Cəfər İslam oğlu Hümbətov () — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sabiq sədri, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi.

Həyatı Cəfər Hümbətov 2 fevral 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olub. 1966–1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb. 1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1977–1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib.

1979-cu ildə Naxçıvan MSSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-ci ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.

Birinci kateqoriyalı məşqçi-müəllimdir. 1989-cu ildən sərbəst güləş üzrə Milli dərəcəli hakimdir.

İctimai-siyasi fəaliyyəti Cəfər Hümbətov 1993-cü ildə Naxçıvan MR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub. 1995-ci ildə komitə ləğv olunaraq Naxçıvan MR Gənclər və İdman Nazirliyi yaradılıb. Cəfər Hümbətov isə nazir vəzifəsinə təyin olunmuşdur. 2000-ci ilədək Naxçıvan MR Gənclər və idman naziri vəzifəsini daşımışdır.

2000-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin direktoru vəzifəsində işləyir.

Təltifləri Cəfər Hümbətov 1990-cı ildə Azərbaycan Respublikasının "İdman əlaçısı" adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2006-cı il tarixli sərəncamı ilə Cəfər Hümbətova "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adı verilib. Sərbəst güləş üzrə idman ustalığına namizəddir.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirləri