Respublika Velosiped Treki və ya Respublika Velotreki — Azərbaycanda, Bakı metrosunun "20 yanvar" stansiyası yaxınlığındakı idman qurğusu. Rövşən Cəfərov 8, Nəsimi, Bakı ünvanında yerləşir.
Tarixi Respublika Velotreki 20 hektar ərazini əhatə edir. Azərbaycan Velosiped Federasiyasının (AVİF) balansındadır.
Respublika Velotreki bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ilk dəfə 1980-ci il Moskva Yay Olimpiya Oyunları ərəfəsində inşa olunub. 1990-cı illərin əvvəllərində Velotrek baxımsızlıq üzündən bərbad vəziyyətə düşüb və ərazisinin böyük bir hissəsi idmanla heç bir əlaqəsi olmayan müxtəlif qurumlar tərəfindən zəbt edilib.
R. Səfərov küçəsi 1 ünvanında "Velotrek" MMC-yə məxsus ticarət mərkəzi fəaliyyət göstərir. 2014-cü ilin əvvəlində yayılan məlumatlara görə, sözügedən ticarət mərkəzinin sökülməsi planlaşdırılmışdı. İddialara görə, ticarət mərkəzinin sahəsi "Velotrek"in ərazisinin genişləndirilməsi üçün nəzərdə tutulmuşdu. "Tolkuçka" Bakı Beynəlxalq Avtovağzalı ərazisində yerləşən ticarət mərkəzinə köçürülməli idi. Məlumata görə, bu köçürülmə avtovağzalda Avtovağzal metrostansiyasının açılışı ilə bağlı idi. Buna baxmayaraq, "20 Yanvar" ərazisində fəaliyyət göstərən ticarət mərkəzi "Velotrek" MMC-nin nəzdində qalmışdır.
2015-ci ildə Respublika Velotrekində geniş tikinti və yenidənqurma işləri başa çatmışdır. Ərazidə 4 mərtəbəli 4500 kv.m-ə yaxın sahəsi olan bina tikilib. Binanın bir mərtəbəsi yalnız velosipedlərin saxlanılması və onlara texniki qulluq göstərilməsi üçün nəzərdə tutulan otaqlardan ibarətdir. Digər qatlarda AVİF-in ofisi, konfrans zalı və digər yardımçı otaqlar da yerləşir. Velotrekin girişində velosiped satışı və icarəsi üçün mağaza, eləcə də insanların istirahəti üçün kafe fəaliyyət göstərir. Burada təmirdən sonra trek üzrə məşqlər və daxili yarışlar üçün istifadə olunması nəzərdə tutulmuşdur. Tribuna da qurulmuşdur.
2016-cı ildə velotrekin direktoru Həsən Abdullayev olmuşdur. 2022-ci ildə bu vəzifəni Mirzəyev Ceyhun Akif oğlu yerinə yetirmişdir.
2025-ci ildə Respublika Velotreki əsaslı təmir və yenidənqurma işlərindən sonra müasir tələblərə cavab verən infrastruktur və yüksək səviyyəli xidmətlərlə idmansevərlərin istifadəsinə verilib. Velosiped sürməyi öyrənmək istəyən şəxslər təcrübəli məşqçilər tərəfindən təşkil olunacaq qrupların tərkibində məşqlərdə iştirak edə bilərlər. Təmir işlərindən sonra idman qurğusunda müasir standartlara uyğun Velotrek, Velosiped icarəsi xidməti, trenajor zalı, minifutbol meydançası, peşəkar həkim nəzarəti, duş və paltardəyişmə otaqları yerləşdirilmişdir.
BMX Veloparkı Respublika Velosiped Trekinin balansında olan BMX Veloparkı 1970-ci illərdən fəaliyyət göstərir. 2015-ci ildə yenidən qurulub. Kompleksin ərazisi 30 hektardır. Velosiped zolaqları, BMX Velosiped yarışları üçün maneəli meydança, 2 mərtəbəli tikili bina, müxtəlif iş, həkim və idmançılar üçün nəzərdə tutulmuş otaqlar var. Səbail rayonu Salyan şosesi, Dostluq parkı 10 ünvanında yerləşir.
Tədbirlər 2015 2015-ci ilin sentyabr ayında Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb. İştirakçılar arasında Azərbaycanın trek yığmasının aparıcı üzvləri, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) nüfuzlu turnirlərinin qalib və mükafatçısı Olqa İsmayılova və Sergey Omelçenko da iştirak ediblər.
Qadınların sprint, eləcə də kişilərin keyrin mübarizəsi yığma komandamızın liderlərinin qələbəsilə başa çatıb. Bununla da həm Olqa İsmayılova, həm də Sergey Omelçenko Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq aktivlərinə 30 reytinq balı əlavə ediblər. Bu isə idmançılarımızın Dünya Kuboku turnirində iştirak hüququna yiyələnməsi mənasında olduqca böyük əhəmiyyət kəsb edir.
Digər növlərə gəlincə, qadınların 500 metr məsafəyə fərdi ötüşməsində "Atasport" klubunun təmsilçisi Ülfət Nəzərli, kişilərin 1000 metr məsafəyə mübarizəsində və omnium yarışında "Lokomotiv" klubunun nümayəndəsi Məhəmməd Ələkbərov, kişilərin xalla qrup ötüşməsində "Synergy Baku / Neftçi İdman Klubu İctimai Birliyi"ndən Samir Cəbrayılov və nəhayət kişilərin 3 km məsafəyə fərdi izləmə yarışında "Synergy Baku" komandasının üzvü Tural İsgəndərov Azərbaycan çempionu adına layiq görülüb.
Mükafata layiq yerlər tutan idmançılar Azərbaycan Velosiped Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.
2015-ci ilin noyabrında Respublika Velotrekində Yasamal rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 18 komanda iştirak edib. Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə Bakı Avropa Liseyinin komandası layiq görülüb. 13 və 158 saylı məktəblərin komandaları müvafiq olaraq 2-3-cü yerləri tutublar.
2016 Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi Rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib. 6 oktyabr 2016-cı ildə rayonun 5 orta məktəbinin 150-dək şagirdi arasında ilk yarış keçirilib. Yarışın yekununda fərqlənən məktəblərin komandaları final mərhələsinə vəsiqə qazanıblar.
2026 2026-cı ilin fevralında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə "Velotrek" MMC-yə məxsus ticarət mərkəzində "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirilib. FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub. Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
2026-cı ilin may ayında velosiped idmanının trek növü üzrə gənc oğlanlar arasında keçirilən Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Respublika Velotrekində təşkil edilən yarışda 2008/2009-cu il təvəllüdlü oğlanlar mübarizə aparıblar. Velosipedçilər çempionatda fərdi ötüşmə, çıxmaqla qrup ötüşməsi, omnium və sprint növlərində qüvvələrini sınayıblar
İstinadlar
Xarici keçidlər
facebook səhifəsi Respublika Velotreki
Kateqoriya:1980-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakıda idman Kateqoriya:Velotreklər