Rinoplastika (qədim yunanca: rhis, rhinos-burun+qədim yunanca: plastike-heykəltəraşlıq, formalaşdırma)— burnun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, eləcə də olmayan burnun tam bərpa edilməsidir.

İnsanlar burunla əlaqəli tənəffüs problemlərini, travma nəticəsində yaranan və ya anadangəlmə qüsurları düzəltdirmək məqsədilə, yaxud sadəcə burun formalarından narazı olduqları üçün rinoplastikaya üz tuturlar.

Rinoplastika ilə cərrahın burnunuzda edə biləcəyi mümkün dəyişikliklər bunlardır:

Ölçüdə dəyişiklik; Bucaqda dəyişiklik; Körpünün düzəldilməsi; Uc hissənin yenidən formalaşdırılması; Dəliklərin daraldılması.

Rinoplastika sağlamlıqdan çox görünüşünüzü yaxşılaşdırmaq üçün ediləcəksə, yəni sırf estetik burun əməliyyatıdırsa, burun sümüyünün tam formalaşmasını gözləməlisiniz. Qızlar üçün bu, təxminən 15 yaşdır. Oğlanlar bundan daha çox gözləməlidirlər. Məcburi hallarda isə, yəni tənəffüsün pozulması müşahidə olunduqda burun əməliyyatı daha erkən yaşlarda edilə bilər.

Ümumi məlumat Rinoplastika- bu, plastik cərrahiyyəninyalnız olmayan burnun və onun hissələrinin qüsurlarının canlı toxumalarla əvəz edilməsi yolu ilə yenidən bərpa edilməsi üsullarını deyil, həm də burnun anadangəlmə və qazanılmış düzgün olmayan formalarının cərrahi yolla düzəldilməsi üsullarını öyrənən bölməsidir. Rusiyalı professor P.İ.Dyakonov bu cərrahi müdaxilə haqqında yazırdı: "Rinoplastika adı ilə də məşhur olan eybəcərləşdirilmiş burnun düzəldilməsi əməliyyatı plastik cərrahiyyənin ümumi qaydalarının əməli surətdə tətbiq edilməsinin xüsusi hallarından biridir". Plastik əməliyyatın qarşısında duran məsələ embriogenez mərhələsində və ya hər hansı bir xəstəlik və yaxud da mexaniki (travmatik) zədələnmə nəticəsində pozulmuş düzgün formaların bərpa edilməsindən ibarətdir.

Tarix Rinoplastika üzrə ilk əməliyyatlar hələ çox-çox əsrlər əvvəl qədim Hindistanda, Ərəbistanda və İranda həyata keçirilmişdir. Burnun bərpa edilməsi texnikası özünün tarixi inkişafında üç mərhələdən keçmişdir. Birinci mərhələ təxminən b.e.ə.1000 il əvvəl Hindistanda başlamışdır. Cərrahlar bu mərhələdə rinoplastika üçün alın, yanaq, sağrıdan alınan toxuma parçalarından istifadə edirdilər. Rinoplastikanın ikinci inkişaf mərhələsini 1450-ci ildən 1760-cı ilə qədər Avropada keçmişdir, bu zaman əl, yanaqlardan alınan dəri parçalarından istifadə edilmiş, eyni zamanda da alından parça alınması texnikası təkmilləşdirilmişdir. Rinoplastikanın üçüncü inkişaf mərhələsini 1760-cı ildən başlanmışdır. Astar və dayaqla dəri parçalarından istifadə etməyə başlanmışdır, sümük dayağının yaradılması, burnun selikli qişasının bərpa edilməsi ilə bağlı məsələlərin öyrənilməsinə başlanmışdır. Rinoplastika məsələlərinə həsr edilmiş genişelmi ədəbiyyat meydan gəlmişdir.

