nümayəndəsi Alisa Buçinqer, İspaniya təmsilçisi Kristina Vizcaino Qonzalez və Yunanıstan nümayəndəsi Vasilihi Panetsidou ilə birgə "A" qrupunda mübarizə apardı. Birinci görüşdə İrina Zaretska İspaniya təmsilçisi Kristina Vizcaino Qonzalez üzərində 6:1 hesabı ilə qələbə qazandı. Növbəti görüşdə isə o, martda İstanbulda Avropa Çempionatının qalibi olan Avstriya nümayəndəsi Alisa Buçinqer ilə üz-üzə gəldi və rəqibinə 0:4 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin sonuncu görüşündə İrina Zaretska, Yunanıstan təmsilçisi Vasilihi Panetsidou ilə qarşılaşdı. Həmin görüşdə rəqibi üzərində 1:0 hesabı ilə qələbə qazanan İrina Zaretska, qrup mərhələsini uğurla adladı və yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, martda Avropa Çempionatında məğlub olduğu Monteneqro nümayəndəsi Marina Rahoviç ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində, İrina Zaretska 1:0 hesabı ilə qalib gəldi və I Avropa Oyunlarının finalına vəsiqə qazandı. Həlledici görüşdə o, qrup mərhələsində məğlub olduğu Avstriya təmsilçisi Alisa Buçinqer ilə qarşılaşdı. Kristal Zalında baş tutan final görüşündə yerli tamaşaçılar qarşısında İrina Zaretska təcrübəli və titullu rəqibi üzərində 8:1 hesabı ilə inamlı qələbə qazandı. Bununla da o, I Avropa Oyunlarının qalibi oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə İrina İqorevna Zaretska "Şöhrət" ordeni ilə təltif edildi.

I Avropa Oyunlarından sonra İrina Zaretska 6 – 10 sentyabrda İstanbul şəhərində baş tutan Premyer Liqa turnirində mübarizə apardı. Birinci görüşdə o, Türkiyə nümayəndəsi Nurcan Çiçeji 8:0 hesabı ilə məğlub etdi. Daha sonra İrina Zaretska 1/8 final mərhələsində Braziliya nümayəndəsi Letisiya Silveriya Britonu 3:0, 1/4 final mərhələsində Avstriya təmsilçisi Alisa Buçinqeri 4:0, 1/2 final mərhələsində isə Finlandiya nümayəndəsi Titta Keinaneni 4:2 hesabları ilə məğlub etdi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, Latviya təmsilçisi Vihtoriya Rzayeva ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İrina Zaretska 4:3 hesabı ilə qalib gəldi və İstanbul Premyer Liqasının qalibi oldu.

Daha sonra o, Avstriyanın Zalsburq şəhərində baş tutan Premyer Liqa turnirində çıxış etdi. İrina Zaretska turnirin birinci görüşündəcə İtaliya nümayəndəsi Silviya Semeranoya 0:6 hesabı ilə məğlub oldu və mübarizəni dayandırdı.

İrina Zaretska 2015-ci ildə sonuncu turnirinə 12 – 15 noyabrda İndoneziyada baş tutan U-21 Dünya Çempionatı çərçivəsində qatıldı. Çempionatın birinci görüşündə o, Yaponiya nümayəndəsi Maya Suzuhi üzərində 7:5 hesabı ilə qələbə qazandı. Daha sonra İrina Zaretska 1/8 final mərhələsində Venesuela təmsilçisi Marian Kuervo Bateni 2:0, 1/4 final mərhələsində Fransa nümayəndəsi İman Hassunini 2:0, 1/2 final mərhələsində isə İngiltərə təmsilçisi Ameliya Jayne Harveyi 4:1 hesabları ilə məğlub etdi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, Misir nümayəndəsi Nada Məhəmməd ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:3 hesabı ilə məğlub olan İrina Zaretska, U-21 Dünya Çempionatının gümüş medalına sahib oldu.

İrina Zaretska 2015-ci il ərzində 9 turnirdə mübarizə və onların 2-də qızıl medala, 2-də gümüş medala, 1-də isə bürünc medala sahib oldu.

2016-cı il: Berlin Premyer Liqasında qələbə İrina Zaretska 2016-cı ildə birinci turnirinə fevralda Kiprin Limasol şəhərində baş tutan U-21 Avropa Çempionatı çərçivəsində qatıldı. Həmin çempionatda o, 1/8 final mərhələsində İspaniya nümayəndəsi Selin Roza Zamoranı 6:0 hesabı ilə məğlub eləsə də, 1/4 final mərhələsində İsveç təmsilçisi Lisa Rasmussona 0:1 hesabı ilə məğlub oldu və mübarizəni dayandırdı.

İrina Zaretska 2016-cı ildə birinci uğurunu martda qazandı. 18 – 20 martda Niderlandın Rotterdam şəhərində baş tutan Premyer Liqa turnirində çıxış edən İrina Zaretska, 1/32 final mərhələsində Danimarka nümayəndəsi Məryəm Zaqomi, 1/16 final mərhələsində isə Niderland təmsilçisi Mandi Besselinq üzərində 4:0 hesablı qələbələr qazandı və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə o, Polşa nümayəndəsi Kamila Vardanı minimal hesabla məğlub etdi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə İrina Zaretska bir ay əvvəl Limasolda U-21 Avropa Çempionatında məğlub olduğu İsveç təmsilçisi Lisa Rasmusson ilə üz-üzə gəldi. Bu səfər o, rəqibi üzərində 6:1 hesabı ilə inamlı qələbə qazandı və Premyer Liqanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda İrina Zaretska Qazaxıstan nümayəndəsi Guzaliya Qafurova ilə qarşılaşdı. Bu səfər o, qələbələr seriyasının davamını gətirə bilmədi və rəqibinə 1:3 hesabı ilə məğlub oldu. Bürünc medal uğrunda görüşdə isə İrina Zaretska Slovakiya təmsilçisi Vihtoriya Pillarovanı 1:0 hesabı ilə məğlub etdi və Premyer Liqanın bürünc medalına sahib oldu.

İrina Zaretska növbəti turnirinə 8 – 10 apreldə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində baş tutan Premyer Liqa çərçivəsində qatıldı. O, əvvəlcə 1/8 final mərhələsində İran nümayəndəsi İlahə Rezazadə üzərində 2:1, sonra isə 1/4 final mərhələsində İngiltərə təmsilçisi Natalie Villiams üzərində 4:0 hesablı qələbələr qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda İrina Zaretska İtaliya nümayəndəsi Silviya Semerano ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, rəqibinə 1:2 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həmin görüşdə İrina Zaretska bir ay əvvəl Rotterdamda Premyer Liqa turnirində məğlub olduğu Qazaxıstan təmsilçisi Guzaliya Qafurova ilə qarşılaşdı. Bu səfərdə o, rəqibinə məğlub oldu — 1:2. Bununla da İrina Zaretska Dubay Premyer Liqasını beşinci pillədə başa vurdu.