Nardaran hadisələri — 26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş, 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma.

Həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, digər 5 nəfər isə qəsəbə sakinləri olmuşdur (onlardan biri daha sonra xəstəxanada keçinib). Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçirib, barrikadalar qurub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıblar. Hər iki tərəf insidentə görə bir-birini günahlandırır.

Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1–2 dekabr 2015-cil tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu iddia olunub.

Hadisədən əvvəlki vəziyyət Nardaran ölkənin paytaxtı, Bakı şəhərindən 40 km uzaqlıqda yerləşən, kasıbçılıq və işsizlik kimi problemləri olan qəsəbədir. O, 1991-ci ildən bəri dindarlığı ilə digər Bakı kəndlərindən seçilir. Beləki, Azərbaycan İslam Partiyası və s. kimi islamçı təşkilatlar məhz bu qəsəbədə yaranmışdır.

Qəsəbə sakinləri 2000, 2002 və 2006-cı illərdə kütləvi etiraz aksiyaları keçirmişdir. 2002-ci ilin iyun ayında keçirilmiş etiraz aksiyasında həm polis əməkdaşları, həm də qəsəbə sakinlərinin ölümü ilə nəticələnən böyük qarşıdurma yaranmışdır. Həmin hadisədən sonra polis və hüquq mühafizə orqanları Nardarana elə də güclü müdaxilə edə bilməmişdir. Daxili İşlər Naziri Ramil Usubovun bildirdiyinə görə hadisələrə qədər Nardaranda polislə 23 dəfə qarşıdurma qeydə alınıb.

Sonrakı illərdə islamçı ideologiyaya sahib Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırzadə və digərlərinin həbsindən sonra qəsəbədə vəziyyət getdikcə gərginləşmişdir. Ən son qarşıdurma 6 noyabr 2015-ci ildə Bakıxanov qəsəbəsində Müsəlman Birliyi Hərəkatının idarə heyətinin sədri Elçin Qasımlının həbsindən sonra yaranmışdır.

Hadislərdən qabaq Nardaran Bakıda yeganə yaşayış məntəqəsi idi ki, burada divarları əksəriyyəti ərəb əlifbası ilə yazılmış dinə-ibadətə çağırışlar bəzəyirdi. Divarlarda "Hər gün Aşura, hər yer Kərbəla", "Ya Hüseyn", "Qadınların ən qiymətli zinəti hicabdır" kimi şüarlara rast gəlmək olardı. Sakinlərdən birinin sözlərinə görə, burada qızlar 1-ci sinifdən başlayaraq, çoxu könüllü, hicab bağlayır. Digər sakin qəsəbədə qızların adətən 5–6-cı sinifdən sonra oxumadıqlarını, valideynlərin qızları məktəbdən tez çıxardıqlarını deyib, yuxarı siniflərdə də oxuyan oğlanların bilik səviyyəsinin aşağı olduğunu bildirib.

Hadisənin baş verməsi Atışmada hər iki tərəf bir-birini günahlandırır və hadisəni öz baxış açısından qiymətləndirir.

Rəsmi məlumat Azərbaycan Respublikası Daxili işlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu hadisənin "respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi" kimi qiymətləndirmişdir. Hər iki qurumun verdiyi rəsmi məlumata görə, həbs edilən şəxslər Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaratmışlar, Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Dövlət qurumlarının iddialarına görə, silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.

Hər iki qurumun rəsmi məlumatına görə, həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü öldürülüb (daha bir nəfər hadisədən sonra Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib). Daha bir neçə nəfər yaralanıb. Toqquşma nəticəsində iki polis əməkdaşı — polis serjantı Vüqar Əyyub oğlu Nəsibov və polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev öldürülüb. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Polislə atışma zamanı ölənlərdən biri Gəncə, biri Masallı, digər 3 nəfər isə Nardaran sakinidir.

Ertəsi gün həlak olan polislərin dəfn mərasimi keçirilib. Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb və yaylım atəşi açılıb. Hər iki polis işçisi ölmündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni və "İgidliyə görə" medalı ilə təltif ediliblər.

Nardaran sakinlərinin məlumatı Kənd cavanlarının bir qismi hakimiyyət kanallarının hadisə ilə bağlı doğru məlumat vermədiklərini bildiriblər və bu səbəbdən ATV, İTV kanallarının çəkilişinə mane olub, əməkdaşlarına xəsarət yetiriblər.

Əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun həyat yoldaşının sözlərinə görə Məhərrəmliyin 40 mərasiminə hazırlıq zamanı evdə ehsan verilirmiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət olunmuşdu. Bünyatovanın sözlərinə görə, namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər, səs bombasından, güllədən istifadə etdilər. Nardaran sakinlərinin sözlərinə görə Taleh Bağırov 20 gündür ki qəsəbədə idi və polisin qəsəbəyə gəlməsinə səbəb Taleh Bağırovun namaz zamanı çıxışı olub. Həmin günü o evdə 20 nəfərə yaxın adamın olduğu da bildirilib.