Qədimdə rinoplastika Rinoplastika haqqında ilk xatırlatmalara qədim hind manuskripti Susrutas Ayur Veda-da rast gəlmək mümkündür. Ayurveda ("Həyat bilgisi") qədim hind ədəbi abidəsidir. Onun əsasında Qədim Hindistan tibbi haqqında təsəvvür əldə etmək mümkündür. Ayurveda demək olar ki, toplanmış biliklərin elmi tədqiqatlara əsaslandığı ilk tibbi əsərdir. Ancaq xəstəliyin gedişi ərzində müdaxiləyə və onların müalicəsində ilahi, fövqəltəbii qüvvələrin gücünə daha çox yer ayrılmış, dini ayinlər təsvir edilmişdir. Bu əsər bir çox onilliklər ərzində, tədricən yaradılmışdır. "Ayurveda" –nnı qədim redaksiyası həkim Atreyə, daha sonrakı redaksiyası-həkim Xarakeyə (Çarakeyə), daha çox qorunub saxlanılan redaksiyası isə Suşriteyə məxsusdur. "Suşrita-samxita" — cərrahiyyə haqqında traktatdır. Hindistanlı cərrahlar əməliyyatların keçirilməsi zamanı sterilliyə riayət edilməsində əhəmiyyətli uğurlara nail olmuş, cərrahi alətlərdən məharətlə istifadə etmişlər. Onlar döyüşlərdə və ya hakimin hökmünə əsasən itirilmiş və şikəst edilmiş burun, qulaqlar, dodaqların bərpa edilməsi texnikasını mənimsəmişdirlər. Rinoplastika zamanı yanaq dərisindən istifadə edərək burnu bərpa edirdilər. Sonralar transplantatı alın nahiyəsindən alırdılar. Bunun üçün alından qidalanan hissədən dəri parçası kəsirdilər. Parçada qan dövranı saxlanılırdı ki, bu da onun tez bir zamanda uyğunlaşmasına səbəb olurdu. Bu üsulun çatışmazlığı dərinin götürüldüyü yerdə çapığın qalması idi. Hindistanın bir çox cərrahları rinoplastika texnikasını mənimsəmişdilər. Bu texnika get-gedə daha çox təkmilləşdirilmişdir. İngiltərəli alimlər C. Findey və T. Krusso 1494-cü ildə Bombeydə gördükləri rinoplastika əməliyyatının təsvirini verirlər. İngiltərəli hərbi cərrah Lyukas rinoplastika əməliyyatını icra etməyi öyrənmiş və daha sonra hind texnologiyasını tətbiq edərək, xəstələr üzərində çox sayda əməliyyat aparmışdır.

Orta əsrlərdə rinoplastika Rinoplastika texnikasını əvvəlcə italiyalı cərrahlar mənimsəmişlər. XV əsrin birinci yarısında yaşamış siciliyalı cərrah Branka üz dərisindən burun hazırlamaq sənətinə yiyələnmişdi.

Branka ailəsinin cərrahlarının rinoplastika ilə harada tanış olduqları məlum deyil. Bəlkə də buna ərəblər və ya misirlilər səbəb olmuşdular. Bəlkə də bunun italiyalı səyyahlarla bir əlaqəsi var idi. Antonio Branka rinoplastikanın italyan üsulunun yaradıcısıdır. Sonradan rinoplastika müxtəlif ailələrə mənsub olan digər italiyalı cərrahlar tərəfindən mənimsənilmişdir. Vianeo ailəsinin tələbələrindən biri "plastik cərrahiyyənin atası" Qaspare Talyakossa (Gaspario Tagliacozzi, 1546–1599) idi. Zaman keçdikcə o, Bolonya universitetində tibb və anatomiya üzrə professor olmuşdur. Bu italiyalı cərrah ilk dəfə elmi nöqteyi-nəzərdən rinoplastikanı və onun cərrahiyyə üçün əhəmiyyətini təsvir etmişdir. O, həmçinin ilk dəfə bu sənəti geniş şəkildə işıqlandırmış və onu Avropanın bütün cərrahları üçün mümkün etmişdir. Qaspare Talyakossa plastik cərrahiyyə üzrə özünün bütün tədqiqatlarını 1597-ci ildə Venesiyada 2 cilddə dərc edilən "De Chirurgia Curtorum Per Insitionem" əsərində ifadə etmişdir. Qaspare Talyakossa 1599-cu ildə vəfat etdikdən sonra İtaliyada rinoplastikanın çox az sayda davamçıları qalmışdır. Onun işləri tələbəsi olan Covanni Kortezi (Giovanni Battista Cortesi, 1554–1636) tərəfindən davam etdirilmişdir. Zaman keçdikcə bu əməliyyat bir sıra səbəblərdən Avropada demək olar ki, 200 il ərzində unudulmuşdur. Rinoplastika XVIII əsrdə Avropadakı dirçəlişinə görə hindli cərrahların rəhbərliyi altında rinoplastika əməliyyatı sənətinə yiyələnməyi özləri üçün təhqiredici, alçaldıcı saymayan Şərqi Hindistan şirkətinin cərrahlarına minnətdar olmalıdır.

