İsgəndər Məcid oğlu Həmidov () — Azərbaycan siyasətçisi, polisi, Birinci Qarabağ müharibəsi iştirakçısı, milliyətçisi, keçmiş daxili işlər naziri (1992–1993), Milli Məclisin deputatı (1990–1995).

Atası NKVD zabiti olan Həmidov sonradan Bakıya köçmüş, burada OBXSS rəisi vəzifəsində çalışmışdır. "Çaykənd" əməliyyatında iştirak edən Həmidovun nüfuzu "20 Yanvar" faciəsində yaralılara kömək etməsindən sonra artmış, Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən birinə çevrilmişdir. O, 15 may 1992-ci ildə prezident Ayaz Mütəllibovun devrilməsində əhəmiyyətli rol oynamış, ardınca daxili işlər naziri təyin edilmişdir. Vəzifədə olduğu dövrdə Bakıda çoxlu əməliyyatlar keçirmiş, cinayətkar dəstələrlə mübarizə aparmışdır. Həmçinin, onun komandanlıq etdiyi dəstələr "Goranboy" əməliyyatında da iştirak etmiş, Naxçıvanda hakimiyyətdə Heydər Əliyevin devrilməsi üçün muxtar respublikaya hərbi desant göndərmişdir. Vəzifəyə gəldikdən sonra Həmidovun fəaliyyəti çərçivəsində insan haqları pozuntuları müşahidə olunmuşdur. O, bir neçə jurnalisti yazılarını bəyənmədiyinə görə döymüş, canlı efirə daxil olaraq AzTV-dəki verilişin qonaqlarını təhqir etmişdir. General-leytenant rütbəsinə qədər qalxan Həmidov Kəlbəcərin işğalından sonra istefaya getmişdir.

İsgəndər Həmidov milliyətçi, antikommunist və Türkiyəmeylli idi. O, Rusiya əleyhdarı idi, eləcə də Azərbaycanın hansısa xarici qüvvə tərəfindən idarə edilməsi fikrinə qarşı idi. O, Bozqurd Partiyasını (sonralar Azərbaycan Milli Demokrat Partiyası) yaratmış, türkçü milislərə komandanlıq etmişdir.

1995-ci ildə həbs olunan Həmidov Avropa Şurası tərəfindən siyasi məhbus kimi qiymətləndirilmişdir. O, 2003-cü ildə prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunmuş, 2008-ci ilə qədər AzMDEP-nin sədri olmuşdur. Həmidov bir müddət siyasətdən uzaqlaşmış, sonradan Demokratik Qüvvələrin Milli Şurasına qoşulmuş, 2014-cü ildə isə müstəqil siyasətçi kimi fəaliyyətinə davam etmişdir. O, 2015-ci il parlament seçkilərində bitərəf namizəd kimi iştirak etmiş, lakin seçki nəticələrində ikinci yerdə çıxmışdır. Həmidov 2019-cu ildə Azərbaycan Xalq Hərəkatının həmtəsisçisi olmuşdur. O, 2020-ci ildə vəfat etmişdir.

Erkən illəri və ailəsi İsgəndər Məcid oğlu Həmidov 10 aprel 1948-ci il tarixində Azərbaycan SSR-nin Kəlbəcər rayonu ərazisində yerləşən Bağlıpəyə kəndində anadan olmuşdur. Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi. "İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də, o, bunu təkzib etmiş, türkəsilli və Kolanı tayfasına mənsub olduğunu bildirmişdir.

İsgəndər Həmidov evli idi, iki övladı var. Onun həyat yoldaşı Rəna Həmidova 2016-cı ildə xərçəngdən vəfat etmişdir. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov qardaşıdır. O, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi və 26 fevral 2016-cı ildə vəfat etmişdir. Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə jurnalistdir.

Həmidov orta təhsilini Tərtər rayonunda almış, 1965-ci ildə oradan məzun olmuşdur. Həmin il o, paytaxt Bakıya köçmüş, burada universitetə qəbul olmuş və hüquq ixtisası üzrə məzun olmuşdur. Həmidov 1980-ci illərdə Bakı şəhəri Sabunçu Rayon Xalq Daxili İşlər Komissarlığının Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə İdarəsinin (OBXSS) rəisi vəzifəsində çalışmışdır. Bu dövrdə o, Azərbaycan Kommunist Partiyasının üzvü idi. Sovet dövründə yığdıqları rüşvət hesabına şəxsi ordu yaradıb saxta yollarla polkovnik rütbəsi alanlardan fərqli olaraq, Həmidov həm dolanışığını, həm də rütbəsini özü qazanmış, hərbiləşdirilmiş polis təlimindən keçmişdi.