Özünü atışma şahidi kimi təqdim edən şəxs polislərin kəndə mebel daşıyan yük maşınında daxil olduqlarının və Hacı Tale Bağırzadənin qonaq olduğu evə silahlı hücum təşkil etdiklərini bildiriblər. Onun sözlərinə görə polis avtomat silahlardan istifadə edərək evə daxil olub, Hacı Talehi və 20-yə yaxın adamı da özləri ilə aparıblar.

Qadınlardan biri əməliyyat zamanı kənd sakinlərinin silahdan istifadə etmədiklərini və polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyib.

İnsidentdən sonra baş verən hadisələr Hadisədən sonra Sabunçu rayon Polis İdarəsinin qarşısı polis nəzarəti ilə gücləndirilib. Əlavə olaraq Çevik Polis Alayının əməkdaşları idarənin qarşısına gətirilib. Polis yaxınlıqdakı binalarda yaşayanların eyvana çıxmasına icazə vermir. Polis binasının ətrafındakı avtomobil yolları bağlanıb.

Toplanış və etirazlar Hadisədən sonra qəsəbə sakinləri "İmam Hüseyn" meydanına toplaşıb, qəsəbəyə aparan yollara daş tökərək yolları bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxmayıblar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb..

"Azadlıq" radiosunun verdiyi məlumata görə, etirazçılardan bəziləri Molotov kokteyli hazırlayıblar, meydanın mərkəzində qəsəbəyə girən yollara daş, dəmir tökülüb..

Noyabrın 29-da Nardaran Ağsaqqallar Şurasının verdiyi qərardan sonra Nardaran sakinləri tərəfindən "İmam Hüseyn" meydanı boşaldılıb. Dekabrın 1-də insidentdə ölən silahlı dəstə üzvlərinin meyitləri Nardarana gətirilib və qəsəbə qəbiristanlığında dəfn olunublar.

Digər bölgələrdə baş verən hadisələr Bundan əlavə ertəsi gün Gəncə şəhərində də hadisə baş verib. Belə ki, sakinlərdən birinin əl qumbarasını polisə atmağa cəhd edərkən həbs edildiyi, digər şəxsin isə tutulub, üzərindən "TT" markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürüldüyü iddia olunub. ARDİN mətbuat xidmətinin iddiasına görə, tutulan şəxslər "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinə dəstək məqsədilə hərəkət ediblər. Noyabrın 30-da Gəncədə "Müsəlman birliyi" hərəkatına dəstək verən 6 nəfər saxlanılmış, yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilib götürüldüyü iddia edilmişdi.Nardaranda əməliyyat keçirilir. Elə həmin gün Neftçala rayonunda Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilindiyi iddia olunan iki nəfər saxlanılıb, hər iki şəxsin evində aparılan axtarış nəticəsində bir ədəd odlu silah aşkar olunduğu iddia edilib.

1 dekabr əməliyyatı 2015-ci il dekabr ayının 1-də saat 08.00-da Nardaranda xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Belə ki, hökumətin planına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və polis hissələrinin müəyyən sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olaraq, müəyyən edilmiş yerlərdə postlar qoyub. Xüsusi əməliyyat zonasında Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər və Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərib. Əməliyyatı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz nəzarəti altına götürüb.

Əməliyyat nəticəsində qəsəbənin küçə və meydanlarından dini simvollar götürülüb, mərkəzi küçələrdəki şüarlar, digər elementlər, kənd sakinləri tərəfindən asılan dini bayraqlar Nardaranda bayraqlar yığışdırılır götürülüb, barrikadaların qalıqları təmizlənib. Dini bayraqlar Azərbaycan bayraqları ilə əvəz olunubNardaranın mərkəzində Azərbaycan bayrağı asıldı. Saxlanılanlar olub, bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü iddia olunub.. Nardaran qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun sözlərinə görə 19 nəfər saxlanılıb. Natiq Kərimov evində silah saxlayan şəxslər varsa onları silahları təhvil verməyə çağırıb.

Daxili İşlər Naziri Ramil Usubovun sözlərinə görə, silahı könüllü təhvil verən şəxslər barəsində cinayət işi başlanılmayacaq. Nazir iddia edib ki, 2 gün keçirilən əməliyyat nəticəsində qəsəbədə 6 avtomat silah, çoxlu sayda tapança, partlayıcı maddələr, partlayıcı qurğular götürülübRamil Usubov Nardaran hadisələrinə görə tutulanların sayını açıqladı.

Münasibət

Ekspertlərin fikri Politoloq Elçin Mirzəbəyli Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib ki, həmin hadısəni törədən radikalların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Nardaranda baş verən hadisələrdə İranın izi var və qəsəbədə təxribat törədən şəxslər İranın agentləridirlər.