Rinoplastika yeni zamanda Rinoplastika XIX əsrin əvvəlində avropalı cərrahlar tərəfindən qəti şəkildə qəbul edilmişdir. İngiltərəli cərrah C. K. Karpyu (J. C. Carpue) burunun bərpa edilməsi texnikasını Kəlküttədə mənimsəmişdir. O, Londonda cərrahi təcrübə ilə məşğul olaraq, rinoplastika texnikasını təkmilləşdirmişdir. Alman cərrahı Karl Ferdinand fon Qrefe (ata) (Carl Ferdinand Graefe, 1787–1840) 1811-ci ildə yanaq dərisindən qismən rinoplastika əməliyyatı icra etmişdir, o, yaxınlıqda yerləşən sahələrindən dəri götürərək kiçik qızın burnunun ucunu bərpa etmişdir. Almaniyada rinoplastikanın yeni üsullarını mənimsəməyə başlamışlar. 1816-cı ildə Qrefe Q. Talyakossanın metodu üzrə burnu bərpa etmişdir. Yeni italyan metodu dirçəlməyə başlamışdır. Qrefenin digər bir xidməti də ondan ibarətdir ki, o, rinoplastikanın italyan üsuluna cərrahların əvvəlki diqqətini qaytarmış və rinoplastikanın yeni metodlarının meydana gəlməsinə səbəb olmuşdur. Qrefenin yeni italyan üsulu və Kapryunun hind üsulu aseptik dövrə qədər Avropada cərrahlar tərəfindən geniş surətdə tətbiq edilməyə başlanmışdır. Bu cərrahlar parça kəsilməsi texnikasına öz təkmilləşdirmələrini daxil etmişlər. Məsələn, məlumdur ki, Byunger 1823-cü ildə bir xəstənin budundan dəri parçası kəsmiş və onu buruna köçürmüşdür; ancaq dəri parçasının böyük bir hissəsi ölgünləşmişdir, lakin toxumanın qismən bitişməsi də baş vermişdir. Ancaq yalnız İohann Fridrix Differbax (Dieffenbach Johann Friedrich, 1792–1847) cərrahlara müxtəlif xəstəlik formalarında plastik cərrahiyyənin əsaslarını tətbiq etməyi öyrədərək plastik cərrahiyyəyə yüksək dəyər gətirmiş və bu məsələyə istənilən halda yalnız ikinci dərəcəli rol oynayacaq kosmetik baxımdan yanaşmaqdan vaz keçmişdir. Sonuncu və bir çox baxımdan heç də az əhəmiyyət daşımayan addım zədələnmiş və ya kifayət qədər inkişaf etməmiş hissələrdə (xüsusilə də burun və damaq nahiyəsində) çatışmayan sümük əsasını yerinə yetirmək üçün plastik əməliyyatlar zamanı ilk dəfə sümük üstlüyündən (sümüyün üstünü örtən birləşdirici toxuma qişası) istifadə edilməsində yaxşı nəticə əldə edən Bernqardt Rudolf Konrad f. Langenbek (B. R. K. Langenbeck, 1810–1887) tərəfindən atılmışdır. O, sümük üstlüyünün sümüyün regenerasiyasında fəal surətdə inkişaf etməsinə əsaslanmışdır. B. Langenbek burun dəlikləri və çəpəri üçün alından ikiqat artırmaq üçün uclarında üç ağızlı parça kəsmiş, bundan başqa bu parçanı alında çəpinə vəziyyətdə yerləşdirmişdir. Amerikalı C. Rok 1887-ci ildə burun ucunun düzəldilməsi üzrə əməliyyat icra etmiş və əməliyyatın nəticələrini onun aparılması texnikasının təsviri ilə birlikdə dərc etdirmişdir. Rusiya imperiyasında rinoplastika problemləri ilə N. İ. Piroqovun