İlkin siyasi fəaliyyəti

Azadlıq hərəkatı

İsgəndər Həmidov SSRİ-nin süqutu dövründə, 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən olmuşdur. 19 yanvar 1990-cı ildə, gecə saatlarında İsgəndər Həmidov Sovet Ordusuna bağlı qoşunların Bakı şəhərinə daxil olacağı barədə məlumat gəlmişdir. O, çatdırılan məlumatı yoxlamaq üçün "Salyan" kazarmasına sifariş edilən çörəklərin sayını öyrənmiş və oradakı heyətin sayının kəskin şəkildə artdığını aşkar etmişdir. Növbəti gün Həmidov Leytenant Şmidt adına maşınqayırma zavoduna (indiki Səttarxan adına maşınqayırma zavodu) getmiş, oradakı aksiyaçılara Sovet Ordusunun şəhərə daxil ola biləcəyi barədə xəbərdarlıq vermişdir. Bundan sonra sovet qoşunları şəhər küçələrində qırğına başlamışdır. Həmidov qırğın zamanı yaralıları və meyitləri daşıyaraq yerli əhaliyə kömək etməyə çalışmışdır. O, 21 yanvarda Daxili İşlər Nazirliyinin həyətinə çağırılmışdır. Bu zaman SSRİ-nin Daxili İşlər naziri Vadim Bakatin gündüz saatlarında nazirlik binasına daxil olmuşdur. O, burada Həmidova əlini uzatmış, Həmidov isə onunla əl sıxmaqdan imtina etmiş, Bakatinə onun əllərinin Azərbaycan xalqının "qanına bulandığını" demişdir.

Bundan sonra Həmidovun xalq arasındakı nüfuzu artmışdı. O, artıq Azərbaycan Xalq Cəbhəsinin (AXC) liderlərindən birinə çevrilmiş, hərəkatın sədr müavini olmuşdu. O, 1991-ci ilin yazında keçirilmiş DİN-in həyata keçirdiyi "Halqa" əməliyyatında iştirak etmişdir. Həmidov mart ayında SSRİ-nin saxlanılmasıyla bağlı referenduma qarşı çıxmışdır. Həmidovun nə vaxt və necə siyasi hakimiyyətə gəldiyi məlum deyil. Şahidlərə görə, müstəqilliyin ilk dövründə Azərbaycan Prezidenti Ayaz Mütəllibov Moskvada müalicə olunarkən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibinə zəng edərək Həmidovun Sumqayıt dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə deputat seçməyi tapşırmışdır. Ali Sovetin sədri Elmira Qafarovanın imzaladığı 25 may tarixli qərara görə, İsgəndər Həmidov öz xahişi ilə nəqliyyat, rabitə və informatika məsələləri komissiyasının tərkibindən çıxarılmışdır.

Mütəllibov hakimiyyəti 200px|left|thumb|Azərbaycan Prezidenti Ayaz Mütəllibov. 1992-ci il. Ələkrəm Hümbətovun başçılarından olduğu cəbhəçi dəstələr sovet binasını ələ keçirmişdi. "Lənkəran" batalyonunun rəhbərləri ilə yaxın əlaqəsi olan Hümbətovun öz hərbi hissəsi yox idi. Hümbətov çoxlu silah qurtarmışdı, ona görə də Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Mütəllibovun kabinetinə girmiş, Hümbətovun cənubda batalyon qurmağa icazə verilməsi nail olmuşdur. 1991-ci ilin dekabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası gedən Əlizadə İsgəndər Həmidov və digər cəbhəçilərin rəhbərlik etdiyi etirazçılarla rastlaşmışdır. Müdafiə naziri general-leytenant Valeh Bərşadlının vəzifəsindən azad edilməsini tələb edən etirazçılar Əlizadəni döymüş, başına ağır əşya ilə zərbə endirmişdir. Müdafiə Nazirliyinə bağlı qoşunlar etirazçılara müdaxilə etmiş, Əlizadə və ərazidə olan jurnalist Çingiz Mustafayevi hadisə yerindən çıxarmışdır. Buna baxmayaraq, Həmidov digər cəbhəçilər Rəhim Qazıyev, Etibar Məmmədov və Fəhmin Hacıyevlə birlikdə müdafiə nazirinin kabinetinə daxil olmuş, burada Bərşadlını təhqir edərək onun istefasını tələb etmişdir.

