Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov () — Azərbaycan yazıçısı və dramaturqu.

Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.

Moskvadan müəllimi Həsən bəy Zərdabi ilə məktublaşan, təzəcə işıq üzü görən "Əkinçi"yə publisist məqalələr göndərən tələbə Vəzirov "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) məzhəkələri ilə dramaturji yaradıcılığa başlayıb. Bakı neft sənayesindən, milli burjuaziyanın təşəkkülündən bəhs edən ilk pyes "Pəhlivanani zəmanə" (1898–1900) də Nəcəf bəy Vəzirova məxsusdur.

1917-ci ildə Rusiyada baş vermiş inqilabın ardınca Sovet rejimi hakimiyyəti qurulduqdan sonra, Nəcəf bəy Vəzirov Sovet Xalq Torpaq Komissarlığının Meşə İdarəsində müfəttiş vəzifəsinə təyin edilmişdir. O, bu vəzifəni ömrünün sonuna qədər icra etmiş, paralel olaraq teatr və tərcümə işləri ilə məşğul olmağa davam etmişdir. Ömrünün son günlərində, həkimlərin "daha işləməməlisən" xəbərdarlığına baxmayaraq, tələbələri ilə birlikdə Şamaxının Çuxuryurd kəndinə səfərə çıxmışdır. O, 1926-cı il iyulun 9-da burada ürək çatışmazlığından vəfat etmişdir.

Həyatı Nəcəf bəy Fətəli oğlu Vəzirovun doğum tarixi ilə bağlı müxtəlif məlumatlar mövcuddur. Yazıçının doğum tarixi ilə bağlı aparılan araşdırmalarda 2 aprel 1854 və 11 aprel 1854 tarixlərinə rast gəlinir. Bəzi mənbələrdə bu tarix 15 fevral və 17 fevral olaraq da qeyd edilib. Vəzirovun doğum ili bağlı da Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan arxiv sənədlərində fərqli tarixlər mövcuddur. Arxivdə saxlanılan pasport və üzvlük qeydlərində Vəzirovun doğum tarixi 1859 kimi göstərilmişdir. Azərbaycan SSR Xalq Komissarlığı tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində isə 1856-cı il tarixi qeyd olunmuşdur. 1913-cü ildə "Səfa" cəmiyyəti tərəfindən Vəzirovun şərəfinə təşkil olunmuş 40 illik yubiley mərasimində isə 1854 tarixi göstərilmişdir. Bütün bu fərqli tarixlərə baxmayaraq, müəllif özü 1913-cü ildə qələmə aldığı "Tərcümeyi-halım" əsərində doğum tarixini 1854 kimi qeyd etmişdir.

Nəcəf bəy Azərbaycanın Şuşa şəhərində Fətəli bəyin ailəsində dünyaya göz açıb. 14 yaşına qədər Şuşa şəhərində yaşayan Vəzirovun təbiətə olan marağı da burada formalaşıb. Babası Nəcəfqulu bəy, atası Fətəli bəy Qarabağın Zümürxaç kəndinin bəylərindən olub. Əvvəllər zəngin bir ailə həyatı yaşayan Vəzirovlar zamanla çətinliklərlə üzləşmiş və ailə getdikcə yoxsullaşmağa başlamışdır. Yoxsulluq daha çox Nəcəf bəy Vəzirovun atasının dövründə müşahidə edilir. Fətəli bəy gec evlənsə də, dörd övladı olub: Nəcəf bəy, Məmməd bəy, Güllü xanım və Əftab xanım. Fətəli bəy, atasının adını yaşatmaq üçün ilk övladına Nəcəf adını vermişdir.

Atasının xəstəliyi səbəbindən iş qabiliyyətini itirmiş, ailənin yükünü Nəcəf bəyin anası Mina xanım öz üzərinə götürmüşdür. Mina xanım Azərbaycanın məşhur Mehmandarovlar nəslindən olan Həsən bəy Mehmandarovun qızı idi. Kifayət qədər imkanlı qohumları olmasına baxmayaraq, Vəzirov ailəsi onlardan heç bir dəstək görməyib. Vəzirov bu çətin dövrləri "Tərcümeyi-halım" əsərində belə təsvir edir: …Bizim həyatımız nəhayət dərəcədə üsrətlə keçirdi. Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb pul qazanmaqla saxlayırdı. Qohum-qardaşlarımızın bizə kömək etməmələrindən dolayı rəhmsizlikləri məni çox dilgir və mütəəssir edirdi. О vaxtlar mənim yadıma düşdükcə indi də ürəyim parə-parə olur." Uşaqlığı Şuşa şəhərində keçən Nəcəf bəy 1866-cı ilə məktəbə göndərilir. O bu barədə "Tərcümeyi-halım"da yazır: Məni 12 yaşında məktəbə göndərdilər. 3 ayın içində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şuşa şəhərində mülkiyyə məktəbinə verdilər. Burada məni bir müəllimə ilə tanışdırdılar ki, qardon üzərində yazılmış rus əlifbasını mənə təlim etsin. Mənim yeni müəllimim məni haqq və nahaqqa ya qardon ilə və ya əli ilə döyərdi. Axırda bu işgəncələrə dözməyib məktəbdən qaçmağa məcbur oldum. Nəcəf bəyin məktəbə bu qədər gec başlamasının səbəbi ailənin maddi vəziyyətinin yaxşı olmaması idi. Yazıçının "Tərcümeyi-halı"ndan da göründüyü kimi, ilk il məktəbdə uğurlu nəticələr göstərir, daha sonra Şuşa Mülki Məktəbinə daxil olur. Lakin bu məktəbdə əsli erməni olan müəllimi Mxırtıçın haqsız davranışları və döyməyə qədər çatan işgəncələri səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır. Nəcəf bəyin Şuşa məktəbindən qaçması qohumları arasında fərqli mənalarda şərh olunmağa başlayır. "Tənbəl" və "qabiliyyətsiz" kimi ittihamlarla üzləşən Vəzirov, bu vəziyyəti öz lehinə çevirərək güclü bir əzmkarlıq göstərmişdir. Ana tərəfdən bir qohumu, "heç olmasa rus dilini öyrənib gələcəkdə ailəsini dolandıra bilsin" düşüncəsi ilə ona təhsil verməyə başlayır. Lakin onun bu rəftarı Vəzirovu razı salmır ki, 1868-ci ildə daha yaxşı təhsil almaq üçün anasını geridə qoyaraq Bakıya yollanır:

"1868-ci ildə anamın göz yaşlarına baxmayıb, dərs oxumaq üçün Bakıya getdim."

Nəcəf bəy Vəzirovun Bakıya gəldiyi dövrlərdə şəhər sənaye və ticarət sahələrində sürətli inkişaf dövrünü yaşayırdı. Neft şəhərdə böyük dəyişikliklərə səbəb olmuşdu. Bu dövrdə Vəzirov Bakıda yerləşən "Realnı Gimnaziya"ya daxil olmaq qərarına gəlir. Burada keçirilən müsahibədə tarix və coğrafiya suallarına cavab verə bilməsə də, hazırcavablığı və zəkası sayəsində məktəbin ikinci sinfinə qəbul olmağa nail olur. Bu məktəbdə təbiət elmləri ilə yanaşı, rus dili və ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, alman dili, fransız dili və təbiətşünaslıq dərsləri tədris olunurdu. Realnı Gimnaziya Nəcəf bəy Vəzirovun həyatında müsbət təsir göstərmiş, onun fikir dünyasının formalaşmasında mühüm rol oynamışdır. Bu məktəbdə Vəzirov rus klassik yazarların əsərlərini orijinaldan oxumaq imkanı əldə etmişdir.

İlk il məktəbə yeni başlaması və dərslərin çətin olması səbəbindən Nəcəf bəy bir qədər çətinlik çəksə də, sinfini keçməyi bacarır. Sonrakı illərdə, xüsusilə son sinifdə yüksək nailiyyət göstərərək, 1874-cü ildə məktəbi fərqlənmə ilə bitirir. Nəcəf bəyin Bakıda rus məktəbində aldığı bu təhsil onun gələcəkdə yaradıcılığına böyük təsir göstərmişdir.

Bakının sənaye şəhərinə çevrilməsi mədəni həyatını da əhəmiyyətli dərəcədə zənginləşdirmişdi. Şəhərdə fəaliyyət göstərən zəngin repertuarlı rus teatrları gənclərin fikirlərini sərbəst ifadə etmələrinə şərait yaratmış, oxumuş müsəlman gənclərin milli teatr yaratmaq, öz dillərində əsərlər yazıb səhnələşdirmək arzusunu daha da gücləndirmişdi. 1873-cü ildə altıncı sinifdə oxuyarkən teatrla tanış olan Nəcəf bəy bu hadisənin onun üzərində böyük təsir buraxdığını xatirələrində qeyd edir. Ertəsi gün təbiət elmləri müəllimi Həsən bəy Məlikov (Zərdabi) ilə görüşən Nəcəf bəy müsəlmanların teatr sahəsindəki vəziyyətini soruşur və aldığı cavablardan ruhlanaraq dərhal fəaliyyətə başlayır. Vəzirov 1873-cü il mart ayının 10-da Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəzirinin sərgüzəştləri", aprel ayının 17-də isə "Hacı Qara" komediyalarını müəllimi Zərdabinin rəhbərliyi ilə səhnəyə hazırlayır. Azərbaycanda ilk dəfə bir müsəlman yazıçının əsəri səhnələşdirilir və Nəcəf bəy "Hacı Qara" tamaşasında qadın rolunda çıxış edir. Tamaşa tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır və hətta əsərin müəllifi Mirzə Fətəli Axundzadə tərəfindən yüksək qiymətləndirilir. Beləliklə, milli Azərbaycan teatrının əsası qoyulur. Nəcəf bəy bu hadisə barədə yazır:

…Qırx il bundan əvvəl, 1873-cü ildə, altıncı sinifdə oxuduğum vaxt ilk dəfə Rus teatrına getdim. O gecə məni həddən artıq təsirləndirdi. Teatrın necə bir şey olduğunu anladım. Ertəsi gün gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına müraciət edib soruşdum ki, bizim dilimizdə teatr əsərləri, yəni ya komediya, ya da faciə varmı? Həsən bəy Məlikov mərhum Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tapdı. Bu komediyanı internatda olan müsəlman şagirdləri ilə birlikdə səhnələşdirmək üçün hazırlığa başladıq. Hər gün nahardan sonra internatın yemək otağında məşq edirdik. Hazırlıqlarımıza Həsən bəy Məlikov cənabları tamaşa edirdi, amma şagirdləri mən məşq etdirirdim. Hacı Qara rolunu sabiq Gəncə şəhər qlavası Əsgər bəy Adıgözəlov-Gorani oynayırdı. Mən isə qadın rolunu götürdüm. Tamaşa günü çoxlu insan vardı, əksəriyyəti ermənilərdən idi. Bakı qubernatoru mərhum Staraselski də həyat yoldaşı ilə gəlmişdi. Bizim bu tamaşamız camaata çox xoş gəldi. Tamaşadan sonra qubernatorun tərcüməçisi mərhum Həsən bəy Nəbibkov bizi qonaq etdi. Həmin gecə müəllimimiz Həsən bəy Məlikov, teatr əsərinin müəllifi Mirzə Fətəli Axundzadəyə təbrik teleqramı göndərdi. Mirzə Fətəli Axundzadə isə iki səhifəlik böyük bir razılıq məktubu yazdı. Məktubun sonunda isə əlavə etmişdi: "Bu gün Hacı Qara əsərini səhnədə göstərməklə mənim ömrümə on il əlavə etdiniz.Nəcəf bəy gimnaziyada oxuduğu illərdə səylə çalışır. Bu zaman o təhsilini davam etdirmək barədə düşünürdü. Maddi çətinliklər səbəbindən pulsuz ali təhsil almağın mümkün olmadığını anlayan Vəzirov gimnaziyada oxuduğu illərdə müəyyən məbləğ qarşılığında varlı uşaqlarına dərs deyir, aldığı əmək haqqını toplayırdı. Ona bu işdə müəllimi Həsən bəy Zərdabi də köməklik göstərirdi. O yazır:

Gimnaziyada oxuduğum axırıncı iki ildə başqalarına dərs deməyə başladım. Gecələr saat onbirədək məşğul bulunurdum, ondan sonra öz dərslərimi oxuyardım və asudə olan vaxtlarımı da məzhəkə yazmağa sərf edərdim. Məktəb idarəsi gimnaziyada mənə bir otaq vermişdi. Çox çalışmaqdan bədənim zəifləmişdi. Gimnaziyanın qutaranadək 600 manat toplamışdım. Bu paradan savayı heç kəsdən müavinət gözləntim yox idi.1874-cü ilin iyun ayında Nəcəf bəy Vəzirov Bakıdakı gimnaziyadan məzun olub, ali təhsil almaq məqsədilə Moskvaya yola düşür. 1874-cü ilin avqustunda isə Peterburqa gəlir. Peterburqda imtahan verərək darülfünuna qəbul olur. Lakin burada ağır xəstəliyə tutulur və Moskvaya geri qayıtmaq məcburiyyətində qalır. 1874-cü ilin sentyabrında Moskvaya gəlir və burada Petrovski-Razumovski Meşə və Torpaqşünaslıq Akademiyasının Meşəçilik fakültəsinə daxil olur.

Moskvaya qayıtdığı zaman topladığı 600 manat puldan geridə 80 manat pulu qalmışdı. Vəzirov bu illəri barədə yazır:

1874-cü ilin sentyabrın 27-də Moskvaya gəldim və Petrovsk Akademiyasına qəbul oldum. O zaman cəmi səksən manat pulum qalmışdı. Bunun əlli manatını təhsil haqqı olaraq ödədim. Elə bir vəziyyətdə idim ki, halımı yalnız Allah bilərdi. Soyuq havası olan Moskvada üstümə örtmək üçün bir yorğanım belə yox idi. Gecələr üstümə yalnız dünyada malik olduğum yeganə şey — bircə köhnə palazımı çəkirdim. Bu palaz da mənim bərbad vəziyyətim kimi elə bir halda idi ki, onu yalnız öküzlərin üstünə örtməyə yaraşırdı. Palaz altında yatmağım səbəbilə ləqəbim "Dərviş" qaldı.

Vəzirov tezliklə akademiyadan təqaüd qazanır və maddi vəziyyəti bir qədər yaxşılaşır.