V. A. Karavayev, A. A. Kiter, P. Y. Nemmert və b. kimi tələbələri və ardıcılları məşğul olmuşlar. Kiyevli professor Vladimir Afanasyeviç Karavayev 12 orijinal əməliyyat təklif etmişdir ki, onların da arasında plastik əməliyyatlar üstünlük təşkil edir. 1840-cı ildə dərc edilən "Sağlamlığın dostu" jurnalında onun "Rinoplastika, burnun sağ tərəfinin, sağ dəliyinin və çəpərinin yaradılması" adlı məqaləsi işıq üzü görmüşdür. Bu məqalədə o, özünün əməliyyatının aparılması metodikası barədə də məlumat vermişdir. "Bir yerdən götürülərək digər yerə köçürülən dəri parçası, -V. Karavayev yazırdı, — həyatın yeni təsirlərinə tabe olur, ona görə də digər həyatı və əvvəlkindən doğma orqanizmdən fərqli tamamilə başqa orqanizmi qəbul edir. Əgər kimsə burnun indi qığırdaq möhkəmliyinə malik olan və burnun ucu üçün əla dayaq rolu oynayan yenidən yaradılmış çəpəri üzərində araşdırma apararsa, onun yanağın yağlı və yumşaq dərisindən yarana biləcəyinə inanmaqdı". V. A. Karavayev həmçinin alından alınan dəri parçasından burun körpüsünün düzləşdirilməsi metodunu, burun qanadı qüsurunun bərpa edilməsi üsulu, yuxarı dodaqdan burun çəpərinin yaradılmasını təsvir etmişdir. Rinoplastika zamanı cərrahlar tərəfindən uzun müddət bərpaetmə (zədələr, xəstəlik və anadangəlmə qüsurlar zamanı) məqsədi güdülmüşdür, estetik amillər isə yalnız əsas məqsədi müşayiət edirdilər. Budur, XIX əsrin sonunda estetik aspektləri də nəzərə alaraq, əməliyyatlar keçirməyə başlayırlar. Bu məsələdə ilk cığırı açan Roçesterdən olan həkim, fındıqburnun korreksiyası metodikasını təsvir edən Con Orlando Roy (1848–1915-ci illər) olmuşdur. O, ilk dəfə qapalı əməliyyat üsulunu təklif etmişdir. O, həmçinin burun profilinin dərialtı korreksiyası, onun ölçülərinin azaldılması və donqarın götürülməsi metodikasını işləyib hazırlamışdır. Bir qədər sonra Royla birlikdə estetik rinoplastikanın atası adını bölüşən Jak Jozefin analoji mövzu ilə bağlı əsəri dərc olunmuşdur. Məhz o, üzdə korreksiyaedici və rekonstruktiv əməliyyatların əsas prinsiplərini formalaşdırmışdır. 1900–1901-ci illərdə burnun yəhərşəkilli deformasiyasının düzəldilməsi zamanı burun çəpəri qığırdağının uğurla köçürülməsi haqqında məlumatlar yayılmışdı. 1965-ci ildən başlayaraq qapalı burun əməliyyatları icra edən həkim Tsope, Xutsidze Vaxtanq Qalaktionoviç (plastik cərrah, otorinolarinqoloq) Sovet dövrünün əfsanəvi plastik cərrahı idi, 1984-cü ildə moskvalı kinodokumentalistlər tərəfindən lentə alınan "Məni gözəl edin" sənədli filmi onun fəaliyyətini əks etdirirdi.

Zədələnmədən sonra cərrahi müdaxilə thumb|250px|18 yaşlı qızın donqar burnu Burun zədələndikdən sonra iki problem meydan gəlir: burun tənəffüsü çətinləşir və burnun forması dəyişir.