Pənah Çodar oğlu Hüseyn () — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sabiq sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993).

Həyatı Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Siyasi fəaliyyəti 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.

2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olmuşdur.

Partiya fəaliyyəti Pənah Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olmuş, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında partiya sədri seçilmişdir. 2003-cü ildə həbs edildikdən sonra partiya sədri vəzifəsini Qiyas Sadıqov icra etməyə başlamışdır. O, 2005-ci ilin may ayında Azərbaycan Xalq Partiyası Siyasi Şurasından və rəhbər orqanlarından istefa vermiş və sıravi partiya üzvü olaraq fəaliyyətinə davam etmişdir.PƏNAH HÜSEYN AZƏRBAYCANI DƏYİŞMƏLİDİR…

Pənah Hüseyn 8 oktyabr 2012-ci il tarixli Azərbaycan Xalq Partiyası II Qurultayında partiyanın sədri seçilmişdir.

Pənah Hüseyn 97 qurultay iştirakçısının 59-nun iştirakı ilə keçirilən 25 iyul 2015-ci il tarixli Azərbaycan Xalq Partiyası III Qurultayında 59 səs alaraq partiyanın sədri seçilmişdir.

Pənah Hüseyn 11 dekabr 2022-ci il tarixli Azərbaycan Xalq Partiyası V Qurultayında yekdilliklə partiyanın sədri seçilmişdir.

2025-ci ilin dekabrında Azərbaycan Xalq Partiyasının VII növbədənkənar qurultayında istefasını qəbul olunub.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan baş nazirləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycanın dövlət katibləri Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri