thumb|200px|right|Nizami küçəsində Nəsir İmanquliyevin yaşadığı binanın üzərində xatirə lövhəsi

Nəsrulla Əsədulla oğlu İmanquliyev () — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976).

Həyatı Nəsirulla Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925–1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir.

Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934–1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır.

Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur. 1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu bitirən Nəsir İmanquliyev 1947-ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. O, Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında dərs demişdir.

Nəsir İmanquliyev 1948–1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Təhsilini iki ilə başa vurmuşdur. O, daha sonra təhsilini 1948–1955-ci illərdə Moskva Ali Partiya Məktəbində qiyabi olaraq davam etdirmişdir. 1958-ci ildə Nəsir İmanquliyev "Bakı" qəzetini yaratmış və 10 yanvar 1958-ci ildə qəzetin ilk nömrəsi işıq üzü görmüşdür. "Bakı" qəzeti 1958–1988-ci illərdə işıq üzü görmüşdür. Həmçinin 1963–1988-ci illərdə "Баку" qəzeti rus dilində fəaliyyətə başlamışdır. Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.

Nəsir İmanquliyev 1965-ci ildə "Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycanda sənaye və nəqliyyat işçilərinin əmək fəallığının sürətləndirilməsi uğrunda mübarizədə "Kommunist" qəzetinin rolu" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "N. Ə. İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Sərəncam imzalamışdır. Yenə həmin ildə Ömər Eldarovun müəllifliyi ilə yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetində xatirə lövhəsi açılmışdır. 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilmişdir.

Ailəsi Nəsir İmanquliyev Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurmuş və bu evlilikdən onların yeganə qız övladı, görkəmli şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlmişdir. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anasıdır.

Fəaliyyəti

Kitabları "Zəhmətkeşlərin əmək qəhrəmanlığı uğrunda"(1967) "Jurnalistika məsələləri"(1966)

Məqalələri

Ölümü Nəsir İmanquliyev 7 mart 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 29 dekabr 1971 "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" fəxri adı — 19 mart 1976 "Azərbaycan SSR Əməkdar jurnalisti" fəxri adı — 4 may 1990

İstinadlar

Xarici keçidlər "Mətbuat Fədaisi" Sənədli film. "Mətbuat fədaisi" — Nəsir İmanquliyev

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan jurnalistləri