Çox keçməmiş, Mütəllibov 11 dekabrda Bərşadlını vəzifəsindən azad etmiş, onun yerinə respublika hərbi komissarı olmuş Tacəddin Mehdiyevi təyin etmiş, ona general-mayor rütbəsini vermişdir. Mehdiyev hərbi akademiyadan məzun olmuş, Sovet Ordusu sıralarında rütbəsi artmışdı. Buna baxmayaraq, 26 dekabrda cəbhəçilər yenə Müdafiə Nazirliyinin binasına daxil olmuş, Mehdiyevin istefasını tələb etmişdir. Müdafiə naziri cəbhəçiləri silahdan istifadə etməklə təhdid etmiş, İsgəndər Həmidov və siyasi müttəfiqləri binadan çıxmışdır. Bunun ardınca nüfuzunu artırmaq istəyən Mehdiyev Daşaltı əməliyyatını həyata keçirmiş, lakin uğursuz olmuşdur. Mehdiyev vəzifəsindən azad edilmiş, əvəzinə 1992-ci ilin fevralında Tahir Əliyev müdafiə naziri təyin edilmişdir.

May hadisələri

Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu. Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər təyin edildiyini demişdir. Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi. Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir. Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Bu dövrdə İsgəndər Həmidov Bozqurd Partiyasını (sonralar Azərbaycan Milli Demokrat Partiyası) yaratmış və onun rəhbəri olmuşdur. Onun partiyası və milislərinin, adlanmaya baxmayaraq, Türkiyədəki türkçülər ilə əlaqələsi az idi və Həmidov özü Türkiyədəki ülkücü ocaqlarına bağlılıq təklifindən imtina etmişdir. O, Mütəllibovun devrilməsi prosesi əsnasında partiyasının üzvlərini avtobusa yığmış, Şamaxıya yollanmışdır. Burada Mütəllibovun həmyerliləri onun hakimiyyətə qayıtması üçün etiraz aksiyası keçirirdi, lakin Həmidov və dəstəsi etirazçılara hücum etmiş, onları döyərək susdurmuşdu.

Hər halda, 14 mayda Azərbaycan Ali Soveti yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi. AXC bunu dövlət çevrilişi kimi qiymətləndirmiş, Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı. Onlar əvvəlcə Mütəllibova ultimatum göndərmiş, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücuma başlamışdır. Mütəllibov hakimiyyətdə qalmaq üçün rus qüvvələrinin köməyinə ümid bəsləsə də, Rəhim Qazıyevin səyləri nəticəsində ondan məhrum olmuşdu.

15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə küçələrə axın etmişdir. 10 min etirazçı ilə Milli Məclisin binasına doğru irəliləyirdi. Moskva mehmanxanası yaxınlığında boş güllələrlə atəş açılmağa başlanılmışdır. Panikaya səbəb olan hadisəyə görə İsgəndər Həmidov huşunu itirmiş və Milli Təhlükəsizlik Nazirliyinin binasına aparılmışdır. Hər halda, Həmidov kollonanın önünə keçmiş və qolundan yaralanmışdır. O, ardınca dəstələri ilə birlikdə parlament binasına və televiziyaya basqın etmişdir. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi. Həmidov 7 iyunda keçiriləcək prezident seçkilərinə qədər hakimiyyətdə qalmağı nəzərdə tutulan müvəqqəti hökumət tərəfindən daxili işlər naziri təyin edilmişdir.

Daxili işlər naziri

İlkin fəaliyyəti Həmidov vəzifəyə gələn kimi Bakı boyunca əməliyyatlar aparmağa başlamışdır. O, polisin müdafiə fonduna vergi ödəməkdən imtina edən mağazalarını bağlamış, şəhərin "Kubinka" adlanan ərazisində əməliyyat keçirərək qanunsuz formada əldə edilmiş tonlarla kürünü, eləcə də odlu silahı ələ keçirmişdir. Həmidov "Tövbə" Cəmiyyətinin rəhbəri Hacı Əbdülü və təşkilatın digər üzvlərinin arxasına düşərək onları həbs etmişdir. İddialara görə, Həmidov Maştağada müqavimət göstərən Hacı Əbdül ilə əlbəyaxa dava etmişdir. Onun polis qüvvələri Dağıstandan keçən qanunsuz silahları aşkar etmək üçün şəxsi avtomobilləri və taksiləri saxlayırdı. Həmidovun fəaliyyəti nəticəsində yayın sonuna yaxın Bakıda sakitlik yaranmışdı, lakin DİN-in əməllərində şəxsi həyatın toxunulmazlığı və insan hüquqları pozuntuları da müşahidə olunmuşdu. Həmidov həm cinayətkarlığa qarşı apardığı mübarizə, həm də cəbhədəki uğurlarına görə Azərbaycanda populyarlıq qazanmışdı.